Məhkəmə qərarları › İş №2(060)-1796/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1796/2023

11.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1796/2023 11.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 2-ci mikrorayon ünvanında yerləşən, 38B/44 saylı evin, 3-cü mənzili mülkiyyət hüququ ilə iddiaçının mərhum atası X3 məxsus olmuşdur. İddiaçının mərhum atası 15 mart 2021-ci ildə vəfat etmişdir. Sumqayıt şəhəri, 2-ci mikrorayon ünvanında yerləşən, 38B/44 saylı evin, 3-cü mənzili iddiaçının mərhum atası sağlığında ona bağışlamışdır. Hal-hazırda sözügedən mənzil iddiaçının mülkiyyətindədir. Cavabdeh tərəfindən tərtib edilmiş abunə haqqında arayışa əsasən elektrik enerjisinə görə iddiaçının borcunun məbləği hal-hazırda 1108,20 manat təşkil edir. O, bu borc məbləği ilə razılaşmır. Belə ki, həmin borc məbləği mənzilə sayğac qoyulmamışdan əvvəlki dövrə, yəni 2008-ci ildən əvvəlki dövrə aiddir. 2008-ci ildə iddiaçının mənzilinə elektrik sayğacı quraşdırılmışdır. İddiaçı sayğac quraşdırdıqdan sonra istifadə etdiyi elektrik enerjisinin dəyərini vaxtlı-vaxtında cavabdehin hesabına ödəmişdir. Cavabdeh tərəfindən elektrik enerjisinin sərfiyyatına görə borc sayğac göstəricisinə görə yox, orta sərfiyyat normalarına əsasən hesablanmışdır. Həmin borc 2000-2008-ci illəri əhatə edir. İddiaçının mərhum atası X5 l dərəcəli müddətsiz əlil olmuşdur. İddiaçının atası İ Qarabağ müharibəsi veteranı olmuşdur. Bunu M/V № 070799 saylı Azərbaycan Respublikasının müharibə veteranı vəsiqəsi və 029026 №-li əlillik vəsiqəsi təsdiq edir. İddiaçı 21 sentyabr 2017-ci ildə X4 ilə nikaha girərək soyadını “Əzizova”dan “Seyfullayeva”ya dəyişdirmişdir. İddiaçının mərhum atasının X9 müraciəti əsasında həmin borc bağışlanaraq silinmişdir. Cavabdeh tərəfindən xx.xx.2023-cü idə ona təqdim edilmiş xəbərdarlıq bildirişindən də borcunun olmaması göstərilmişdir. Göstərilənlərə əsasən elektrik enerjisinə görə yaranmış 1108,20 manat borcun iddia müddətinin tətbiq edilməsi ilə əlaqədar olaraq silinməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X6 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

6. İşin materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş **********02358 saylı kod üzrə abunə haqqında arayışdan görünür ki, Əzizova məxsus ünvan 2 ünvanına sayğac oxunması üzrə 1307,95 manat, aktlar bölməsi üzrə 145,39 manat borc hesablanmışdır. Abonentin cari borcu isə 124,34 manat təşkil edir.

7. İşin materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş **********02358 saylı kod üzrə abunə haqqında arayışdan görünür ki, Əzizova məxsus ünvan 2 ünvanına 1108,20 manat Azərenerji borcu hesablanmışdır.

8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Sumqayıt şəhəri, 2-ci mikrorayon ünvanında yerləşən, 38B/44 saylı evin, 3 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə xx.xx.2018-ci il tarixdə ********** nömrə ilə qeydiyyat aparılmışdır.

9. İşin materiallarında olan AZ-İİ № 171340 saylı «ölüm haqqında şəhadətnamə»nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

10. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, 2-ci mikrorayon ünvanında yerləşən, 38B/44 saylı evin, 3 saylı mənzili Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətindədir. Həmin ünvana aid elektrik sayğacının abonent kodu isə X1 adında qalmışdır. İddiaçı məlum olmuşdur ki, həmin mənzilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 1108,20 AZN məbləğində borc hesablanmışdır.

11. Həmçinin məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, istehlakçı tərəfindən sayğaca hər hansı bir müdaxilə edilməsi və ya hansısa qanun pozuntusunun törədilməsinə dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 12.Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

13. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır.

14. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri — cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir.

16. Göstərilən Qaydaların 9.1-ci bəndinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır.

17. Eyni Qaydaların 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir.

18. Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur.

19. Qeyd olunan Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.

20. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının adına olan Sumqayıt şəhəri, 2-ci mkr., ev 38B/44, mənzil 3 "xxxx" ASC-nin elektron məlumat bazasında **********02358 saylı kod üzrə qeydiyyata alınmışdır. Abunə haqqında arayışın bağlanan aktlar bölməsində “Azərenerji borcları” hissədə 1108,20 manat (mənşəyi bilinməyən) borc olduğu qeyd edilmişdir.

21. Məhkəmə qeyd edir ki, 1108,20 manat borcun hansı akta əsasən abonent hesabına borc olaraq hesablanması və borcun yaranması əsası müəyyən edilmədiyindən həmin məbləğ iddiaçıdan tələb edilə bilməz.

22. Məhkəmə “iddia tələbinə iddia müddətinin tətbiq edilməsi ilə əlaqədar borcun silinməsi” ilə əlaqədar qeyd edir ki, hazırki iddia tələbi üzrə iddia müddətinin tətbiqi üçün əsas yoxdur.

23. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

24. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

25. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50-ci maddəsinə görə tərəflər iddiaçı və cavabdehdir. İddia müddətinin keçməsi cavabdehin xeyrinə olduğu üçün həmin müddətin tətbiq edilməsi barədə ərizəni adətən o verir. Lakin öhdəliklərin qarşılıqlı icrası hallarında (Mülki Məcəlləsinin 441-ci maddəsi) iddia müddətinin tətbiq edilməsi barədə ərizə qarşılıqlı surətdə iddiaçı tərəfindən də verilə bilər.

26. Göründüyü kimi hazırda iddiaçının irəli sürdüyü iddia tələbi ilə bağlı iddia müddəti tətbiq edilə bilməz.

27. Məhkəmə onu da qeyd edir ki, müddətin keçməsi öhdəliyin xitamına səbəb olmur.

28. Belə ki, iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur.

29. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Sumqayıt şəhəri, 2-ci mikrorayon ünvanında yerləşən, 38B/44 saylı evin, 3 saylı mənzilinə dair cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı hesablanmış 1108,20 (bir min yüz səkkiz manat, iyirmi qəpik) manat məbləğində borc **********02358 nömrəli abunə hesabından silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

30. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

32. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

33. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

34. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

Nəticə hissəsi:

35. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə

QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Sumqayıt şəhəri, 2-ci mikrorayon ünvanında yerləşən, 38B/44 saylı evin, 3 saylı mənzilinə dair cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı hesablanmış 1108,20 (bir min yüz səkkiz manat, iyirmi qəpik) manat məbləğində borc **********02358 nömrəli abunə hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar