Məhkəmə qərarları › İş №2(060)-1876/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1876/2022

06.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1876/2022 06.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış cərimənin silinməsi tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, «Azəriqaz» İstehsalat Birliyi tərəfindən 03.08.2018-ci il tarixli akta əsasən hesablanaraq **********12330 saylı abonent koduna vurulmuş 1455,20 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək göstərdi ki, 11.03.2020-ci ildə "xxxx" MTK-dan ******* saylı müqavilə əsasında payçı qismində M.Abdullayev küçəsi, bina 80A, 13cü mərtəbəsində yerləşən 233 nömrəli mənzili əldə etmiş ,ona qədər isə mənzildə X2 payçı olaraq yaşamışdır. Cavabdeh “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən **********12330 saylı abonent koduna 2018-ci ildə 1455,20 manat cərimə tətbiq edilmişdir. Mənzili əldə edərkən həmin borc barədə məlumatı olmamışdır. Sonradan qaz təchizatına görə ödədiyi vəsaitin 50 faizinin silinməsi müəyyən etdikdə Sumqayıt RQİİ-yə gedərək məsələni aydınlaşdırmağa çalışmış və abonent kodunu öz adına rəsmiləşdirmək istəmişdir. İdarədə ona sayğaca görə yazılmış 1455,20 manat borc olduğu, müəyyən hissəsinin onun ödədiyi vəsaitin yarısının tutulması nəticəsində silindiyi, abonent kodunda ad dəyişikliyi olduqda isə həmin borcun onun adına keçiriləcəyini bildirilmişdir. Bununla razılaşmadıqda idarədən ona məhkəməyə müraciət etməyi tövsiyyə etmişlər. Ona görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, heç bir təqsiri olmadan və istifadə etmədiyi qaza görə cavabdeh təşkilat ondan əsassız olaraq pul tələb edir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh «Azəriqaz» İB-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərdi ki, Sumqayıt şəhəri 10-cu mikraroyon, "xxxx" MTK, ev 1 mənzil 233 ünvanında yaşamış Xatirə Babayevanın mənzilinə “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən keçirilmiş baxış zamanı ******* saylı, 03.08.2018 tarixli akt tərtib edilmiş və aktda “ sayğacın hesablama mexanizminin qoruyucu plastmas örtüyü açılarkən daxildə kənar təsir izi aşkar olunmadığı qeyd edilmişdir. Abonentin qaz işlədici cihazlarının hesabatı aparılaraq sərfiyyatı 13.08.2018-ci il tarixli akta əsasən qaz işlədicilərdən PQ-3ün maksimal saatlıq qaz sərfi 0,8 kub.metr /saat, orta günlük iş rejimi 6 saat, hesabat müddəti 141 gün, kombinin maksimal saatlıq qaz sərfi 2,6 kub metr /saat, günlük iş rejimi 18 saat, hesabat müddəti 141 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün 7276 kubmetr x 0,20 =1455,20 (min dörd yüz əlli beş manat iyirmi qəpik) manat hesablanmış, itirilmiş qazın bərpası üzrə borc müəyyən edimiş və 2018 ci ilin iyun ayından abonent saldosunda qeyd edilmişdir. Abonentin həmin məlumatı olmuş, lakin qeyd edilən müddət ərzində məhkəməyə müraciət etmədiyi üçün iddia müddəti keçmişdir. Qeyd edilənlərə əsasən iddia tələbi əsassız olduğu və iddia müddəti keçdiyi üçün iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını hərtərəfli araşdırıb hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan ******* №li payçı müqaviləsindən görünür ki, Sumqayıt şəhəri Məzahir Abdullayev küçəsində inşa edilmiş 80A №li binanın, 233 №li 2 otaqlı mənzili İddiaçı məxsusdur. İş materiallarında olan ******* saylı aktın surətindən görünür ki, Sumqayıt şəhəri, M.Abdullayev küçəsi, bina 80A, 233 saylı mənzildən çıxarılmış qaz sayğacı dövlət yoxlamasına göndərilmiş və verilmiş rəyə görə sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi, plastmas örtüyü açılarkən daxildə kənar təsir izi aşkar olunmadığı qeyd edilmişdir. İş materiallarında olan 13.08.2018-ci il tarixli itirilmiş qazın dəyərinin hesablanması komissiyası qərarının surətindən görünür ki, həmin dövrdə X1 məxsus olan Sumqayıt şəhəri, M.Abdullayev küçəsi, bina 80A, 233 saylı mənzilə 7276 m3 itirilmiş qaz sərfiyyatı hesablanmışdır. İş materiallarına əlavə edilmiş abonentin saldosundan görünür ki, Sumqayıt şəhəri Kristal Abşeron MTK ev1 mənzil 233-ə (Sumqayıt şəhəri, M.Abdullayev küçəsi, bina 80A, mənzil 233 ) 1455,20 manat borc hesablanmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 №li qərarı ilə təsdiq olunmuş “X3”nın 1.3-cü bəndində göstərilmişdir ki, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt əlavə edilir. Həmin Qaydaların 3.1.5-ci bəndinə görə qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Həmin Qaydaların 4.7-ci bəndində göstərilmişdir ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə baxışı zamanı cavabdeh “Azəriqaz” İB tərəfindən iddiaçının yaşadığı ünvana quraşdırılmış qaz sayğacına sayğac əvəzedilən dövrə qədər mütəmadi olaraq baxış keçirilərək sayğacın işlək vəziyyətdə olub-olmaması müəyyən edilməmiş, nəticədə sayğacda olan nöqsan( keçən qazın həcminin düzgün hesablanmaması) qaz itkisinə gətirib çıxartmışdır. Sayğacdakı nöqsan isə ancaq 03.08.2018-ci ildə yenisi ilə əvəz edildikdən sonra qaz paylayıcısı tərəfindən aşkar edilmişdir. Bunun əksini sübut edə biləcək hər hansı sənəd cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, cavabdeh Azəriqaz İB-nin nümayəndələri (işçilər) tərəfindən mənzilə quraşdırılmış qaz sayğacına keçirilmiş ilkin baxış zamanı sayğacın hesablama mexanizmi üzərində kənar fiziki müdaxilə olmaması barədə qeydiyyat aparılmış, sonrakı laboratoriya tədqiqatları zamanı həmin hal yenidən təsdiqini tapmışdır. Bundan başqa fiziki şəxs olan istehlakçılar qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehlik daşımadığından məhkəmə belə hesab edir ki, İddiaçı məxsus olan Sumqayıt şəhəri, M.Abdullayev küçəsi, bina 80A-nın, 233 saylı mənzilinə təbii X3nın pozulması haqqında akt əsasında hesablanmış 1455,20 manat məbləğində borc silinməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı məxsus olan Sumqayıt şəhəri, 10-cu mikr, M.Abdullayev küçəsi, 80A saylı binanın, 233 saylı mənzilinə (Abunə kodu: **********12330) təbii X3nın pozulması haqqında akt əsasında hesablanmış 1455,20 manat borc silinsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar