Məhkəmə qərarları › İş №2(060)-1872/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1872/2023

05.06.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1872/2023 05.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X13 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi X3 İddiaçının nümayəndəsi X8, nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi Qanuni nümayəndə, nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, üçüncü şəxslər Sumqayıt şəhəri 4 saylı Notariat ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı «bağ sahəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və nəticələrinin ləğv edilməsi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçının nümayəndəsi Vəkil1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 ilə Cavabdeh3 arasında 15 iyul 2016-cı il tarixdə Sumqayıt şəhəri 4 saylı Notariat ofisində 4Ə-862 reyestr nömrəsi ilə qeydə alınmış, Sumqayıt şəhəri Novxanı bağ massivində B-4684 ünvanda yerləşən, ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin alqısatqısı barədə AN-İ ******* nömrəli müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilənin nəticələrinin, o cümlədə Cavabdeh3 adına verilmiş çıxarışın, torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 14 may 2013-cü il tarixli 2(060)-1494/2013 saylı qətnaməsi ilə İddiaçı vəfat etmiş əri X4 miras qalmış əmlaklarda: Sumqayıt şəhəri, 7-8-12-ci məhəlləsindəki 9B nömrəli evin 1 saylı mənzilində, Sumqayıt şəhəri, Novxanı bağ massivindəki sahəsi 0,12 ha olan 4684 nömrəli bağ sahəsində və sahəsi 0,12 ha olan B-4684 nömrəli bağ sahəsində Cavabdeh2 və İddiaçı hər birinin payı 2/1 hissədə müəyyən edilmişdir. Həmin qətnamə Sumqayıt Apellyasiya Məhkəməsinin 27 sentyabr 2013-cü il tarixli 2(105)-993/2013 saylı qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 fevral 2014-cü il tarixli 2(102)-593/14 nömrəli Qərarı ilə dəyişməz saxlanmışdır. Göstərilən məhkəmə qətnaməsi əsasında Sumqayıt şəhəri 2 saylı dövlət notariat kontorunda 08 iyun 2014-cü il tarixdə 2V-09 və 2V- 10 nömrələri ilə (vərəsəlik işinin nömrəsi V-08/2013) varislərə vərəsəlik şəhadətnamələri, Şəhadətnamələr əsasında isə Cavabdeh2 adına xx.xx.2014-cü il N: AA 004744 və N:AA 004745 nömrəli torpaq sahələrinin planı və ölçüləri, habelə xx.xx.2014-cü il tarixli RX seriyalı ******* nömrəli və RX seriyalı ******* nömrəli çıxarışlar verilmişdir. Amma, məlum olmayan səbəbdən Cavabdeh2 adına Sumqayıt şəhəri 2 saylı dövlət notariat kontorunda 30 iyul 2017-ci il tarixdə bağ sahələrinə 2-ci dəfə vərəsəlik şəhadətnamələri verilmişdir. Daha sonra, Sumqayıt Şəhər Məhkəməsinin 15 yanvar 2016-cı il tarixli 2(060)-40/2016 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı "bağların naturada bölünərək payın ayrılması tələbi" nə dair iddia ərizəsi təmin edilərək, Sumqayıt şəhəri Novxanı bağ massivindəki 4684 nömrəli bağ sahəsinin və Sumqayıt şəhəri Novxanı bağ massivindəki B-4684 saylı bağ sahəsinin hər birində 0,06 ha olmaqla, bağ sahəsinə girişdən başlayaraq 0,12 ha torpaq sahəsinin naturada ayrılaraq iddiaçı Cavabdeh2 verilməsi qət edilmişdir. Həmin qətnamənin icrası zamanı bağ sahələrinin naturada bölgüsü düzgün aparılmamışdır və baxmayaraq ki, məhkəmə qətnaməsində bağ sahələrinin hər birindən 0,06 ha olmaqla bağ sahəsinə girişdən başlayaraq 0,12 ha torpaq sahəsinin ayrılaraq iddiaçı Cavabdeh2 verilməsi qət edilmişdi, faktiki olaraq əlverişli sahə olan B-4684 nömrəli bağ sahəsi bütövlükdə ayrılaraq Cavabdeh2 verilmiş, narahat yerdə olan və keyfiyyətcə pis vəziyyətdə olan B-4684 nömrəli bağ sahəsi isə İddiaçı saxlanmışıdır. Təbii ki, İddiaçı bu vəziyyətlə razılaşmayaraq, iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 25 iyun 2019-cu il tarixli 2-l(055)-687/2019 nömrəli Qərarı ilə "Vərəsəlik şəhadətnamələrində nəzərdə tutlmuş qaydada Cavabdeh2 Sumqayıt şəhəri, Novxanı bağ massivində 4684 ünvanında yerləşən torpaq sahəsinin 2/1 hissəsinə və B-4684 saylı torpaq sahəsinin 2/1 hissəsinə uyğun olaraq adına verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2017-ci il tarixli daşınmaz əmlakların dövlət reyestrindən çıxarışa dair verilmiş torpaq sahəsinin plan və ölçü sənədində müvafiq dəyişikliyin edilməsi, Sumqayıt şəhəri, Novxanı bağ massivində 4684 ünvanında yerləşən torpaq sahəsinin 2/1 hissəsinə və B-4684 saylı bağ sahəsinin 2/1 hissəsinə uyğun olaraq İddiaçı adına çıxarışların və plan-cizgi ölçülərinin verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt ərazi idarəsinin üzərinə qoyulmuşdur. Lakin həmin məhkəmə qərarı da indiyə qədər icra edilməmişdir. Məhkəmə Qərarının icra edilməsi ilə əlaqədar, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin İcra məmuru X16 tərəfindən 14 aprel 2021-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt şəhəri 2 saylı Ərazi İdarəsinin rəisi vəzifəsində işləyən X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta protokolu tərtib olunmuş və Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Həmin İnzibati xəta işinə Sumqayıt Şəhər Məhkəməsində 2 dəfə və Sumqayıt Apellyasiya Məhkəməsində 2 dəfə baxılmışıdır və sonda Sumqayıt Apellyasiya Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli 3(105)-646/2021 nömrəli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli 3(060)-1292/2021 nömrəli Qərarı dəyişdirilmədən saxlanmışdır. Sumqayıt Şəhər Məhkəməsinin həmin Qərarı ilə isə inzibati xəta işi üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilmişdir. Qərarlar onunla əsaslandırılmışıdır ki, Cavabdeh2 onun adına məhkəmə qətnaməsinin düzgün icra olunmaması səbəbindən əsassız qeydə alınmış torpaq sahəsini notarial qaydada bağlanmış alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirmişdir. Notarial alqı-satqı müqaviləsi ilə digər şəxsin mülkiyyətində olan torpaq sahəsi ləğv olunmadan həmin torpaq sahəsinin qeydiyyatının İddiaçı adına aparmaq mümkün deyil. Qərarda göstərilir ki, məhkəmə qətnaməsinin düzgün icra edilməməsi nəticəsində Cavabdeh2 verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında 0,12 ha bağ torpaq sahəsi sonuncu tərəfindən alqı-satqı müqaviləsi ilə özgəninkiləşdirilmiş və həmin torpaq sahəsi üzərində Cavabdeh3 hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd olunanlardan görünür ki: X1 miras qalmış, Sumqayıt şəhəri Novxanı bağ massivində 4684 və B-4684 nömrəli nömrəli bağ sahələrinin onun varisləri İddiaçı ilə Cavabdeh2 arasına naturada bölgüsü barədə Sumqayıt Şəhər Məhkəməsinin 15 yanvar 2016-cı il tarixli 2(060)-40/2016 nömrəli qətnaməsi düzgün icra edilməmişdir. Cavabdeh2 məhkəmə qətnaməsinin icrasında iştirak etsə də, digər varis İddiaçı bu barədə məlumat verilməmiş, məhkəmə qətnaməsi yanlış icra edildikdən sonra Cavabdeh2 qısa müddət öz adına çıxarış alaraq bir həftədən sonra həmin bağ sahəsinin Cavabdeh3 satmışdır. Məhkəmə qətnaməsinin icrası barədə akt xx.xx.2016-cı il tarixdə tərtib edilmiş, Cavabdeh2 adına çıxarış xx.xx.2016-cı il tarixdə verilmiş, bağ sahəsinin alqı-satqısı müqaviləsi xx.xx.2016-cı il tarixində bağlanmış, həmin bağ sahəsinə Cavabdeh3 adına xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmış və onun adına çıxarış verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 15 yanvar 2016-cı il tarixli 2(060)-40/2016 nömrəli qətnaməsi qanuni qüvvəsini almamış icraya yönəldilmiş və yanlış icra edilmişdir. Belə ki, həmin iş üzrə üçüncü şəxs Kocadağlı (Xudiyeva) Pərvanə Bəhlul qızının apellyasiya şikayəti üzrə icraat Sumqayıt Apellyasiya Məhkəməsinin 12 noyabr 2016-cı il tarixli qətnaməsinin qəbul edilməsi ilə başa çatmışdır. Qətnamənin təxminən 1 ay müddətinə çatdırılması və kassasiya şikayəti verilməsi üçün nəzərdə tutlmuş 2 aylıq müddət nəzərə alınmaqla qətnamə təxminən 2017-ci ilin yanvar ayının ortalarına qanuni qüvvəsini almışdır. Halbuki məhkəmə qətnaməsi 2016-cı ilin iyun ayında artıq tələm-tələsik və yanlış icra edilmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində 2-1(85)-687/2019 nömrəli inzibati işə baxılarkən Cavabdeh2 inzibati iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir, amma məhkəməyə torpaq sahəsinin satması barədə məlumat verməmiş və həmin vəziyyətin məhkəmə tərəfindən nəzərə alınmasına və məhkəmə qərarında həll edilməsinə mane olmuşdur. Bağ sahələrinin naturada bölgüsünün aparılması, daha doğrusu Cavabdeh2 payının ayrılması məsələsinə Sumqayıt Şəhər Məhkəməsində baxılarkən ekspert tərəfindən təklif edilən bölgü planı tərəflərin paylarına uyğun deyil və yanlışdır. Sumqayıt şəhər Məhkəməsinin 15 yanvar 2016-cı il tarixli qətnaməsində ekspertin təklif etdiyi bölgü planına münasibət bildirilməyib və bağ sahələrinin naturada bölgüsünün necə aparılmalı olduğu (uzununa, eninə və yaxud dioqonal üzrə) göstərilməyib. Hazırki işdə iddiaçı alqı-satqı müqaviləsinin bağlanmasını vəkil sorğusu ilə Sumqayıt Şəhəri 4 saylı Notariat ofisindən 09 sentyabr 2022-ci il tarixli məktubla müqavilənin surətini aldıqdan sonra bilmişdir. Qeyd olunanlar nəzərə alınmaqla cavabdehlər Cavabdeh2 ilə Cavabdeh3 arasında 15 iyul 2016-cı il tarixdə Sumqayıt Şəhəri 4 saylı Notariat ofisində 4Ə-862 reyestr nömrəsi ilə qeydə alınmış, Sumqayıt şəhəri Novxanı bağ massivində B-4684 ünvanda yerləşən, ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin alqı-satqısı barədə AN-İ ******* nömrəli müqavilə məhkəmə tərfindən etibarsız hesab edilməlidir və həmin müqavilənin nəticələri, o cümlədən Cavabdeh3 adına verilmiş çıxarış, torpaq sahəsinin planı və ölçüsü ləğv edilməlidir. Məhkəmədə iddiaçının nümayəndələri eyni məzmunlu izahat verərək iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmədə cavabdehin nümayəndəsi Qanuni nümayəndə iddia tələbini qəbul etməyərək bildirdi ki, Xudiyev Bəhlul onun keçmiş həyat yoldaşıdır. Onların birgə nikahlarından Cavabdeh2 doğulmuşdur. Onlar qızlarının iki yaşı olanda ayrılmışlar. 2012-ci ildə keçmiş həyat yoldaşı vəfat etmişdir. Bəhlula məxsus olan əmlaklar qızı ilə, Şahbazova Gülsəba arasında məhkəmə yolu ilə rəsmi qayda da bölünmüşdür. Bundan sonra qızının adına çıxarış verilmişdir. Qızı da ona məxsus olan əmlakı rəsmi qaydada alqı-satqı edərək satmışdır. Alqı-satqı müqaviləsinin ləğv olunmasına hər hansı bir qanunsuz səbəb görmür. Bu səbəbdən iddianın təmin olunmamasını xahiş edir. Məhkəmədə cavabdehin nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etməyərək etirazını onunla əsaslandırdı ki, Cavabdeh3 ilə Cavabdeh2 arasında AN-İ №0565203 saylı, xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi bağlanmış, Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-4684 ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə Cavabdeh3 mülkiyyətinə verilmişdir. Bunun əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ******* saylı çıxarış verilmişdir. Həmin çıxarış Daşınmaz Əmlakın dövlət reyestrində 150 nömrəli reyestr kitabının 1 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə isə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə mülki qanuvericilikdə müəyyən olunmuş müddət ərzində müraciət etməməklə iddia müddətini ötürmüşdürlər. Halbuki, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün kifayət qədər vaxtı olmasına baxmayaraq, iddia tələbini uzun müddət keçdikdən sonra irəli sürmüşdürlər. Bu səbəbdən onun tərəfindən verilmiş iddia ərizəsi rədd edilməlidir. İş üzrə üçüncü şəxslər Sumqayıt şəhəri 4 saylı Notariat ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi qanunla müəyyən edilmiş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Eyni zamanda Sumqayıt şəhər 4 saylı notariat ofisi məktubla məhkəməyə müraciət edərək mülki işə onların iştirakı olmadan keçirilməsinİ xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan AN-İ № ******* saylı, xx.xx.2016-cı il tarixli “Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsi”nin surətindən görünür ki, Cavabdeh2 ona məxsus olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, B-4684 ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsini 12000 (on iki min) manata Cavabdeh3 satmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, №0882222 saylı “Çıxarış”ın surətindən görünür ki, ünvan 6 torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanda yerləşən B-4684 saylı bağ torpaq sahəsi ünvan 3si notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2016-cı il tarixli 4Ə-862 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 tərəfindən özgəninkiləşdirilərək Cavabdeh3 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1292/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən vəzifəli şəxs X9 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş 14 aprel 2021-ci il tarixli MN seriyalı ******* №-li inzibati xəta haqqında protokolla başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilməsi qərara alınmışdır. İşə əlavə olan Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-440/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1292/2021 saylı, 27 may 2021-ci il tarixli qərarı ləğv edilərək, X2 barəsində olan inzibati xəta haqqında iş yenidən baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə yeni məhkəmə baxışına qaytarılması qərara alınmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1292/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən vəzifəli şəxs X9 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş 14 aprel 2021-ci il tarixli MN seriyalı ******* №-li inzibati xəta haqqında protokolla başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilməsi qərara alınmışdır. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-646/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, Apellyasiya şikayəti təmin edilməyərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt şəhəri 2 saylı Ərazi İdarəsinin rəisi vəzifəsində işləmiş X9 barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 3(060)-1292\2021 saylı qərarı dəyişsdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-687/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarının surətindən görünür ki, iddia təmin edilərək, vərəsəlik şəhadətnamələrində nəzərdə tutulmuş qaydada Cavabdeh2 Sumqayıt şəhəri, Novxanı bağ massivində 4684 ünvanda yerləşən torpaq sahəsinin ½ hissəsinə və B-4684 saylı torpaq sahələrinin ½ hissəsinə uyğun olaraq adına verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa dair verilmiş torpaq sahəsinin plan və ölçü sənədində müvafiq dəyişikliyin edilməsi, Sumqayıt şəhəri, Novxanı bağ massivində 4684 ünvanda yerləşən torpaq sahəsinin ½ hissəsinə və B-4684 saylı torpaq sahələrinin ½ hissəsinə uyğun olaraq İddiaçı adına çıxarışların və plan-çizgi ölçülərinin verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-40/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi təmin edilərək Sumqayıt şəhəri, Novxanı bağ massivindəki 4684 nömrəli bağ sahəsinin və Sumqayıt şəhəri, Novxanı bağ massivindəki B-4684 saylı bağ sahəsinin hər birində 0,06 ha olmaqla bağ sahəsinə girişdən başlayaraq 0,12 ha torpaq sahəsi naturada ayrılaraq iddiaçı Cavabdeh2 verilməsi qət edilmişdir. İşdə olan Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2175/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, Müstəqil tələblər irəli sürməyən üçüncü şəxs P.B.Kocadağlının (Xudiyeva) nümayəndəsi M.R.Əmirovanın apellyasiya şikayəti təmin edilməyərək, Sumqayıt Şəhər Məhkəməsinin 15 yanvar 2016-cı il tarixli, 2(060)-40/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1494/2013 saylı, 14 may 2013-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddia ərizəsi təmin edilərək, Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, 9b nömrəli evin 1 saylı mənzilində, Sumqayıt şəhəri, Novxanı bağ massivindəki 4684 nömrəli bağ sahəsində və Sumqayıt şəhəri, Novxanı bağ massivindəki B-4684 nömrəli bağ bağ sahəsində Cavabdeh2 və İddiaçıh Böyükxan qızının hər birinin ½ hissədə payı müəyyən edilməsi qət edilmişdir. İşə əlavə olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-993/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 14 may 2013-cü il tarixli, 2(060)-1494/2013 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-593/2014 saylı, xx.xx.2014-cü il tarixli qərarının surətindən görünür ki, Kassasiya şikayəti təmin edilməyərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 sentyabr 2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 17 may 2012-ci ildə vəfat etmiş X6 vərəsələri bunlardır: Sumqayıt Şəhər Məhkəməsinin 14 may 2014-cü il tarixli, 2-1494/13 nömrəli qərarına əsasən ünvan 4 ünvanındakı 0,12 ha torpaq sahəsinin ünvan 5ayan arvadı İddiaçı Böyükxan qızı ½ hissədə, Sumqayıt şəhəri, 3-cü məhəllə, ev 23/14, mənzil 33-də yaşayan qızı Cavabdeh2 ½ hissədə miras əmlakdan irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin xx.xx.2006-cı ildə verdiyi MH seriyalı, ******* nömrəli, **********46 reyestr nömrəli, ********* qeydiyyat nömrəli çıxarışa və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin xx.xx.2012-ci il verdiyi 14/2840 çıxış nömrəli arayışa əsasən ünvan 4 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin ½ hissəsindən ibarətdir. Göstərilən miras əmlakın ½ hissəsinə Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Göstərilən miras əmlakın qalan ½ hissəsinə İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcəkdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 17 may 2012-ci ildə vəfat etmiş X6 vərəsələri bunlardır: Sumqayıt Şəhər Məhkəməsinin 14 may 2014-cü il tarixli, 2-1494/13 nömrəli qərarına əsasən ünvan 4 ünvanındakı 0,12 ha torpaq sahəsinin ünvan 5ayan arvadı İddiaçı Böyükxan qızı ½ hissədə, Sumqayıt şəhəri, 3-cü məhəllə, ev 23/14, mənzil 33-də yaşayan qızı Cavabdeh2 ½ hissədə miras əmlakdan irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin xx.xx.2006-cı ildə verdiyi MH seriyalı, ******* nömrəli, **********36 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin xx.xx.2012-ci il verdiyi 14/2839 çıxış nömrəli arayışa əsasən ünvan 6 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin ½ hissəsindən ibarətdir. Göstərilən miras əmlakın ½ hissəsinə Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Göstərilən miras əmlakın qalan ½ hissəsinə İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcəkdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, №0389556 saylı “Çıxarış”ın surətindən görünür ki, ünvan 6 torpaq sahəsi ½ hissədə xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 adına qeydiyyata alınmışdır. İşə əlavə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, №0389555 saylı “Çıxarış”ın surətindən görünür ki, ünvan 4 torpaq sahəsi ½ hissədə xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 adına qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin surətindən görünür ki, xx.xx.2012-ci ildə vəfat etmiş X7 vərəsələri bunlardır: Sumqayıt Şəhər Məhkəməsinin 14 may 2013-cü il tarixli, 2-1494/13 nömrəli qətnaməsinə əsasən ünvan 5ayan arvadı İddiaçı ½ hissədə, Sumqayıt şəhəri, 3cü məhəllə, ev 23/14, mənzil 33-də yaşayan qızı Cavabdeh2 ½ hissədə miras əmlakdan irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin xx.xx.2006-cı ildə verdiyi MH seriyalı, ******* nömrəli, ********* qeydiyyat nömrəli, **********46 reyestr nömrəli çıxarışa və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin xx.xx.2012-ci il verdiyi 14/2840 çıxış nömrəli arayışa əsasən ünvan 4 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin ½ hissəsindən ibarətdir. Göstərilən miras əmlakın ½ hissəsinə Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Şəhadətnamə dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə təqdim edilməlidir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin surətindən görünür ki, xx.xx.2012-ci ildə vəfat etmiş X7 vərəsələri bunlardır: Sumqayıt Şəhər Məhkəməsinin 14 may 2013-cü il tarixli, 2-1494/13 nömrəli qətnaməsinə əsasən ünvan 5ayan arvadı İddiaçı ½ hissədə, Sumqayıt şəhəri, 3cü məhəllə, ev 23/14, mənzil 33-də yaşayan qızı Cavabdeh2 ½ hissədə miras əmlakdan irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin xx.xx.2008-ci ildə verdiyi RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, **********36 reyestr nömrəli çıxarışa və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin xx.xx.2012-ci il verdiyi 14/2839 çıxış nömrəli arayışa əsasən ünvan 6 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin ½ hissəsindən ibarətdir. Göstərilən miras əmlakın ½ hissəsinə Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Şəhadətnamə dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə təqdim edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, №0882741 saylı “Çıxarış”ın surətindən görünür ki, ünvan 6 torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh3 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Belə ki, mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri) İstinad olunan maddi hüquq normalarının mənasına görə əqdin bağlanılması üçün ilkin zəruri olan şərtlərdən biri tərəflərin razılaşdırılmış iradə ifadəsidir. İşdən göründüyü kimi, iddiaçının mübahisələndirdiyi alqı-satqı müqaviləsi üzrə tərəf olmamışdır. Həmin müqavilə üzrə tərəflər iş üzrə Cavabdeh2 və Cavabdeh3 olmuşlar. Əqdlərin etibarsız sayılması üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəllənin 337-349-cu maddələrində təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2 və 337.4-cü maddələrinin ümumi məzmununa görə bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Məhkəmə hesab edir ki, tədqiq olunan faktiki hallar tərəflər arasında mübahisələndirilən müqavilə tərəflərinin iradə ifadəsini əks etdirməklə bağlanarkən Mülki Məcəllədə əksini tapmış, həmin əqdin etibarsızlığına səbəb ola biləcək hallar hazırki iş üzrə mövcud olmamışdır. Məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə Cavabdeh3 vicdanlı alıcıdır. Belə ki, Mülki Məcəllənin 140-cı maddəsinə görə də reyestrin məzmununun qeyri dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Göründüyü kimi, Mülki Məcəllənin 140-cı maddəsində də əqdin həqiqi sayılması üçün reyestrdəki əldə edən şəxsin xeyrinə olan qeydə dair etirazın reyestrə daxil edilməməsi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bilməməsi əsas şərtdir. Başqa sözlə, əqd o vaxt həqiqi sayılmır ki, bu qeydə dair etiraz reyestrə daxil edilmiş olsun və ya əldə edən şəxs qeydin qeyri-dəqiq olmasını bilmiş olsun. Hazırki işdə isə əqdin həqiqi olmaması üçün Mülki Məcəllənin 140-cı maddəsində müəyyən edilən hallar yuxarıda qeyd edildiyi kimi mövcud olmamasıdır. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Adı çəkilən qərar da Konstitusiya Məhkəməsinin Plenumu xüsusi olaraq onu da qeyd etmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. “X5 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında da Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, əldə edənin əmlakı onu özgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə etdiyini bilməməsi faktının mövcudluğu tələbin təmin olunmasının mümkünlüyü baxımından vicdanlı sahibi mülkiyyətçiyə nisbətdə daha üstün hüquqi mövqeyə çıxarır. Həmçinin “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 sentyabr 2014-cü il qərarında da Konstitusyta Məhkəməsi qeyd edir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Mövcud mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildikdə, onda MM-in 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin ayrı-ayrı işlər üzrə müxtəlif vaxtlarda qəbul etdiyi qərarlarda vicdanlı əldə edənin hüquqlarının qorunması, mülkiyyətçiyə nisbətdə onun daha üstün hüquqi mövqeyə çıxması və əqdin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildiyi halda MM-in 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməsi qeyd edilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Paduraru Rumıniyaya qarşı” işində daşınmaz əmlakın alqı-satqısında vicdanlı üçüncü şəxslərin hüquqlarının qorunmasına dair yerli qanunvericiliyinin mövcudluğuna əsaslanaraq, həmin işdə ərizəçinin geri tələb edilən əmlakının ona qaytarılmasını mümkün olmadığını qeyd edir. Avropa İnsan Hüquqları Məhkəməsi “Buciaş Ruminiyaya qarşı” işində qeyd edir ki, ləğv olunması istənilən satış müqaviləsinin taleyi tərəflərin vicdanlığı və ya vicdansızlığından asılıdır. Eyni zamanda iddiaçı iddia müddətini ötürmüşdür. Belə ki, Cavabdeh3 ilə Cavabdeh2 arasında alqı-satqı müqaviləsi xx.xx.2016-cı il tarixdə bağlanmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə isə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə mülki qanuvericilikdə müəyyən olunmuş müddət ərzində müraciət etməməklə iddia müddətini ötürmüşdür. Halbuki, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün kifayət qədər vaxtı olmasına baxmayaraq, iddia tələbini uzun müddət keçdikdən sonra irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, üçüncü şəxslər Sumqayıt şəhəri 4 saylı Notariat ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı «bağ sahəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və nəticələrinin ləğv edilməsi tələbinə dair» iddia ərizəsi rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar