Məhkəmə qərarları › İş №2(060)-1800/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1800/2022

15.03.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1800/2022 15.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt Regional «Asan xidmət» Mərkəzinin Notariat Ofisinə qarşı mirasın qəbulu müddətinin ötürülməsinin üzrlü sayılması və uzadılması tələbinə dair dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Sumqayıt Regional «Asan xidmət» Mərkəzinin Notariat Ofisinə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, mərhum həyat yoldaşı X1 miras qalmış Sumqayıt şəhəri, 18-ci mikrorayon, 34 saylı evin 32 saylı mənzilinə dair miras əmlakın qəbul edilməsi müddətinin ötürülməsinin üzrlü sayılması və uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə həyat yoldaşı X1 miras qalmış əmlakına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün ərizə ilə müraciət etmişdir. Cavab məktubunda iddiaçının məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Hüquqi savadı olmadığına görə mirasın qəbul etmə müddətinin miras qoyanın ölümündən sonra 3 ay müddət ərzində olduğunu bilməmişdir. Həyat yoldaşından qalmış mirası istənilən vaxt vərəsəlik qaydasında qəbul edə biləcəyini düşünmüşdür. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1970-ci ildə, Qubadlı rayonu, Hal kəndində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, 18-ci mikrorayon, 34 saylı evin 32 saylı mənzili şəxsi mülkiyyət hüququ əsasında 01.03.1994-cü il tarixli alqı-satqı müqaviləsi əsasında X2 adına qeydiyyata alınmışdır. Ölüm haqqında şəhadətnaməyə əsasən X3 17.03.2014-cü ildə vəfat etmişdir. Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən iddiaçı X3 ilə 09.01.1991-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. İddiaçı miras qalmış əmlakın qəbulu ilə bağlı cavabdehə müraciət etsə də, cavabdehin 31.01.2022-ci il tarixli, 274 saylı məktubunda mirasın qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddətin ötürülməsi səbəbindən iddiaçıya imtina cavabı verilmiş və həmin müddətin bərpasının təmin edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş X5 bildirmişdir ki, iddiaçı onun anasıdır. X8 17 mart 2014-cü ildə vəfat etmişdir. Sözügedən mənzil atasının adında qeydiyyatda olub. Miras qalmış əmlakın anasının adına rəsmiləşdirilməsinə etiraz etmir. İşin məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş X4 bildirmişdir ki, o, iddiaçının oğludur. X8 17 mart 2014-cü ildə vəfat etmişdir. Hazırda sözügedən mənzildə anası yaşayır. Miras qalmış əmlakın anasının adına rəsmiləşdirilməsinə etiraz etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir (1133.1). Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (1133.2). Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər (1134.1). Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir (1243.1). Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (1243.2). Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (1246). Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər (1248.1). Göründüyü kimi Sumqayıt şəhəri, 18-ci mikrorayon, 34 saylı evin 32 saylı mənzil X2 mülkiyyətində olmuşdur. X3 vəfat etdikdən sonra iddiaçı mənzil üzərində vərəsəlik hüququnun tanınması üçün notariat orqanına müraciət edilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Lakin iddiaçının övladları ondan miras qalmış əmlakın iddiaçının adına keçirilməsinə etiraz etmirlər. Bu səbəbdən iddia təmin edilməli, Sumqayıt şəhəri, 18-ci mikrorayon, 34 saylı evin 32 saylı mənzilinin miras əmlak kimi qəbul edilməsi üçün iddiaçı tərəfindən buraxılmış müddət üzrlü hesab edilərək uzadılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Sumqayıt şəhəri, 18-ci mikrorayon, 34 saylı evin 32 saylı mənzilinin İddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab edilərək uzadılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar