Məhkəmə qərarları › İş №2(060)-1799/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1799/2023

13.06.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1799/2023 13.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X5 oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi (bundan sonra - ərizəçi) xüsusi icraat qaydasında ərizə ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək (maraqlı şəxs - Sumqayıt şəhər İcra hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası) xx.xx.2001-ci ildə doğulmuş X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsində göstərmişdir ki, İbrahimzadə Rəvan onun oğludur. O, xx.xx.2001ci ildə anadan olmuş, hal-hazırda ərizəçi ilə birlikdə Sumqayıt şəhər, Saray bağlar massivi, ev 4121A və B4121A-da yaşayır. Oğlu 2-ci dərəcəli toksigi ensfalit xəstəsidir. Onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ərizəçiyə onun qəyyumu sifəti ilə mövcud problemlərin həlli barədə müxtəlif instansiyalara müraciət etmək üçün lazımdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş və iş üzrə icraat ekspert rəyi alınanadək dayandırılmışdır. xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ekspert rəyi məhkəməyə daxil olmuş və iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş maraqlı şəxs məhkəmə iclasında təmsil edilmədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinin tələblərinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında ərizəçi ərizəyə uyğun izahat verərək məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etdi. İş materiallarını araşdıraraq, ərizəçinin izahatını dinləyərək məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materialları ilə müəyyən edilir ki, ərizəçi xx.xx.1973-cü ildə, Sumqayıt şəhərində anadan olmuşdur. O, hazırda Sumqayıt şəhəri, Saray bağlar massivi, 4121A və B4121A ünvanında qeydiyyatdadır. Doğum haqqında şəhadətnaməyə əsasən Ərizəçi xx.xx.2001-ci ildə anadan olması və ərizəçinin onun atası olması müəyyən edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatda göstərilir ki, Ərizəçi ağır dərəcəli əqli gerilik, kəskin imbesillik dərəcəsində əqli gerilik, daim ciddi qulluq və müalicə tələb edən davranış pozuntusu diaqnozu qoyularaq, ona birinci dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X2 Məhkəmə Psixiatrik Ekspertizası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1743 saylı məhkəmə psixiatrik ekspertiza rəyində ekspert belə nəticəyə gəlmişdir ki, X3 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X3 öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2001-ci ildə doğulmuş X3 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2001-ci ildə anadan olmuş X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar