Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1921/2024 30.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt ərazi idarəsi olmaqla sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizə tələbi:
1. Ərizəçi maraqlı şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt ərazi idarəsini qoymaqla ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər XDS İK tərəfindən X9 ünvan 1 ünvanında sahəsi 35.7 kv.m olan 3 otaqlı mənzil (hazırda H.Z.Tağıyev qəsəbəsi, C.Cabbarlı küçəsi ev 9 mənzil 32) üçün adına verilmiş 10 noyabr 1992-ci il tarixli, 19/785 nömrəli orderin mərhum anası X4 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum anasının ölüm haqqında şəhadətnaməsində soyadı “Quliyeva” adı “Fatma” atasının adı “Ağa Əli” olmuşdur. Buna baxmayaraq Sumqayıt şəhər XDS İK-nin tərəfindən onun adına ünvan 2 ünvanında sahəsi 35.7 kv.m olan 3 otaqlı mənzil (hazırda H.Z.Tağıyev qəsəbəsi, C.Cabbarlı küçəsi ev 9 mənzil 32) üçün verilmiş 10 noyabr 1992-ci il tarixli, 19/785 nömrəli orderdə adı, soyadı düz, atasının adı isə səhv olaraq “Əli” yazılmışdır. Sumqayıt şəhər X8 İcraiyyə Komitəsi ləğv edilmiş və bütün sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialına təhvil verilmişdir. Həmin filialının verdiyi arxiv çıxarışından da görünür ki, anasının, atasının adı səhv olaraq “Əli” yazılmışdır. Sumqayıt şəhər X8 İcraiyyə Komitəsi ləğv edilmiş, bu səbəbdən həmin orqan tərəfindən orderdə anasının ata adında yol verilmiş səhvin aradan qaldırılması mümkün deyil. Mənzilin özəlləşdirilməsi məqsədilə müraciətinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt ərazi idarəsi xx.xx.2023-cü il tarixli bildirişdə qeyd edir ki, mənzilin orderi və ölüm haqqında şəhadətnamədə anasının atasının adı arasındakı uyğunsuzluq məhkəmə qaydasında həll olunmalıdır. O hazırda mənzildə qeydiyyatdadır və yaşayır. Mənzilin orderində göstərilmiş atası, anası və qardaşı vəfat etmişlər. Sumqayıt XDS İK tərəfindən anasının adına verilmiş orderdə atsının adı düz göstərilmədiyinə görə mənzili əvəzsiz özəlləşdirib xüsusi mülkiyyətlərinə keçirmək hüququndan istifadə edə bilmir. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclaslarında iştirak edən ərizəçinin nümayəndəsi Vəkil ərizənin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, İcraiyyə Komitəsi ləğv olunduğundan sənədlər arxivə verilib. Bu səbəbdən düzəliş edilməsi mümkün olmamışdır. Sonda məhkəmədən ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədqiq olunan sübutlar:
5. Vİ-ЖГ 385113 saylı Doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X2 xx xxxx 1979-cu ildə doğulmuşdur. X1, anası X5r.
6. Sumqayıt şəhər XDS İK-nin mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsinin 10 noyabr 1992-cü il tarixli 19/785 nömrəli orderindən görünür ki, ünvan 1 ünvanında sahəsi 35.7 kv.m olan 3 otaqlı mənzilə dair (hazırda H.Z.Tağıyev qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 9, mənzil 32) X9 adına order verilmişdir. Sahəyə hüququ olub, order üzrə evə köçən şəxslərin siyahısında qeyd edilmişdir: Quliyeva F.Ə; Quliyev Ə.Ə; Quliyev T.Ə; Quliyeva R.Ə.
7. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialının 06 iyun 2022-ci il tarixli, 647 nömrəli arxiv çıxarışından görünür ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 29 oktyabr 1992-ci il tarixli, 659 nömrəli əmri ilə Sumqayıt şəhəri mənzil bölüşdürmə, mənzil dəyişdirmə və mənzil-tikinti kooperativlərində mənzillərin bölüşdürülməsi komissiyası tərəfindən təsdiq edilmiş 25 sentyabr 1992-ci il tarixli 87 №-li protokola əsasən, Z.Tağıyev qəsəbəsi, Stepnoy küçəsi, ev 9 mənzil 32 ünvanda sahəsi 35,7 kv.m olan 3 otaqlı mənzilin X9 4 nəfərdən ibarət ailə tərkibinə (1. X14 (ev sahibi), 2. X6 (yoldaşı), 3. Quliyev Tale Ə. (oğlu), 4. Quliyeva Rəqsanə Ə. (qızı)) təqdim edilməsi əmr edilmişdir.
8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt ərazi idarəsinin Ərizəçi ünvanlanmış 12 avqust 2022-ci il tarixli, **********39 nömrəli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi” barədə bildirişindən görünür ki, ərizəyə əlavə edilmiş sənədlərin araşdırılması zamanı order sahibinin ata adında uyğunsuzluq olduğu müəyyən olunmuşdur. Belə ki, təqdim edilmiş 10 noyabr 1992-ci il tarixli, 19/785 nömrəli order və 06 iyun 2022-ci il tarixli, 647 nömrəli arxiv arayışında göstərilən protokoldan çıxarışda adına order verilən şəxsin adı, soyadı, ata adı “X14” qeyd olunsa da, ölüm haqqında şəhadətnamədə “X7” qeyd olunmuşdur. Adlar arasındakı uyğunsuzluq məhkəmə qaydasında həll olunmalıdır.
9. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin rayon Mənzil- İstismar hissəsi 1 nömrəli mənzil-istismar şöbəsinin 04 may 2022-ci il tarixli, 974 nömrəli arayışdan görünür ki, Ərizəçi həqiqətən H.Zeynalabdin Tağıyev qəsəbəsi C.Cabbarlı küçəsi, ev 9, mənzil 32 ünvanında yaşayır. Mənzil 3 otaqlıdır, sahəsi 35,7 kv.m-dir. Mənzil 5 mərtəbəli evin 1-ci mərtəbəsində yerləşir, mənzil şəraiti normaldır. Mənzil sahibi X14 vəfat edib. Ailə üzvlərinin sayı 3 nəfərdir.
10. AZ-İ 868295 saylı Ölüm haqqında şəhadətnamədən görünür ki, X7 12 may 2017-ci il tarixdə vəfat etmişdir.
11. AZ-İİ 277987 saylı Ölüm haqqında şəhadətnamədən görünür ki, X3 14 noyabr 1993-cü ildə Sumqayıt şəhərində vəfat etmişdir.
12. İİ-РУ 596128 saylı Ölüm haqqında şəhadətnamədən görünür ki, X10 08 sentyabr 2008-ci il tarixdə vəfat etmişdir.
13. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Aparatının Mənzil təsərrüfatı və mənzillərin uçotu şöbəsinin müdiri Sədaqət Əsədovanın 01 aprel 2024-cü il tarixli məktubundan görünür ki, Ərizəçi mərhum anasının ölüm haqqında şəhadətnaməsində ata adının “Ağa Əli” olduğu halda ona verilmiş 1992-ci il tarixli 19/785 saylı orderdə “Əli” kimi qeyd olunduğu səbəbdən düzəliş olunmasına köməklik göstərilməsi barədə müraciətə Şəhər İcra Hakimiyyətində baxılmışdır. Aparılmış arxiv araşdırması nəticəsində X4 təqdim edilmiş mənzilin sərəncamaltı sənədlərində ata adı ayr-ayrı variantlarda göstərildiyi səbəbdən qaldırılan məsələyə mahiyyəti üzrə baxılması mümkün olmamışdır.
Məhkəmə baxışının hədləri:
14. Mülki Prosessual Məcəllənin: 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.5. Şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinin tələbinə görə ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
16. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, ərizəçinin nümayəndəsini dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, ərizə təmin edilməlidir.
17. Belə ki, iş materiallarından görünür ki, Sumqayıt şəhər XDS İK-nin 10 noyabr 1992-ci il tarixli, 19/785 nömrəli orderi ilə ünvan 4 ünvanda sahəsi 35.7 kv.m olan 3 otaqlı mənzil (hazırda H.Z.Tağıyev qəsəbəsi, C.Cabbarlı küçəsi ev 9 mənzil 32) X4 verilmişdir. Orderdə göstərilən şəxsin ata adı ərizəçinin anasının şəxsiyyətini təsdiq edən sənədlərdəki ata adı ilə düz gəlmir, yəni üst-üstə düşmür. Belə ki, ərizəçinin anası X7 olduğu halda, həmin sənəddə şəxsin ata adı Əli kimi göstərilmişdir. Bu sənəd hüquq müəyyənedici sənəddir və onun ərizəçinin anasına məxsus olması faktının müəyyən edilməsi həmin sənədin əsasında verilmiş mənzilə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün zəruridir. Aidiyyəti orqan həmin sənəddə olan səhvlərin aradan qaldırılmasından imtina etmişdir. Ərizəçi həmin faktları təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir.
18. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, ərizəçi faktı təsdiq edən hüquqmüəyyənedici sənədi başqa qaydada ala bilmədiyindən onun MPM-in 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır.
19. Belə ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Aparatının Mənzil təsərrüfatı və mənzillərin uçotu şöbəsinin 01 aprel 2024-cü il tarixli və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt ərazi idarəsinin Ərizəçi ünvanlanmış 12 avqust 2022-ci il tarixli, **********39 nömrəli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi” barədə bildirişi ilə onun müraciəti təmin edilməmişdir.
20. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 6.1-ci bəndinə uyğun olaraq, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər.
21. Həmin Qərarın 6.2 və 6.3-cü bəndlərinə əsasən, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquq müəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir.
22. Göstərilən normaların və Plenum Qərarının məzmunundan göründüyü kimi, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin bir neçə şərtləri vardır - ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür.
23. Hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədlərin başqa qaydada (məhkəmədən kənar qaydada) alınmasının mümkünsüzlüyü hallarını öz növbəsində iki qrupa bölmək olar - hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin qanunvericiliklə yalnız məhkəmə qaydasının nəzərdə tutulduğu hallar və hüquqi əhəmiyyətli faktları müəyyən etmək səlahiyyəti olan dövlət orqanları və vəzifəli şəxslərin həmin faktları təsdiq edən sənədləri verə bilmədikləri, yaxud vermədikləri hallar. Hazırki iş üzrə məhkəməyə təqdim edilmiş texniki pasporta başqa qaydada düzəliş edilməsi və yaxud ölən şəxsə məxsus olmasının müəyyən edilməsi mümkün olmamışdır.
24. İş materiallarından göründüyü kimi, ərizəçi tərəfindən təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, ərizəçinin anasının ata adı nikah, ölüm haqqında şəhadətnamələrdə, eləcə də ərizəçinin doğum haqqında şəhadətnaməsində “Ağa Əli” olaraq qeyd edilmişdir. Eyni zamanda sözügedən orderdə ərizəçinin anasının ata adı “Əli” kimi qeyd olunmuşdur. Göründüyü kimi, şəxsin, adı, soyadı, atı adı müxtəlif sənədlərdə müxtəlif cür yazılmışdır. Sözügedən orderin ərizəçinin anası X4 məxsus olması onların eyniləşdirmə məlumatları, qeydiyyat ünvanları, orderdə qeyd olunan ailə üzvlərinin siyahısı ilə müəyyən olunur. Məhkəmə tədqiq edilmiş sübutlar əsasında belə qənaətə gəlir ki, H.Zeynalabdin Tağıyev qəsəbəsi C.Cabbarlı küçəsində yerləşən 9 saylı ev, 32 saylı mənzilə dair 10 noyabr 1992-cü il tarixli 19/785 nömrəli order X4 məxsusdur. Orderdə yanlışlıqla ərizəçinin anasının ata adı “Ağa Əli” əvəzinə “Əli” kimi göstərilmişdir. Order hüquq müəyyənedici sənəddir və həmin sənəddə olan səhvin düzəldilməsi başqa qaydada mümkün olmamışdır. Göstərilənlərə əsasən, orderin ərizəçinin atasına məxsus olmasının müəyyən edilməsi barədə ərizə təmin edilməlidir.
25. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Sumqayıt şəhər XDS İK tərəfindən ünvan 4 ünvanda sahəsi 35.7 kv.m olan 3 otaqlı mənzil (hazırda H.Z.Tağıyev qəsəbəsi, C.Cabbarlı küçəsi ev 9 mənzil 32) üçün verilmiş 10 noyabr 1992-ci il tarixli, 19/785 nömrəli orderin X4 məxsus olması faktı müəyyən edilməlidir.
Nəticə:
26. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
Ərizə təmin edilsin. Sumqayıt şəhər XDS İK tərəfindən ünvan 4 ünvanda sahəsi 35.7 kv.m olan 3 otaqlı mənzilə (hazırda H.Z.Tağıyev qəsəbəsi, C.Cabbarlı küçəsi ev 9 mənzil 32) dair verilmiş 10 noyabr 1992-ci il tarixli, 19/785 nömrəli orderin X4 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva