Məhkəmə qərarları › İş №2(060)-1903/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1903/2023

05.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1903/2023 05.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı, Cavabdeh "xxxx" İstehsalat Birliyinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" İstehsalat Birliyinə qarşı «əssasız hesablanmış borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı cavabdeh "xxxx" İstehsalat Birliyinə qarşı «əssasız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri, Yaşıl Dərə yaşayış massivində yerləşən fərdi evdə yaşayır. Həmin mənzilə xidmət göstərən qaz sayğacı üzrə abonent kodu **********01250 olmaqla onun adınadır. Həmin evə qaz sayğacı çöl tərəfdə quraşdırılmış və onun xəbəri olmadan cavabdeh təşkilatın nümayəndələri xx.xx.2022-ci ildə həmin ünvanda olmuş, onun evinə xidmət göstərən qaz sayğacının xəta ilə işlədiyini aşkar etməklə ******* saylı akt tərtib etmişlər. Onun mənzilinə quraşdırılan qaz sayğacını dəyişmiş və əvvəlki sayğacın xəta ilə işləməsi səbəbindən ona dəymiş ziyanın bərpası ilə bağlı hesablama aparılmaqla 1440 kub metr sərfiyyat hesablanmaqla 1036.80 manat cərimə yazılmışdır. Sayğac yaşadığı evin çöl hissəsində yerləşir və əgər həmin sayğaca hər hansı bir müdaxilə olmuşsa, buna görə də o cavabdehlik daşımamalıdır. Belə ki, həmin ərazidən hər gün yüzlərlə insan, nəqliyyat vasitələri keçir, kiminsə təqsiri üzündən də bu halın baş verməsi qaçılmazdır. Hər gün həmin sayğacın yanında dayanıb onu qorumaq onun vəzifəsi deyildir. Əgər sayğac evin daxilində olsa idi, ona o cavabdehliyə cəlb edilə bilərdi. Ona görə də cavabdehin bu müdaxilənin onun tərəfindən edilməsi barədə gəldiyi qənaət tam əsassızdır. Hesab edir ki, cavabdehin bu hərəkətləri tam qanunsuzdur. Ona görə də cavabdeh tərəfindən tərtib edilmiş akt əsasında hesablanmış 1036.80 manat məbləğində cərimə silinməlidir. Eyni zamanda o bu məsələ ilə bağlı mediasiyaya ödədiyi 50 manat vəsait də cavabdehdən alınaraq ona qaytarılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmədən ona məxsus Sumqayıt şəhəri, Yaşıl Dərə yaşayış massivində yerləşən, cavabdehin ev 6, mənzil 125 kimi qeyd etdiyi, abonent kodu **********01250 olan evə "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında 1440 kub metr həcmdə sərfiyyata görə hesablanan 1036.80 manat cərimə borcunun silinməsi və 50 manat məbləğində mediasiya üçün ödənilən vəsaitin cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə prosesinin iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh "xxxx" İstehsalat Birliyinin nümayəndəsi X2 izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. 25 noyabr 2022-ci il tarixli akt əsasında hesablanmış borcun cavabdeh tərəfindən ödənilməli olmasını qeyd edir. Vaxt aşırı nəzarətçilər tərəfindən baxış keçirilir. Baxış zamanı vizual nasazlıq aşkar edilərsə akt tərtib oluna bilər. İyun,iyul,avqust,sentyabr,noyabr,dekabr aylarında ümumiyyətlə ödəniş olmamışdır. Orada yaşayıb, yaşamadıqlarına dair onlarda sübut yoxdur. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxsin izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı, 25 noyabr 2022-ci il tarixli aktın surətindən görünür ki, xx.xx.2022-ci ildə D/Yna gətirilmiş G-4 markalı № (1602AZ**********29), sayğaca baxış keçirilməsi, sayğacın çıxış plastmas borusunun deşik olması, xətaların normadan artıq olması, sayğacın minimal sərfiyyatda -100% nisbi xəta ilə işləməsi, kamera vasitəsi ilə sayğacın daxilinə baxış keçirilməsi, plastmas boruda deşiyin aşkar olunması, hesablama mexanizminin minimal sərfiyyatda keçən qaz həcmini qeyd etməməsi, sayğacın istismara yararsız kimi qiymətləndirilməsi qeyd olunmuşdur. İş materiallarında olan 25 noyabr 2022-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, iddiaçının ünvanına ******* saylı, 25 noyabr 2022-ci il tarixli akta əsasən itirilmiş qazın bərpası üçün 1440 kubmetr qaz itkisi hesablanmışdır. İş materiallarında olan qaz sayğacının yoxlanılması barədə Metrologiya Departamentinin verdiyi xx.xx.2022-ci il tarixli, MSK-29/1710-03178-1 saylı aktın surətindən görünür ki, sayğaca baxış keçirilmiş, sayğacın klapanın işlək olamaması, yivli birləşmələrdə korroziya izinin mövcud olması, sayğacın yaddaş arxivinin oxunması, sayğacda istismar müddətində ALARM-1 rejiminin aşkar olunmaması, xətaların normadan artıq olması, sayğacın istismara yararsız kimi qiymətləndirilməsi qeyd olunmuşdur. Abonentin saldosundan görünür ki, abonent (abonent kodu **********01250) İddiaçı məxsus ünvan 1 ünvanına akta görə 2022-ci il tarixin sonuna 1036.80 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli, MŞS/MT030/2023/00166 saylı arayışdan görünür ki, xx.xx.2023cü il tarixində, saat 12:00-da Sumqayıt şəhərində keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında "xxxx" İB 3 gün əvvəlcədən poçt vasitəsi ilə məlumatlandırılmasına baxmayaraq iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Məhkəmə iclasında iş materialları ilə müəyyən edilmişdir ki, ******* saylı, 25 noyabr 2022-ci il tarixli akt iddiaçıya məxsus mənzilə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğacın xx.xx.2022-ci ildə D/Y-na gətirilmiş G-4 markalı № (1602AZ**********29), sayğaca baxış keçirilməsi, sayğacın çıxış plastmas borusunun deşik olması, xətaların normadan artıq olması, sayğacın minimal sərfiyyatda -100% nisbi xəta ilə işləməsi, kamera vasitəsi ilə sayğacın daxilinə baxış keçirilməsi, plastmas boruda deşiyin aşkar olunması, hesablama mexanizminin minimal sərfiyyatda keçən qaz həcmini qeyd etməməsi, sayğacın istismara yararsız kimi qiymətləndirilməsi səbəbindən tərtib edilmişdir. Ona görə cavabdeh təşkilat tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 1036.80 manat cərimə qismində hesablanmış borc tələb edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Məhkəmə hesab edir ki, sayğaca baxış keçirilməsi, sayğacın çıxış plastmas borusunun deşik olması, xətaların normadan artıq olması, sayğacın minimal sərfiyyatda - 100% nisbi xəta ilə işləməsi, kamera vasitəsi ilə sayğacın daxilinə baxış keçirilməsi, plastmas boruda deşiyin aşkar olunması, hesablama mexanizminin minimal sərfiyyatda keçən qaz həcmini qeyd etməməsi, sayğacın istismara yararsız kimi qiymətləndirilməsi üçün tərtib edilmiş akt əsassızdır. Belə ki, akt tərtib edilməklə sayğacda qeyd olunanlarla bağlı cavabdehliyi iddiaçı daşımadığı, həmçinin iddiaçının qanunsuz hərəkəti nəticəsində olduğu müəyyən edilməmiş və həmin hal məhkəmə iclasında cavabdeh "xxxx" İstehsalat Birliyi tərəfindən sübut olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, fiziki şəxs olan İddiaçı qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, sayğaca iddiaçı tərəfindən müdaxilə halı müəyyən edilmədiyindən, sayğac iddiaçının yaşadığı mənzildən kənarda yerləşdiyindən itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı, 25 noyabr 2022-ci il tarixli akta əsasən 1036.80 manat borcun silinməsi barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, "xxxx" İstehsalat Birliyi tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı, 25 noyabr 2022-ci il tarixli akta əsasən hesablanmış 1036.80 manat borc abonentin hesabından (abonent kodu **********01250) silinməlidir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Bundan başqa “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir Beləliklə, məhkəmə hesab edir ki, 50 manat məbləğində mediasiya xərci cavabdeh "xxxx" İstehsalat Birliyindən tutularaq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" İstehsalat Birliyi tərəfindən ünvan 1 ünvanına “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı, 25 noyabr 2022-ci il tarixli akta əsasən hesablanmış 1036.80 (bir min otuz altı manat səksən qəpik) manat borc abonentin hesabından (abonent kodu **********01250) silinsin. Cavabdeh "xxxx" İstehsalat Birliyindən 50 (əlli) manat mediasiya xərci tutulub İddiaçı verilsin. Cavabdeh "xxxx" İstehsalat Birliyindən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar