Məhkəmə qərarları › İş №2(060)-1899/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1899/2021

25.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1899/2021 25.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı və cavabdeh “Cavabdeh” İstahsalat Birliyinin nümayəndəsi X4 iştirakları ilə İddiaçı cavabdeh “Cavabdeh” İstahsalat Birliyinə qarşı «aktın ləğv olunması və əsassız hesablanmış borcun silinməsi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən ona məxsus olan ünvan 1 ünvanına dair tərtib olunmuş 29.07.2020-ci il tarixli ******* saylı aktın ləğv olunması və əsassız olaraq hesablanmış 216 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək göstərdi ki, ünvan 1 order əsasından ona məxsusdur. O, həmin mənzildə ailə üzvlərində birlikdə yaşayır. O, yaşadığı ünvanda qazdan istifadəyə görə sayğac üzrə ödənişləri vaxtı-vaxtında ödəmiş və tərəflərindən qaz sayğacına heç bir müdaxilə olunmayıb. Belə bir hal heç vaxt baş verməyib. 29.07.2020-ci il tarixdə cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin əməkdaşları tərəfindən order əsasında ona məxsus olan ünvan 1-in qaz sayğacına baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, guya sayğaca müdaxilə olunub. Ona görə də, 29.07.2020-ci il tarixli ******* saylı akt tərtib olunmuşdur. Həmin aktın əsasında ona məxsus olan mənzilə 216 manat məbləğində cərimə hesablanmışdır. Onun həmin aktdan xəbəri olmamışdır. Akt onun iştirakı olmadan tərtib olunub. Bu da qanunverciliyin tələbinə ziddir. O, aktın tərtib olunmasında xəbərsiz olmuşdur. Cavabdeh təşkilat əsassız olaraq ona cərimə tətbiq etmişdir ki, bu da qanunsuz və əsassızdır. İstehlakçı olaraq onun hüquqlarının pozulmasıdır. Onun və ailə üzvləri tərəfindən sayağaca heç bir müdaxilə olunmayıb. Cavabdeh “Cavabdeh” İB-nin gəldiyi nəticə tamamilə əsassız və qanunsuzdur. Sayğacda olan hər hansı bir texniki nasazlığa görə o, heç bir məsuliyyət və cavabdehlik daşımır. Cavabdeh təşkilatın belə nəticəyə gəlməsi istehlakçı olaraq onun hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. O, sayğac üzrə ödənişləri vaxtı-vaxtında ödəmişdir. Sayğac üzrə cavabdeh təşkilata heç bir borcu yoxdur. Hesab edir ki, cərimə kimi ondan tələb olunan borc silinməlidir. Yaşadığı mənzilin qaz sayğacı evindən kənarda quraşdırılıb. Belə olan halda sayğaca olunan hər hansı bir müdaxiləyə və sayğacın qorunub saxlanmasına görə o, məsuliyyət daşımır. Hesab edir ki, bütün bunlar nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq, cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən ona məxsus olan ünvan 1 ünvanına dair tərtib olunmuş 29.07.2020-ci il tarixli ******* saylı aktın ləğv olunması və əsassız olaraq hesablanmış 216 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə cavabdeh “Cavabdeh” İstahsalat Birliyinin nümayəndəsi X7 iddia tələbini qəbul etməyərək göstərdi ki, ünvan 1-ə quraşdırılmış təbii qaz sayğacı ilə bağlı məlumat yazılmış və təbii qaz sayğacı çıxarılaraq yenisi ilə əvəz olunmuşdur. Sayğac dəyişdirilən zaman abonentə məlumat verilmiş və sayğacın çıxarılması zamanı yerində tərtib edilmiş ******* saylı aktda sayğacdan qazın keçdiyini və sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmədiyi və hesablama mexanizminin dişli çarxlar hərəkətə gətirən barabanın sınıq olduğu aşkar olunmuşdur. Əvvəlki, yəni yararsız hala salınmış təbii qaz sayğacı təlimata uyğun olaraq İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə Dövlət Yoxlamasına göndərilmişdir. Dövlət yoxlama idarəsinin aktına əsasən qaz sayğacına “İnformasiya Texnologiyaları və Rabitə İdarə”nin kalibirləmə laboratoriyasında baxış keçirilmiş və məişət qaz sayğacında “sayğac istismara yararsız kimi qiymətləndirilmişdir”. Əməkdaşları həmin mənzilə 29.07.2020-ci il tarixdə baxış keçirərək istifadə olunan avadanlıqların siyahısını tutaraq akt tərtib etmiş və Dövlətə vurduğu ziyan müəyyən edilərək 29.07.2020-ci il tarixli aktla itirilmiş qazın bərpası üzrə 216 manat cərimə hesablanmışdır. Bu faktla bağlı iddiaçıya məlumat verilmişdir ki, vurulmuş zərər ödənilsin, lakin hazırki vaxta kimi iddiaçı Dövlətə vurduğu zərəri ödəməmişdir. Göstərilənləri nəzərə alaraq, iddiaçının akt əsasında hesablanmış borcun silinməsi tələbinin əsassız hesab olunmasına dair iddiasını əsassız hesab edərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı və cavabdeh “Cavabdeh” İstahsalat Birliyinin nümayəndəsi X6 dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. İş materiallarında olan 19.05.2011-ci il tarixli 051 nömrəli orderin surətindən görünür ki, Sumqayıt şəhəri, Tağıyev-3 hərbi şərəciyi, F.Qayıbov küçəsi, ev 17, mənzil 1 order əsasında İddiaçı istifadəsinə verilmişdir. İş materiallarında olan 29.07.2020-ci il tarixli “Cavabdeh” İB “Dəymiş ziyanın bərpasına dair tələbnamə”nin surətindən görünür ki, Qaz sayğacının nominal qaz sərfi 4m3/saat orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. Cəmi 2160 m3. İş materiallarında olan “Cavabdeh” İB-nin əməkdaşları A.Musayev, B.Abbasov və R.Bağırovun iştirakı ilə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Qayıbov küçəsi, ev 17, mənzil 1-ə dair tərtib edilmiş “Təbii X5nn pozulması haqqında” ******* №li 29.07.2020-ci il tarixli aktın surətindən görünür ki, 27.04.2020-ci ildə D/Y-na gətirilmiş, metrologiya Departamenti sayğacların müayinəsi, laborotiyasının rəyinə görə G-4 markalı (№4275393) qaz sayğacına ümumi baxış keçirilmiş, sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Hesablama mexanizminin dişli çarxları hərəkətə gətirən barabanı sınıq olduğu aşkar olunmuşdur. İş materiallarında olan “Cavabdeh” İB-nin əməkdaşları B.Abbasov, X.Abuşov və R.Bağırovun iştirakları ilə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Qayıbov küçəsi, ev 17, mənzil 1-ə dair tərtib edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* №li 30.03.2020-ci il tarixli aktın surətindən görünür ki, X3 məxsus evə aid qaz sayğacı yenisi ilə əvəz olunmuşdur. İş materiallarında olan “Cavabdeh” İB-nin 24 iyun 2020-ci il tarixli MSK 29/1710- 00981-3 saylı aktın surətindən görünür ki, “Cavabdeh” İB-nin SOCAR**********91710X00981 saylı, 21 aprel 2020-ci il tarixli məktubuna əsasən 27 aprel 2020-ci il tarixində əhali sektorunda istismarda olan Sumqayıt QİS-dən Metrologiya Departamenti tərəfindən qaz sayğaclarına baxış keçirilmiş müəyyən olunmuşdur: G-4 markalı (№4275393) qaz sayğacına ümumi baxış keçirilmiş, sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Hesablama mexanizminin dişli çarxları hərəkətə gətirən barabanı sınıq olduğu aşkar olunmuşdur. İş materiallarında olan abonentin saldosundan müəyyən olunur ki, X2 yaşadığı Sumqayıt şəhəri, Tağıyev qəsəbəsi, F.Qayıbov küçəsi, ev 17, mənzil 1-ə akta əsasən 216 manat məbləğində əlavə qaz sərfiyyatı hesablanmışdır. “X5"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti 12 may 2011-ci il tarixli 80 saylı Qərarının 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. Həmin qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə hesab edir ki, Qanunvericiliyin tələbləri baxımından fiziki şəxlərin mənzillərinə quraşdırılmış qaz sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısı cavabdehlik daşıyır. Sayğaca məhz iddiaçı tərəfindən müdaxilə olunması üçün Sumqayıt Qaz İstismar İdarəsinin məhkəməyə təqdim edə biləcək dəlilləri olsaydı, nəzərdə tutulmuş sayğacın dəyərinin İddiaçı tələb edilməsi qanuni olardı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Bu Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göründüyü kimi İddiaçı “Cavabdeh” İstehsalat Birliyinə məxsus qaz sayğacını zədələyərək maddi ziyan vurması məhkəmədə sübuta yetirilmədi. Məhkəmə iddia tələbinin tərtib edilmiş 29 iyul 2020-ci il tarixli, ******* saylı aktın ləğv edilməsi hissəsini araşdıraraq, hesab edir ki, aktın etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. Belə ki, tərtib edilmiş akt həmin sayğaca müdaxilə ilə bağlı olmuş və sayğaca müdaxilə olunması məhkəmədə öz təstiqini tapmışdır. Ona görə məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 N-li Qərarı ilə təsdiq olunmuş “X5”nın 4.9-cu bəndinə görə zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi və 4.2-ci bənsinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaydaların 4.2-ci bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddiaları üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə bu normalardan çıxış edərək və işin faktiki halları ilə əlaqəli olan sübutları qəbul edib məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən İddiaçı məxsus H.Z.Tağıyev qəsəbəsi, F.Qayıbov küçəsi, ev 17, mənzil 1 ünvanına akt əsasında hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borc əsassız olduğu üçün silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbayçan Respublikası Mülki Prosessual Məcəlləsininin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbayçan Respublikası Mülki Məcəlləsinin 405, 567-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT E T D İ: İddia qismən təmin edilsin. “Cavabdeh” İstehsalat Birliyi tərəfindən İddiaçı məxsus H.Z.Tağıyev qəsəbəsi, F.Qayıbov küçəsi, ev 17, mənzil 1 ünvanına akt əsasında hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borc əsassız olduğu üçün borc silinsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar