Məhkəmə qərarları › İş №2(060)-1788/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1788/2022

18.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1788/2022 18.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra – iddiaçı) “Azəriqaz” İstehsalat Birliyinə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən sayğaca dəymiş zərərə görə hesablanmış 135 manat məbləğində borcun və sayğacın dəyərinə görə hesablanmış 64,67 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən köhnə G-4 markalı sayğac yeni sayğacla əvəz olunmuşdur. Əvvəlki məişət qaz sayğacı dövlət yoxlanılmasına göndərilmişdir. Cavabdeh tərəfindən 30.11.2020-ci il tarixdə ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib olunmuş və həmin aktda qeyd olunur ki, sayğacın hesablama mexanizminin plasmas qapağının üzərində olan iki zavod qurğuşun plombundan biri kəsildiyi üçün sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Həmin akta əsasən sayğacın dəyərinə görə 64,67 manat, sayğaca dəymiş zərərə görə 135 manat borc hesablanmışdır. Hazırda iddiaçı cavabdeh tərəfindən akt əsasında ona hesablanmış borcla razı olmadığına görə həmin borcun silinməsi ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətindədir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsi ilə oxşar məzmunlu izahat verdi, əlavə olaraq bildirdi ki, sayğac mənzildən kənarda yerləşir. Onun tərəfindən sayğaca heç bir müdaxilə olunmayıb. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmiş və bu barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surəti ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1959-cu ildə, Qubadlı rayonunda anadan olmuş, Qubadlı rayonu, Qubadlı şəhəri ünvanında qeydiyyatdadır. Cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında 06.10.2020-ci il tarixli, ******* saylı akta əsasən iddiaçıya məxsus mənzilin qaz sayğacı növbəti dövlət yoxlamasına aparılmış və yeni qaz sayğacı ilə əvəz edilmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30.11.2020-ci il tarixli, ******* saylı akta əsasən 23.11.2020-ci il tarixdə dövlət yoxlamasına gətirilmiş sayğacların müayinəsi laboratoriyasının rəyinə görə G-2,5 markalı, 00216192 nömrəli sayğacın hesablama mexanizminin plastmas qapağının üzərində olan iki zavod qurğuşun plombdan biri kəsilib. Aktda dəymiş ziyanın hesablanması nəzərdə tutulmuşdur. Həmin akt əsasında cavabdehin itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən 30.11.2020-ci il tarixdə iddiaçıya 1350 kub metr qaz sərfiyyatı hesablanmışdır. İddiaçıya aid ünvanın abonent saldosunda iddiaçıya akt əsasında 135,16 manat borc hesablandığı göstərilmişdir. Cavabdehin iddiaçıya ünvanlanmış məktubunda bildirilmişdir ki, iddiaçının ünvanında məişət qaz sayğacı dövlət yoxlamasına göndərilmiş və Metrologiya Departamentinin verdiyi rəyə əsasən sayğacın hesablama mexanizminin plastmas qapağının üzərində olan iki zavod qurğuşun plombdan biri kəsildiyindən sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Müdaxilə edilmiş sayğacın dəyəri 64,67 manat ödənilməlidir. Əks təqdirdə hüquq mühafizə orqanlarına müraciət olunacaqdır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na əsasən qaz sayğaclarının üzərində AİBNDAnın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır (4.6.). Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır (4.7.). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8.). Normaların məzmunundan göründüyü kimi fiziki şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Zədələnmiş qaz sayğaclarının dəyəri o vaxt istehlakçı tərəfindən ödənilə bilər ki, zədələnmə onun təqsiri üzündən baş versin. Lakin cavabdeh qaz sayğacının iddiaçının təqsiri ucbatından zədələnməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya borcun hesablanması üçün əsas olmuş halları sübut edə bilməmişdir. İddiaçı iddia ərizəsində ona akt əsasında hesablanmış 135 manat borcun və sayğacın dəyərinə görə ondan tələb edilən 64,67 manat pulun silinməsini xahiş etmişdir. Abonent saldosundan görünür ki, akt əsasında iddiaçıya 135,16 manat borc hesablanmışdır. Bu səbəbdən iddia təmin edilməli, iddiaçıya akt əsasında və sayğacın dəyərinə görə hesablanmış borclar silinməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı yaşadığı ünvan 2 ünvanına 30.11.2020-ci il tarixli, ******* nömrəli akta əsasən hesablanmış 135 (yüz otuz beş) manat və sayğacın dəyərinə görə ondan tələb edilən 64 (altmış dörd) manat 67 (altmış yeddi) qəpik məbləğində borclar silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar