Məhkəmə qərarları › İş №2(060)-1894/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1894/2023

27.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1894/2023 27.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra – iddiaçı) “Azəriqaz” İstehsalat Birliyinə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən onun faktiki mülkiyyətində olan Sumqayıt şəhəri, 52-ci məhəllə, Torpaqqala küçəsi, bağlar 1, ev 1303 В saylı fərdi yaşayış evinə dair əsassız olaraq hesablanmış itirilmiş qazın bərpası məqsədi ilə tələb olunan 1330 manat dəymiş ziyanın, eləcə də sayğacın dəyəri olaraq 185 manat 73 qəpik borcun silinməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı hazırda Zəngilan rayonunda pasport qeydiyyatında olmaqla faktiki ünvan 1 ünvanında yaşayır. ünvan 2 fərdi ev iddiaçının faktiki mülkiyyətindədir. Cavabdeh tərəfindən mənzilinə bildiriş göndərilmiş və həmin bildirişdə qeyd edilmişdir ki, ünvanda olan G-4 markalı 1602AZ**********01 nömrəli məişət qaz sayğacı dövlət yoxlamasına göndərilmiş və Metrologiya Departamentinin verdiyi rəyə əsasən ünvandan çıxarılmış sayğac 12 aprel 2019-cu il tarixlərdə “Alarm – 1” rejimi aşkar olunduğundan istismara yarasız kimi qiymətləndirilmişdir. Bu səbəbdən də sayğacın dəyəri olan 185 manat pulun ödənilməsi tələb edilmişdir. Eyni zamanda iddiaçıya 1330 manat borc da hesablanmışdır. Sayğac iddiaçıya məxsus həyətin daxilində yox, çöldə quraşdırılmışdır. Yəni, həmin sayğac həyətdən çöldə quraşdırıldığı üçün sayğaca görə iddiaçı məsuliyyət daşımır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsi ilə oxşar məzmunlu izahat verdi, əlavə olaraq bildirdi ki, sayğac çöldə yerləşir. Sayğaca heç bir müdaxilə etməmişlər. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbi ilə razı deyil. Sayğaca kənar müdaxil edilib. Bu səbəbdən məsuliyyət bilavasitə iddiaçının öz üzərinə düşür. Həmçinin iddiaçıya akt əsasında 1036,80 manat borc hesablanmışdır. İddiaçının silinməsini tələb etdiyi qalan məbləğ isə onun debitor borcudur və akt əsasında yaranmayıb. Qeyd edilənlərə əsasən cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1975-ci ildə anadan olmuş, Zəngilan rayonu Həkəri Dayanacağı ərazisində qeydiyyatdadır. Sumqayıt Bələdiyyəsi 52-ci məhəllə üzrə 1 saylı Məhəllə Komitəsinin xx.xx.2023-cü il tarixli, 4 nömrəli arayışına əsasən iddiaçı Sumqayıt şəhəri 52-ci məhəllə ərazisində yaşayır. İş materiallarında olan cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktda göstərilmişdir ki, xx.xx.2022-ci il tarixdə G-4 markalı sayğaca baxış keçirildi. Yivli birləşmələrində korroziya izi mövcuddur. Sayğacın yaddaş arxivi oxundu. xx.xx.2017, xx.xx.2018, xx.xx.2018 və xx.xx.2019-cu il tarixlərində “ALARM-1” rejimi aşkar olunub. Sayğacın klapanı işlək deyil. Xətalar normaya uyğundur. Sayğac istismara yararsızdır. Həmin akt əsasında cavabdehin itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən xx.xx.2022-ci il tarixdə iddiaçıya 8640 kub metr qaz sərfiyyatı hesablanmışdır. İddiaçıya aid ünvanın abonent saldosunda iddiaçıya akt əsasında 1036,80 manat borc hesablandığı göstərilmişdir. Cavabdehin iddiaçıya ünvanlanmış məktubunda bildirilmişdir ki, iddiaçının ünvanında məişət qaz sayğacı dövlət yoxlamasına göndərilmiş və Metrologiya Departamentinin verdiyi rəyə əsasən sayğac xx.xx.2019-cu il tarixlərdə “Alarm-1” rejimi aşkar olunduğundan sayğac istismara yarasız kimi qiymətləndirilmişdir. Müdaxilə edilmiş sayğacın dəyəri 185,73 manat ödənilməlidir. Əks təqdirdə hüquq mühafizə orqanlarına müraciət olunacaqdır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na əsasən qaz sayğaclarının üzərində AİBNDAnın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır (4.6.). Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır (4.7.). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8.). Normaların məzmunundan göründüyü kimi fiziki şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Zədələnmiş qaz sayğaclarının dəyəri o vaxt istehlakçı tərəfindən ödənilə bilər ki, zədələnmə onun təqsiri üzündən baş versin. Lakin cavabdeh qaz sayğacının iddiaçının təqsiri ucbatından zədələnməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya borcun hesablanması üçün əsas olmuş halları sübut edə bilməmişdir. İddiaçı iddia ərizəsində ona akt əsasında hesablanmış 1330 manat borcun və sayğacın dəyərinə görə ondan tələb edilən 185,73 manat pulun silinməsini xahiş etmişdir. Abonent saldosundan görünür ki, xx.xx.2022-ci il tarixli akt əsasında iddiaçıya 1036,80 manat borc hesablanmışdır. İddiaçının silinməsini tələb etdiyi qalan məbləğin həmin aktla hər hansı əlaqəsi yoxdur. İddiaçı həmin borcun ona əsassız olaraq hesablanması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bu səbəbdən iddia qismən təmin edilməli, iddiaçıya akt əsasında və sayğacın dəyərinə görə hesablanmış borclar silinməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı yaşadığı Sumqayıt şəhəri, 52-ci məhəllə, Torpaqqala küçəsi, bağlar 1, ev 1303 В saylı fərdi yaşayış evinə xx.xx.2022-ci il tarixli, ******* nömrəli akta əsasən hesablanmış 1036 (min otuz altı) manat 80 (səksən) qəpik və sayğacın dəyərinə görə ondan tələb edilən 185 (yüz səksən beş) manat 73 (yetmiş üç) qəpik məbləğində borclar silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar