Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1798/2023 27.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X5 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı, Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “əsassız borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “əsassız borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, “Azəriqaz” İB xx.xx.2022-ci il tarixli 01\01-XƏ-11-55 saylı məktubla ona müraciət edərək bildirilmişdir ki, onların ünvanında olan G-4 markalı məişət qaz sayğacı Dövlət Yoxlamasına göndərilmiş və rəyə əsasən ünvandan çıxarılmış sayğacın hesablama mexanizmini hərəkətə gətirən dişli çarxın dişləri kənar təsir nəticəsində kəsildiyindən və Alarm-1 rejimi aşkar olunduğundan sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Buna görə də sayğacın dəyəri 185.73 manat qiymətləndirilərək dəyərinin ödənilməsi ondan tələb edilir. Bundan əlavə sayğacın yararsız hala salınmasını əsas gətirərək cavabdeh normativ qaydada ona əsassız olaraq 1094.56 manat borc hesablanmışdır. Bu qanunsuz borcdan məhkəməyə şikayət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-5099\2022 saylı qətnaməsi ilə iddiası təmin edilmiş, sayğacın işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyin üzərinə düşməsi qeyd edilmişdir. Bundan sonra cavabdeh yenidən sayğacı çıxararaq aparmışdır. Çıxararkən plomb kəsilmiş, sayğaca baxış keçirilmiş və laboratoriyaya aparılmışdır. Sonradan ona tələbnamə gəlmiş və orada bildirilmişdir ki, guya sayğac yararsız olduğu üçün qaz itkisi baş vermiş və guya bu qaz itkisinə görə o cavabdehdir. Buna əsasən də ona 1000 manat cərimə və 230 manat da sayğac borcu hesablanmışdır. Cavabdehin bu hərəkətləri ilə razılaşmır və qanunsuz hesab edir. Belə ki, cavabdeh onun iştirakı olmadan həyətdən kənarda yerləşdirilmiş qaz sayğacını çıxarmış, onun iştirakı olmadan bu barədə akt tərtib etmiş, onun iştirakı olmadan sayğac laboratoriyaya göndərilmiş və rəy alınmışdır. Bütün bu hərəkətlər qanuna və cavabdehin öz Təlimat və Qaydalarına zidd olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmədən, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən qaz sərfiyyatına görə əsassız hesablanmış 1000 manat borcun və qaz sayğacına görə hesablanmış 230 manatın silinməsinə, eləcə də ödənilmiş 50 manat mediasiya xərcinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdiyini bildirərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, 22 dekabr 2022-ci il tarixdə sayğacı açmış və aparmışlar. xx.xx.2022-ci il tarixdə nəzarətçi bildirmişdir ki, cərimə vardır. Cərimə əsassız yazılmışdır. Sayğac küçədə yerləşir. Hər ay pulunu ödəyir. Evdə kombi və dörd gözlü qaz vardır. Kombi isə axşamlar yanır. Sayğac plombu isə üstündə olmuşdur. Ona görə də məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X2 izahatında iddia tələbini qəbul etməyərək bildirdi ki, 1036 manat cərimə yazılmışdır. İddiaçı sayğacın dəyərini 230 manat yazmışdır. Lakin onun dəyəri 64 manat təşkil edir. Mediasiya orqanına getmək məcburi deyildir. İddiaçı mediasiyaya müraciət etmişdirsə bu onun problemidir. Qeyd olunmuşdur ki, sayğac fasilələr ilə qazı buraxmışdır. Müdaxilə olunmuşdur. Abonentin ödəmələri də qaydasında deyildir. Ona görə də verilmiş iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5099/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh “Azəriqaz” İB tərəfindən ünvan 1 ünvanına (abonent kodu: **********00000) tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* №-li akt əsasında hesablanmış 1036,20 manat məbləğində borcun və sayğacın dəyərinə görə hesablanmış 185,73 manat borcun silinməsi, iddianın verilməsinə görə 32,20 manat dövlət rüsumunun əvəzinin cavabdeh “Azəriqaz” İB-dən tutularaq Dövlət Büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Abonentin saldosundan görünür ki, abonent (abonent kodu **********00000) İddiaçı məxsus Sumqayıt, Katec, 23-cü məhəllə, Proyezd-5 küçəsi, ev 9/20, mənzil 0 ünvanında xx.xx.2022-ci il tarixdə Zenner G4T Mexaniki tipli, **********8 nömrəli sayğac quraşdırılmışdır. 2022-ci il tarixinə olan qaz sərfiyyatına görə məbləğ 164.04 manat təşkil edir. 28 dekabr 2022-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, İddiaçı ünvanına ******* saylı, 28 dekabr 2022-ci il tarixli akta əsasən itirilmiş qazın bərpası üçün 8640 kubmetr qaz itkisi hesablanmışdır. “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı, 28 dekabr 2022-ci il tarixli aktın surətindən görünür ki, qutunun açılması, sayğaca baxış keçirilməsi, sayğacın giriş yivli birləşməsindəki süzgəcin çıxarılması, sayğacın mənfiyə işləməsi, xətaların normaya uyğun olması, sayğacın istismara yararsız olması, hesablama mexanizmini hərəkətə gətirən dişli çarxın kənar təsir nəticəsində kəsildiyinin aşkar olunması qeyd olunmuşdur. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli, 23 dekabr 2022-ci il tarixli aktdan görünür ki, sayğac fasilələrlə qaz buraxır. Sayğac qutuya qoyulmuşdur. Qaz sayğacının yoxlanılması barədə Metrologiya Departamentinin verdiyi 30 dekabr 2022-ci il tarixli, MSK-29/1710-04984-1 saylı aktın surətindən görünür ki, 13407550 nömrəli plombun kəsilərək G-4 SM/5318 saylı qutunun açılması, sayğaca ümumi baxış keçirilməsi, sayğac ilişərək işlədiyindən plomblar açılaraq daxilinə baxışın keçirilməsi, hesablama mexanizmini hərəkətə gətirən dişli çarxın kənar təsir nəticəsində kəsildiyinin aşkar olunması, sayğacın istismara yararsız olması kimi hallar qeyd olunmuşdur. Abonentin saldosundan görünür ki, abonent (abonent kodu **********00000) İddiaçı məxsus ünvan 2 ünvanında xx.xx.2022-ci il tarixdə Zenner G4T Mexaniki tipli, **********8 nömrəli sayğac quraşdırılmışdır. 2022-ci il tarixinə olan qaz sərfiyyatına görə məbləğ 224.24 manat təşkil edir. “Azəriqaz” İB tərəfindən İddiaçı ünvanlanmış müraciətdən görünür ki, müdaxilə edilmiş sayğacın dəyəri 64.67 manat ABB Sumqayıt filialı AZ751BAZ******************** nömrəli hesaba ödənilməlidir. Ödəniş qəbzinin sürəti isə Sumqayıt QİS-nə təqdim edilməlidir. Əks təqdirdə Sumqayıt QİS-si tərəfindən X3 müraciət olunacaqdır. 09 fevral 2023-cü il tarixli MŞS/MT030/2023-00165 №-li “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, “Azəriqaz” İB ilkin mediasiyada iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, 60 manat mediasiyaya dair xərci ödəmişdir. Məhkəmə iclasında iş materialları ilə müəyyən edilmişdir ki, sayğaca baxış keçirilməsi, 13407550 nömrəli plombun kəsilərək G-4 SM/5318 saylı qutunun açılması, sayğaca ümumi baxış keçirilməsi, sayğac ilişərək işlədiyindən plomblar açılaraq daxilinə baxışın keçirilməsi, hesablama mexanizmini hərəkətə gətirən dişli çarxın kənar təsir nəticəsində kəsildiyinin aşkar olunması, sayğacın istismara yararsız olması kimi hallar qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın: 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, fiziki şəxs olan istehlakçının qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, sayğaca iddiaçı tərəfindən müdaxilə halı müəyyən edilmədiyindən, sayğac iddiaçının yaşadığı mənzildən kənarda yerləşdiyindən itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış 1000 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, «Azəriqaz» İstehsalat Birliyi tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında 28 dekabr 2022-ci il tarixli, ******* №-li akta əsasən hesablanmış 1000 manat borc və sayğacın dəyərinə görə hesablanmış 64.67 manat abonentin hesabından (abonent kodu **********00000) silinməlidir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 1000 manatadək olduqda, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bundan başqa “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir Beləliklə, məhkəmə hesab edir ki, 50 manat məbləğində mediasiya xərci cavabdeh «Azəriqaz» İstehsalat Birliyindən tutularaq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı məxsus mənzildə cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında 28 dekabr 2022-ci il tarixli, ******* №-li akta əsasən hesablanmış 1000 manat borc və sayğacın dəyərinə görə hesablanmış 64.67 manat abonentin hesabından (abonent kodu **********00000) silinsin. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyindən 50 (əlli) manat mediasiya xərci tutulub İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyindən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-1798/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1798/2023
27.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver