Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1932/2023 02.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin qismən etibarsız hesab edilməsi və dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 11-ci məhəllə ünvanında yerləşən 87 saylı fərdi yaşayış evinə dair Cavabdeh ilə X9 arasında bağlanmış Sumqayıt şəhər 4 saylı notariat ofisində 4Ə-1194 nömrəli reyestrlə qeydə alınmış 06 iyul 2018-ci il tarixli “daşınmaz əmlakın bağışlanması’’ müqaviləsinin və yaşayış evinə dair X6 verilmiş xx.xx.2018-ci il tarixli ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı dəqiqləşmə verərək, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 11-ci məhəllə ünvanında yerləşən 87 saylı fərdi yaşayış evinə dair Cavabdeh ilə X9 arasında bağlanmış Sumqayıt şəhər 4 saylı notariat ofisində 4Ə-1194 nömrəli reyestrlə qeydə alınmış 06 iyul 2018ci il tarixli “daşınmaz əmlakın bağışlanması’’ müqaviləsinin qismən etibarsız hesab edilməsi və yaşayış evinə dair X6 xx.xx.2018-ci il tarixli ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, mərhum atası Muradov Əliheydər Xəsi oğlu tərəfindən mülkiyyət hüququ ilə ona məxsus Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 11-ci məhəllədə yerləşən 87 saylı fərdi həyət evinə dair xx.xx.1998-ci il tarixdə Cavabdeh adına vəsiyyətnamə qoyulmuşdur. xx.xx.2001-ci il tarixdə atası Əliheydər Xəsi oğlu vəfat etmişdir. Bundan sonra, Cavabdeh miras əmlaka dair Sumqayıt şəhər 2 saylı DNK-da xx.xx.2001-ci il tarixdə 2V2/87 nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə əsasən Sumqayıt şəhər X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən (hazırda DƏDRX-nin Sumqayıt şəhər 2 saylı Ərazi İdarəsi) Cavabdeh miras əmlakın ½ hissəsinə qeydiyyat vəsiqəsi verilmiş, ½ hissədə isə məcburi pay nəzərə alınmaqla (ona çatası pay) açıq saxlanılmışdır. Bir müddət keçəndən sonra Cavabdeh miras qalmış əmlakın tam şəkildə adına keçirilməsi üçün məhkəməyə müraciət etmişdir. Cavabdeh notariat orqanından miras əmlaka dair aldığı vəsiyyətnamə üzrə şəhadətnaməni ( ½ hissədə) və çıxarışı (½ hissədə) məhkəməyə təqdim etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2003-cü il tarixli, 2-382 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Məhkəmə qətnaməsinə əsasən Sumqayıt şəhəri, Katec qəsəbəsi, 11-ci məhəllə, 87 saylı fərdi həyət evinə dair 3-cü şəxs DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi (o zaman Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi adlanan) tərəfindən Cavabdeh adına xx.xx.2003-cü il tarixdə 162 qeydəalma nömrəsi ilə 06 nömrəli kitabda qeyd edilmiş, miras əmlaka dair tam payla mülkiyyət üzrə qeydiyyat vəsiqəsi verilmişdir. Həmin zaman keçirilmiş məhkəmə mübahisəsindən onun xəbəri olmamışdır. 2018-ci ildə pasport qeydiyyatından çıxarılmağını, məhdudiyyət olduğunu bildiyi zaman məhkəmə qətnaməsini əldə etmiş və qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2018-ci il tarixli, 2(105)-3863/2018 saylı qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2003-cü il tarixli 2-382 saylı qətnaməsi ləğv edilmiş, haqlı olaraq iş üzrə icraata xitam verilmişdir. Həmin qərardadla iddiaçıya bildirilmişdir ki, müvafiq qaydada notariat kontoruna müraciət olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın xx.xx.2019-cu il tarixli, 2(102)-1411/2019 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qətnaməsi ilə ləğv olunmuş rəsmi qeydiyyatını bərpa etmişdir, lakin miras qalmış əmlaka məcburi pay üzrə vərəsəlik şəhadətnaməsi alıb, açıq qalmış ½ hissəyə dair çıxarış almaq istədikdə, məlum olmuşdur ki, Cavabdeh Sumqayıt şəhəri, Katec qəsəbəsi, 11-ci məhəllədə yerləşən 87 saylı fərdi həyət evini tam şəkildə adına keçirmiş, Sumqayıt şəhəri, 4 saylı notariat kontorunun 4Ə-1194 nömrəli, xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsi əsasında X6 bağışlamışdır. Bağışlama müqaviləsi əsasında 2 saylı Sumqayıt Şəhər Ərazi İdarəsi tərəfindən mülkiyyətə dair xx.xx.2018-ci il tarixli, ********** nömrəli çıxarış verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2-382/2003 saylı, xx.xx.2003-cü il tarixli qətnaməsi ləğv edildiyi zaman, Cavabdehın məhkəmədə iştirak etməsinə baxmayaraq əmlakın bağışlanmasını həm ondan, həm də məhkəmədən gizlətmişdir. Həmin zaman mübahisəli yaşayış sahəsində 3-cü şəxs yaşamamışdır. Hesab edir ki, 2-382/2003 saylı, xx.xx.2003-cü il tarixli qətnamə ləğv edildiyindən, Cavabdeh adına xx.xx.2003-cü il tarixdə 162 qeydəalma nömrəsi ilə 06 nömrəli kitabda qeydə alınmış tam payla mülkiyyətə dair xx.xx.2018-ci il tarixdə bağlanmış bağışlama müqaviləsi ləğv edilməlidir. Həmin müqavilə əsasında X5 adına verilmiş xx.xx.2018-ci il tarixli, ********** nömrəli çıxarış da ləğv edilməlidir. Cavabdehin nümayəndəsi məhkəməyə iddia tələbinə etiraz edilməsi barədə ərizə təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, iddia ərizəsinin hər hansı hüquqi əsası yoxdur. Belə ki, iş materiallarında olan sənədlərdən göründüyü kimi, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 11-ci məhəllədə yerləşən 87 saylı fərdi yaşayış evi Cavabdeh Heybər qızının mülkiyyətində olmuş və onunla X9 arasında bağlanılmış bağışlama müqaviləsi əsasında sonuncunun mülkiyyətinə keçmişdir. İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2003-cü il tarixli, 2-382 saylı qətnaməsinin ləğv edilərək Cavabdeh Heybər qızının “mülkiyyətin tam şəkildə qeydiyyata alınması və pasport qeydiyyatından çıxarılma” tələbinə dair iş üzrə icraata xitam verildiyinə istinad edərək belə bir tələblə məhkəməyə müraciət etmişdir. Halbuki, sözügedən mülki iş üzrə icraata xitam verilsə də, Cavabdeh Heybər qızının mübahisələndirilən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ ləğv edilməmiş və həmin fərdi yaşayış evinə dair onun adına verilmiş hüquqi sənəd qüvvədən düşməmişdir. Belə olan halda hesab edir ki, mübahisələndirilən fərdi yaşayış evinə dair Cavabdeh ilə X9 arasında Sumqayıt şəhəri 4 saylı notariat ofisində bağlanılmış xx.xx.2018-ci il tarixli “daşınmaz əmlakın bağışlanması” müqaviləsinin etibarsız hesab edilməsi və həmin bağışlama müqaviləsi əsasında X5 adına mübahisləndirilən fərdi yaşayış evi üzərində daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının ləğv edilməsi üçün hüquqi əsaslar mövcud deyildir. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisələndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. İddiaçının iddia ərizəsində irəli sürdüyü dəlillər yalnız formal mülahizələr olmaqla qanunverciliklə müəyyən olunmuş qaydada sübuta yetirilmir. İddiaçı məhkəmədən Sumqayıt şəhəri 4 saylı notariat ofisində Cavabdeh ilə üçüncü şəxs X9 arasında bağlanılmış 4Ə-1194 reyestr nömrəli xx.xx.2018-ci il tarixli “daşınmaz əmlakın bağışlanması” müqaviləsinin əhəmiyyətsiz əqd hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Eyni zamanda iddiaçı pozulmuş hüququnun müdafiəsi üçün qanunvericiliklə müəyyən edilmiş sadalanan 1 illik müddəti də ötürmüşdür. Ona görə də, hesab edir ki, İddiaçı iddia tələbləri əsassız olduğundan təmin edilməməlidir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və onun təmin olunmasını xahiş etdi. Cavabdeh və nümayəndəsi məhkəmə iclasında etiraz ərizəsində göstərdiklərini müdafiə edərək, etiraz ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib, məhkəmədən iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdilər. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini, cavabdehi və onun nümayəndəsini dinləyərək, iş materiallarını və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - xx.xx.1998-ci il tarixli vəsiyyətnamədən görünür ki, Muradov Əliheydər Xəsi oğlu tərəfindən mülkiyyət hüququ ilə ona məxsus Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 11-ci məhəllədə yerləşən 87 saylı fərdi həyət evinə dair xx.xx.1998-ci il tarixdə Cavabdeh adına vəsiyyətnamə qoyulmuşdur. - xx.xx.2021-ci il tarixli məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2001-ci il tarixdə vəfat etmiş Muradov Əliheydər Xəsi oğlunun vərəsəsi İddiaçı miras əmlakdan 1/2 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Sumqayıt TİB tərəfindən Muradov Əliheydər Xəsi oğluna verilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləçən ümumi sahəsi 135.7 kv/m, yaşayış sahəsi 98.6 kv/m, yardımçı sahəsi 37.1 kv/m, 6 otaqlı olan fərdi yaşayış evindən ibarətdir. Miras əmlaka dair Sumqayıt 2 saylı DNK-da xx.xx.2001-ci il tarixdə 2V2/87 nömrə ilə təsdiq edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. - Sumqayıt Şəhər Məhkəməsinin 2-382 №-li, xx.xx.2003-cü il tarixli qətnaməsindən görünür ki, Sumqayıt şəhəri 11-ci məhəllə, 87 saylı evin tam şəkildə Sumqayıt şəhər X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən X1 adına qeydə alınması və X4 Sumqayıt şəhəri, 11-ci məhəllə, 87 saylı yaşayış evinə istifadə hüququnun itirilmiş hesab edilməsi və onun həmin evdən pasport qeydiyyatından çıxarılması qət edilmişdir. - Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3723/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-382/2003 saylı, xx.xx.2003cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti, qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-382/2003 saylı, xx.xx.2003-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1411/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarından görünür ki, X1 və İddiaçı kassasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3723/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. - Cavabdeh ilə X9 arasında bağlanmış xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsinin surətindən görünür ki, Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri, Katec qəsəbəsi, 11-ci məhəllə, 87 ünvanında yerləşən ümumi sahəsi 135.7 kv/m, yaşayış sahəsi 98.6 kv/m, yardımçı sahəsi 37.1 kv/m olan 6 otaqlı fərdi yaşayış evini X6 bağışlamış, müqavilə Sumqayıt şəhəri 4 saylı notariat ofisində təsdiqlənmiş və bu barədə reyestrdə 4Ə-1194 saylı qeydiyyat aparılmışdır. - Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Sumqayıt şəhəri, Katec qəsəbəsi, 11-ci məhəllə 87 ünvanında yerləşən ümumi sahəsi 135.7 kv/m, yaşayış sahəsi 98.6 kv/m, yardımçı sahəsi 37.1 kv/m olan 6 otaqlı fərdi yaşayış evini mülkiyyətçisi Cavabdehdır və daşınmaz əmlak üzərində hüquq X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi dövlət reyestrində 06 nömrəli kitabda qeydiyyata alınmışdır. - xx.xx.2018-ci il tarixli Texniki Pasportdan görünür ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 11-ci məhəllədə yerləşən 87 saylı fərdi yaşayış evinin mülkiyyətçisi X7r. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 11-ci məhəllədə yerləşən 87 saylı fərdi yaşayış evinin mülkiyyətçisi X7r və daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, miras əmlaka dair iddiaçının məcburi payı nəzərə alınmaqla, ½ hissədə cavabdehin adına vəsiyyətnamə əsasında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin paya uyğun mülkiyyət hüquqlarının qeydiyyatı barəsində qeydiyyat vəsiqəsi verilmiş, sonra Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə cavabdehin mübahisəli əmlak üzərində tam şəkildə mülkiyyət hüququnun qeydə alınması qət olunmuş, həmin qətnamə əsasında mübahisəli evə dair tam payla müvafiq çıxarış verilmiş və cavabdeh tərəfindən bu yaşayış sahəsi öz oğlu Zaur Əsədova bağışlanmışdır. Bundan sonra iddiaçının şikayəti əsasında yuxarı instansiya məhkəmələri tərəfindən sözügedən qətnamə ləğv edilmiş və icraata xitam verilmiş, o, həmin əmlakın ½ hissəsinə məcburi pay əldə etmişdir. İddiaçıya notarial qaydada mübahisəli əmlakda ½ hissədə məcburi paya malik olunması haqqında şəhadətnamə verilmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Bu Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 352-ci maddəsinə əsasən əqdin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, əqd onun etibarsız hissəsi daxil edilmədən də bağlana bilərdi. Məhkəmə eyni zamanda qeyd edir ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iş üzrə cavabdeh qismində cəlb olunması iddiaçı ilə müzakirə olunmuş, lakin sonuncu tərəfindən bununla bağlı vəsatət verilməmişdir. Odur ki, məhkəmə işə iddia ərizəsində irəli sürülmüş tələblər və cəlb olunmuş şəxslər çərçivəsində baxmışdır. Məhkəmə, həmçinin, hesab edir ki, bağışlanma müqaviləsi əvəzsiz əqd olduğundan, bağışlanmış əmlakı Zaur Əsədov qarşılığı ödənilmədən qəbul etdiyindən, eləcə də mülkiyyət hüququnun qeydiyyatı həmin müqavilə əsasında aparıldığından, sadəcə qətnamə marağına toxunduğundan onun cavabdeh kimi işə cəlb edilməsi zəruri deyildir. Eləcə də Dövlət Reyestri Xidməti və Sumqayıt şəhər 4 saylı Notariat ofisinin mübahisələndirilən əqd və müvafiq hüququn qeydiyyatı zamanı hər hansı qanun pozuntusuna yol verməsi iddia olunmadığından, eləcə də onlara qarşı birbaşa və ya dolayı heç bir tələb yönəlmədiyindən bu təşkilatların işə cəlb edilmələrinə lüzum bilinmədi. Həmin qurumlar araşdırılan mübahisə üzrə mübahisələndirilən əqdin və hüququn dövlət qeydiyyatının yalnız səlahiyyətlərinə uyğun olaraq rəsmiləşdirilməsi funksiyasını həyata keçirmişlər. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia predmeti olan əqd mübahisələndirildiyindən, həmin sazişin əsasını təşkil edən məhkəmə qətnaməsi ləğv edildiyindən, bağışlama müqaviləsi qismən etibarsızdır. Odur ki, iddia bu hissədə əsaslıdır. Belə ki, iddiaçı bu miras əmlakına dair ½ hissədə məcburi paya malikdir və cavabdeh tərəfindən həmin əmlak tam şəkildə, yəni onun payı da daxil olmaqla bütünlükdə bağışlanılmışdır. Bu hal isə iddiaçının vərəsəlik, eləcə də qanuni əsaslarla gözlənilən mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Ona görə də iddiaçı tərəfindən sözügedən müqavilə mübahisələndirilmiş, mübahisələndirilən əqdlər isə qanunvericiliyin tələbinə əsasən bağlandığı andan etibarsızdır. Məhkəmə hesab edir ki, cavabdehin mübahisəli əmlakın özünə məxsus hissəsini bağışlamaq hüququ olduğundan, cavabdehə aid pay daxil edilmədən də əqd bağlana bildiyindən sözügedən müqavilənin qismən etibarsızlığı əsaslı və qanuna uyğundur. Cavabdehin nümayəndəsinin mübahisəyə AR MPM-nin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətin tətbiqi ilə əlaqədar məhkəmə belə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021ci il tarixli Qərarından görünür ki, daşınmaz əşya fərdi-müəyyən xarakteri daşıdığından və üzərində hüquqi əsas olmadan hər hansı bir hüquq əldə edilə bilmədiyindən, beləliklə də əsassız varlanmaya səbəb olmadığından kəsici müddət daşınmaz əşya ilə bağlı əqdlərin etibarsızlığına dair tələblər üçün keçərli deyildir. Çünki, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verilə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. İstinad olunan Qərarda göstərilmişdir ki, fərdi-müəyyən əşyalar (daşınmaz əşyalar, hüquqi statusuna görə daşınmaz əşyalara bərabər tutulan daşınar əşyalar) yalnız onlara xas əlamətləri ilə digərlərindən fərqləndiyi üçün əldə edənin əmlakına qarışmır və bu səbəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətinə keçmir. Bundan əlavə, cavabdehin nümayəndəsi Cavabdeh sözügedən fərdi ev üzərində mülkiyyət hüququnun ləğv edilmədiyi və bununla bağlı qeydiyyatın qüvvədən düşmədiyi barədə dəlili ilə məhkəmə, həmin hüququn əldə olunmasına, eləcə də müvafiq qeydiyyatın aparılmasına əsas olan məhkəmə qətnaməsinin ləğvinə və iddiaçının həmin evdə miras payının mövcudluğuna görə, razılaşmır. Belə ki, həmin qeydiyyat artıq qanuni əsassız formal məsələyə çevrilmiş, hazırda mövcud olmayan hüququn dövlət reyestrinə daxil edilməsi anlamına gəlmişdir. Həmçinin bu qeydiyyat əlavə məhkəmə mübahisəsi olmadan ləğv olunmuş məhkəmə qətnaməsinin icrasına dönüş edilməsi qaydasında aradan qaldırıla bilər. Göstərilənlərə əsasən məhkəmə, qanuni əsasa söykənməyən müvafiq qeydiyyatın formal mövcudluğunu iddianın rədd edilməsinin əsası hesab etmir. Məhkəmə iddianın X5 mübahisəli daşınmaz əmlaka mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatının ləğv edilməsi hissəsinə gəldikdə isə hesab edir ki, qeyd olunan çıxarışa dair qeydiyyat bağışlama müqaviləsi əsasında aparıldığından və həmin müqavilə də məhkəmə tərəfindən etibarsız hesab edildiyindən, iddia tələbi bu hissədə də təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh ilə X9 arasında bağlanmış Sumqayıt şəhər 4 saylı notariat ofisində 4Ə-1194 nömrəli reyestrlə qeydə alınmış 06 iyul 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi qismən etibarsız hesab edilsin. X5 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli çıxarış ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-1932/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1932/2023
02.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver