Məhkəmə qərarları › İş №2(060)-1778/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1778/2025

10.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1778/2025 10.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: 1.İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona məxsus Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, ev 331A -da (**********000) saylı koda əsassız olaraq hesablanmış 653,90 manat məbləğində borcun silinməsi dair qətnamə çıxarılmasını xahiş etmişdir. 2.İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, ev 331A -da xx.xx.2011-ci il tarixdə onun adına kod (**********000) açılaraq 2 nəfər ailə tərkibinə uyğun olaraq hesabat aparılıb. Cavabdehin nümayəndələri ona məxsus olan ünvanda 10 yanvar 2025-ci il tarixə 653,90 manat borc hesablamışlar. Borcun araşdırılması ilə bağlı cavabdeh təşkilata getdikdə məlum olmuşdur ki, hesabat kod açılan tarixdən 2 nəfər ailə tərkibinə uyğun olaraq aparılmışdır. Qeyd edir ki, o, qızı X1 ilə qeyd olunan ünvanda xx.xx.2019-cu il tarixədək məcburi köçkün kimi yaşayıblar və həmin vaxtadək xidmətlərdən istifadəyə görə ödənişlər həyata keçirilib. xx.xx.2019-cu il tarixdən qeyd olunan ünvanda yaşayış olmayıb. xx.xx.2025-ci il tarixdə Sumqayıt Bələdiyyəsi “Xəzər” Bağçılıq Cəmiyyəti ərazisi üzrə 1 saylı Məhəllə Komitəsi tərəfindən verilmiş arayışda da ünvanda yaşayış olmaması öz təsdiqini tapmışdır. O, qızı ilə birlikdə xx.xx.2019-cu il tarixdən bu günədək Sumqayıt şəhəri, 12-ci mikrorayon, Koroğlu küçəsi, “ 1005 ailəlik” X2 məcburi köçkün qəsəbəsində müvəqqəti olaraq məskunlaşaraq yaşayırlar. xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhər və Şabran rayon Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş arayışda onun qızı ilə birlikdə xx.xx.2019-cu il tarixdən Sumqayıt şəhəri, 12-ci mikrorayon, Koroğlu küçəsində yerləşən məcburi köçkün qəsəbəsində müvəqqəti məskunlaşmaqları öz təsdiqini tapmışdır. Cavabdeh tərəfindən xidmətlərə görə hesablanmış borc əsassızdır. Hesablanmış borc məbləği ilə razı deyil və məhkəməyə müraciət etmək məcburiyyətindədir. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, şəhid yoldaşı olduğu üçün ona və övladına dövlət tərəfindən 2019-cu il tarixdə ev verilmişdir və o da həmin evə köçüb orada yaşamağa başlamışdır. Beləliklə borc yazılmış ünvanda yaşamadıqları halda evə ailə tərkibinə görə su borcu yazılmağa davam etmişdir. Əvvəlki yaşadıqları evlə bağlı onlara kitabça verilmişdir. Onu da bildirir ki, cərimə yazılan evi kirayə verməyibdir. Həmin evdə sadəcə qızının cehiz əşyalarını saxladıqları üçün cüzi formada yalnız işıqdan istifadə olmuşdur. İddiaçı qeyd edilənlərin nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. Hesabat 2 nəfər ailə tərkibinə uyğun olaraq aparılmışdır. Qeyd edir ki, mənzildə sayğac olduğu halda adambaşına hesabat aparılmır. Hesab edir ki, iddia tam əsassızdır və rədd edilməlidir. Nümayəndə qeyd edilənlərin nəzərə alınmasını və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. 5.Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 6.İş materiallarında olan abonent kartından görünür ki, İddiaçı ilə "xxxx" ASC (hazırda “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi) arasında bağlanmış müqaviləyə əsasən ünvan 3 (abonent kartında - ünvan 2 ünvanında su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə 653.90 manat məbləğində borc hesablanmışdır. 7.İşdə olan xx.xx.2025-ci il tarixli, 44 nömrəli və xx.xx.2025-ci il tarixli 14 nömrəli arayışlardan görünür ki, İddiaçı himayəsində olan övladı X1 ilə birlikdə ünvan 3 ünvanında xx.xx.2019-cu ildən etibarən yaşamır, müvəqqəti olaraq ünvan 4 ünvanında məskunlaşmışdır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

8. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçının istifadəsində olan ünvan 3 (abonent kartında - ünvan 2 ünvanında yerləşən bağ sahəsinə xx.xx.2011-ci il tarixdə bağlanmış müqaviləyə əsasən sudan istifadəyə görə hesablama 2 nəfər ailə tərkibinə görə aparılmış və nəticədə iddiaçıya 653.90 manat borc hesablanmışdır. İddiaçı xx.xx.2019-cu il tarixdən sözügedən bağ sahəsində yaşamadığını bildirərək həmin borcun silinməsini xahiş edir. Cavabdeh isə iddia tələbini qəbul etmir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydalarının” 4.1.3-cü bəndinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişi həyata keçirilməsini istehlakçı təmin etməlidir. 10.“Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 30-cu maddəsinin birinci hissəsində göstərilmişdir ki, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). 11.Həmin Qanunun 61-ci maddəsinin 1-ci bəndində göstərilir ki, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. 12.Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). 13.Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmişdir. 14.Belə ki, iddiaçı məhkəmə iclasında verdiyi izahatında xx.xx.2019-cu il tarixdən etibarən cavabdeh tərəfindən borc hesablanmış ünvanda, yəni ünvan 5 Bu hal, yəni iddiaçının mübahisəli evdə yaşamaması iş materiallarında olan xx.xx.2025-ci il tarixli, 44 nömrəli və xx.xx.2025-ci il tarixli 14 nömrəli arayışlarla öz təsdiqini tapır.

15. Digər tərəfdən iddiaçının xx.xx.2019-cu il tarixdən yaşadığını iddia etdiyi ünvan 6 ünvanına dair abonent kartından görünür ki, həmin ünvanda 2019-cu il tarixdən hal-hazıradək sudan və tullantı sularının axıdılması xidmətlərindən istifadə olunmuş və mütəmadi olaraq ödənişlər edilmişdir.

16. Məhkəmə hesab edir ki, iddiaçının 2 nəfər ailə tərkibi ilə iki ünvanda eyni anda yaşaması və eyni anda sudan istifadə etməsi mümkünsüz olduğundan, məhkəməyə təqdim edilmiş sübutlardan isə iddiaçının ünvan 6 ünvanında daimi olaraq yaşadığı, ünvan 7şamadığı öz təsdiqini tapdığından iddiaçıya ikinci ünvana görə sudan istifadə ilə əlaqədar borc hesablanması onun bir istehlakçı kimi hüquqlarını pozur.

17. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi tərəfindən Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, ev 331A (abonent kodu: **********000) ünvanına sudan istifadəyə görə hesablanmış 653.90 manat məbləğində borc silinməlidir. 18.Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır.

Nəticə hissəsi: 19.Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

İddia təmin edilsin. Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik hüquqi şəxsi tərəfindən Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, ev 331A (abonent kodu: **********000) ünvanında sudan istifadəyə görə hesablanmış 653,90 (altı yüz əlli üç manat doxsan qəpik) manat məbləğində borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar