Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1858/2023 05.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. Ünvana dair elektrik enerjisindən istifadəyə görə müqavilə onunla bağlanmışdır. Aylıq sərf etdiyi elektrik enerjisinə görə ödənişləri vaxtlı-vaxtında etmişdir. Bildirir ki, 14 yanvar 2023-cü il tarixdə gecə saat 1-də işıq sönmüş, həyətə çıxmış görmüşdür ki, qonşuların işığı yanır. Ancaq onların işığı sönmüşdür. Zəng etmiş, nəzarətçiyə demişdir. O da səhər saat 8:15-də gəlmiş, evi işıq ilə təmin etmişdir. Sayğacın göstəricilərini götürmüş, şəklini çəkmiş və demişdir ki, akt tərtib olunacaq və sayğac dəyişəcəkdir. Həmin gün, yəni xx.xx.2023-cü ildə saat 14:10-da gəlib akt tərtib etmiş və getmişlər. 031064 nömrəli aktla tanış olduqda görmüşdür ki, əməkdaş aktda belə bir qeyd aparmışdır ki, abonentə məlumat verilmiş, hansı ki, evdə həmişə kimsə olur, necə gəlmiş və getmişlərsə heç kim də bilməmişdir. Akt onun iştirakı ilə tərtib olunmalı və o, akta qol çəkməlidir. Qeyd edir ki, həmin vaxt o da evdə olmuşdur. Onu akta qol çəkməyə çağırsaydılar, onlara bildirərdi ki, sayğacı nəzarətçi açmış və aparmış və onu işıqnan təmin etmək üçün evə gedən naqili şəbəkəyə qoşmuşdur. Hər ay 8-10 manat sərfiyyata pul ödəyir. Heç vaxt borclu qalmamışdır. Bu artıq ikinci dəfədir ki, heç nədən cərimə yazmışdılar. O da belə olmuşdur ki, biri sayğacı açmış və aparmış, digəri gəlmiş və cərimə yazmışdır. Dəfələrlə cərimə yazılanda maddi və mənəvi zərər görmüşdür. Bu dəfə də cərimə yazılanda maddi və mənəvi ziyan dəymişdir. Bu iş üçün dəfələrlə cavabdehə, vəkilə və sair yerlərə müraciət etmişdir. Yol xərci, işə gedə bilmədiyi üçün ona dəymiş ziyan, ərizənin yazılması xərci və sair 150 manat təşkil etmişdir. Mənəvi zərər də vurulmuşdur. Belə ki, əsəbdən iki dəfə xəstəxənada yatmışdır. Hər cərimə yazılıdıqca yenidən xəstəxanaya gedir. Bu dəfə də dərman və sair xərcləri təxmini 100-150 manat təşkil etmişdir.Qeyd olunanlara əsasən məhkəmədən ünvan 1 ünvanına əsassız hesablanmış 641.68 AZN cərimə borcunun silinməsi, ona vurulmuş 150 manat məbləğində maddi zərər, 100 manat mənəvi ziyana görə pulun cavabdehdən alınaraq ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, İddiaçı ünvan 1 ünvanına əsassız hesablanmış 641.48 AZN cərimə borcunun silinməsi, ona vurulmuş 150 manat məbləğində maddi zərər, 100 manat mənəvi ziyana görə pulun cavabdehdən alınaraq ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia tələbinin əsassız olduğu üçün iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, 14 yanvar 2023-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən məlum olmuşdur ki, abonentə məxsus elektrik sayğacı yanaraq yararsız hala düşmüşdür. İşlədicilər şəbəkəyə bir-başa qoşulmuşdur. Ölçmə zamanı xətdən axan yük Pfak=2.2 kvt (iki tam onda iki) təşkil edirdi. Psay=0. Elektrik sayğacının faktiki göstəricisi komputer məlumat bazasına uyğun olmaması aşkar edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş Elektrik enerjisindən istifadə qaydalarının 8.17-ci bəndinin tələblərinə uyğun olaraq 14 yanvar 2023-cü il tarixli, NDM № 031064 saylı akt əsasında 641.70 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmiş və bu barədə aktda müvafiq qeydlər aparılmışdır. Bundan əlavə iddiaçı kənar xətdən istifadə etməsi faktını iddia ərizəsində bildirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, gecə gəlmiş və görmüşdür ki, işıqlar söndürülüb. Zəng eləmiş və nəzarətçi bildirmişdir ki, səhər baxacaqdır. Səhər gəlmiş və baxmışdır. Dedi nasazlıq vardır. Onu işıqla təmin etmək üçün naqili birdəfəlik qoşmuşdur. Bildirmişdir ki, onun akt yazmağa ixtiyarı yoxdur. 3-4 saat sonra gəlmiş və akt tərtib edib getmişlər. Nəzarətçi bildirmişdir ki, 100 manat ödəməlidir. O da ödəmişdir. Əsəbdən xəstəxanaya düşmüşdür. Müalicə alır. Evdə adam olanda çox ödəmiş, olmayanda isə az ödəmişdir. Onun qardaşı ailəsi ilə birgə Bakı şəhərində yaşayır. Ailəsi də rayonda olur. Özü də tək yaşayır. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək etiraza uyğun izahat verib məhkəmədən iddia tələbi əsassız olduğu üçün iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, xx.xx.2023-cü il tarixdə iddiaçıya məxsus sayğaca baxış keçirilmiş, sayğac istismara yararsız kimi qiymətləndirilmiş, 641.70 manat itirilmiş elektrik enerjisinin sərfiyyatına görə borc hesablanmışdır. Sayğac yeni sayğac ilə əvəz olunmuşdur. xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər 0.40 qəpik işlədilmişdir. Yeni sayğacla əvəz olunduqdan sonra daha artıq yazmış və sərfiyyat atmışdır. Sayğacda nasazlıq olduqda özləri müraciət edirlər. Məhkəmə İddiaçı, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 izahatlarını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: Məhkəmə iclasında şahid qismində iştirak edən X2 ifadəsində bildirdi ki, abonent gecə zəng etmiş və demişdir ki, işıq yanmır. O da demişdir ki, gecdir. Səhər gəlib baxacaqdır. Sayğacın giriş xəttini çıxarmış və mənzili müvəqqəti elektrik enerjisi ilə təmin etmişdir. Sayğacı bir neçə dəfə yoxlamış və orada problem olmadığını görmüşdür. Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası, Sumqayıt şəhərində xx.xx.1961-ci il tarixdə anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır. 14 yanvar 2023-cü il tarixli, 031064 saylı akt elektrik hesabat sayğacına baxış keçirərkən abonentə məxsus elektrik sayğacının yararsız hala düşməsi, işlədicilərin şəbəkəyə bir-başa qoşulması, elektrik sayğacının taktiki göstəricisinin kompüter məlumat bazası ilə uyğun olmaması halları aşkar edildiyi üçün tərtib edilmişdir. Abunə haqqında məlumatdan görünür ki, iddiaçı yaşadığı Sumqayıt şəhəri, Təzə Corat, Təzə Corat ev(bina):0210, mənzil:0152 ünvanında yerləşən mənzildə istifadə etdiyi elektrik enerjisinin dəyərini vaxtında ödəmişdir. "xxxx" ASC-nin akt komissiyasının sədri tərəfindən verilmiş əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və texniki sahələr üzrə tələblər barədə məlumatından görünür ki, baxış keçirilən zaman məlum olmuşdur ki, abonentə məxsus elektrik sayğacı yararsız hala düşmüşdür. İşlədicilər şəbəkəyə bir-başa qoşulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.4-cü bəndinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır. Azərbaycan Respublikası «Elektroenergetika haqqında» qanununun 11-ci maddəsinə əsasən, enerci təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enercisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat təqdim etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 9.10-cu maddəsinə əsasən, istehlakçı sərf etdiyi elektrik enercisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.11-ci maddəsinə əsasən, Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. Həmin Məcələnin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcələnin öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının ünvanına 641.70 manat məbləğində borc cavabdeh tərəfindən tərtib edilmiş 14 yanvar 2023-cü il tarixli, 031064 akta əsasən hesablanmışdır. Həmin akt yoxlama zamanı fərdi yaşayış evinə məxsus elektrik hesabat sayğacının yararsız hala düşməsi, işlədicilərin şəbəkəyə bir-başa qoşulması, elektrik sayğacının taktiki göstəricisinin kompüter məlumat bazası ilə uyğun olmaması halları aşkar edildiyi üçün tərtib edilmişdir. Buradan aydın olur ki, həmin sayğaca nəzarət edilməsi, işlək vəziyyətdə saxlanılması cavabdehin vəzifəsi olduğu üçün iddiaçının qanuna zidd hərəkəti sübuta yetirilmir. Məhkəmə iclasında şahid qismində izahat vermiş ərazi üzrə nəzarətçi X2 ifadəsində bildirmişdir ki, abonent gecə zəng etmiş və demişdir ki, işıq yanmır. O da demişdir ki, gecdir. Səhər gəlib baxacaqdır. Sayğacın giriş xəttini çıxarmış və mənzili müvəqqəti elektrik enerjisi ilə təmin etmişdir. Sayğacı bir neçə dəfə yoxlamış və orada problem olmadığını görmüşdür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qanunsuz qoşulma halı təsdiq olunmayaraq sübuta yetirilmir. Belə ki, Nazirlər Kabinetinin yuxarıda qeyd olunan müvafiq qərarına da əsasən sayğaca nəzarət edilməsi və onun işlək vəziyyətdə saxlanılması iddiaçının deyil, cavabdeh təşkilatın üzərinə düşür. Belə olan halda elektrik hesabat sayğacının yararsız hala düşməsi, işlədicilərin şəbəkəyə bir-başa qoşulması, elektrik sayğacının taktiki göstəricisinin kompüter məlumat bazası ilə uyğun olmaması halında iddiaçı tərəfindən edilməsi, həmçinin fərdi yaşayış evindən kənarda yerləşən sayğaca baxış keçirilməsi zamanı abonentin məlumatlandırılması, video çəkiliş aparılarkən mübahisəli mənzildə olan mənzillə bağlı olub olmaması, qeyri qanuni xəttin olması aşkar olunmayaraq, aktın tərtibatında iştirak edən şəxslərin iştirakı məhkəmə iclasında təmin edilməmişdir. Bu səbəbdən iddiaçının abunə hesabına yazılmış borc məbləği əsassız olmaqla bərabər, onun təqsiri nəticəsində baş verməsi müəyyən edilmir. Məhkəmə iddia tələbinin qismən təmin edilməsi qənaətinə gələrkən iddiaçı tərəfindən maddi və mənəvi zərər hissəsində iddia tələbi təsdiq olunmadığından hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Ona görə də məhkəmə iddianın qismən əsaslı olması qənaətinə gəlir. Qeyd olunan normaların tələbinə və işin məhkəmə iclasında müəyyən edilmiş hallarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək İddiaçı məxsus ünvan 1 ünvanında elektrik enerjisindən istifadəyə görə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış 641.70 manat məbləğində borc **********00152 saylı abunə hesabından silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 1000 manatadək olduqda, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi qismən təmin edilsin. İddiaçı məxsus ünvan 1 ünvanında elektrik enerjisindən istifadəyə görə hesablanmış 641.70 (altı yüz qırx bir manat yetmiş qəpik) manat məbləğində borc **********00152 saylı abunə hesabından silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-1858/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1858/2023
05.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver