Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1941/2021 26.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2, X1 iştirakları ilə, İddiaçı cavabdeh «Cavabdeh» İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh «Cavabdeh» İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında abonent saldosunda göstərilən 216 manat məbləğində cərimənin, sayğacın dəyərinə görə hesablanmış 211,69 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 onun mülkiyyətindədir. Cavabdeh İB-nin Sumqayıt Qaz İstismar sahəsinin əməkdaşları tərəfindən mənzilinə quraşdırılmış smartkart tipli qaz sayğacı mexaniki tipli yeni qaz sayğacı ilə əvəz edilmişdir. Bu barədə “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı qəbulu haqqında” xx xxxx 2020-ci il tarixli , ******* saylı akt tərtib olunmuşdur. Mənzilindən çıxarılmış mexaniki tipli qaz sayğacına İnformasiya Texnologiyaları və Rabitəİdarəsinin Sənayə və X4 Kalibirləşmə Laboratoriyasında yoxlama keçirilmiş xx.xx.2020-ci il tarixli, MSK-29/1710-02955-1 saylı akta görə “sayğacın klapanı işlək deyil, qayka plombu üçün nəzərdə tutulmuş qulaqcıq qırıq olduğundan metrologiya plomblarının yerinə element plombu, element plombunun yerinə metrologiya plombu vurulduğundan” sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixdə ******* saylı akt tərtib edilmiş, sözügedən akta əsasən ona 216 manat cərimə hesablanmışdır. Mənzilinə təbii qazın verilməsi dayandırılmışdır. O, cavabdeh tərəfindən tərtib olunmuş aktla razılaşmır. İstehlakçı kimi qaz sayğacına heç bir müdaxilə etməmişdir. Ondan tələb olunan məbləği əsassız hesab edir. Aktların tərtibatında iştirak etməmiş və aktları imzalamamışdır. Bundan əlavə cavabdeh tərəfindən quraşdırılmış mexaniki tipli qaz sayğacı istehsalçının vəsaiti hesabına quraşdırılmışdır. Qaz sayğacı mənzilin blokunda yerləşir. Sayğaca edilən hər hansı bir müdaxilələrə görə sayğacın sıradan çıxmasında o günahkar deyildir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin şərh olunan məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında göstərdi ki, iddia tələbini qəbul etmir. İddianın rədd edilməsini xahiş edir. Belə ki, iddiaçıya məxsus mənzilə aid qaz sayğacının klapanının işlək olmadığı müəyyən edilmiş, akt tərtib edilmiş, pozuntu ilə bağlı qeyd olunan məbləğdə borc hesablanmışdır. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki iş materiallarında olan: “Cavabdeh” İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli ******* nömrəli“ Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan görünür ki, ünvan 1 ünvanında sayğacın klapanın işlək olmaması, qayka plombu üçün nəzərdə tutulmuş qulaqcıq qırıq olduğundan metrologiya plomblarının yerinə element plombu, element plombunun yerinə metrologiya plombu vurulması aşkar olunmuşdur. “Cavabdeh” İB Sumqayıt QİS-nin “Sayğacın Dövlət yoxlamasının bildirişi haqqında” məktubdan görünür ki, G-4 markalı 1202AQ**********9 nömrəli məişət qaz sayğacı Dövlət yoxlamasına göndərilmiş və Metrologiya Departamentinin verdiyi rəyə əsasən ünvandan çıxarılmış klapanın işlək olmaması səbəbindən, qayka plombu üçün nəzərdə tutulmuş qulaqcıq qırıq olduğundan metrologiya plomblarının yerinə element plombu, element plombunun yerinə metrologiya plombu vurulduğundan sayğac istismara yararsız kimi qiymətləndirilmiş, sayğacın dəyəri olaraq 211,69 manat borc hesablanmışdır. Abonentin saldosundan görünür ki, abonent kodu **********10700 olan ünvan 2 ünvanına akta görə 216 manat borc hesablanmışdır. Qaz Təhcizatı haqqında Qanunun 13-cü maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. "Qazdan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli Qərarının 4.2 bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.7 bəndə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8 bəndə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isəözləri daşıyırlar. 4.9 bəndə görə zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. 6.7 bəndə görə qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarım bəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsində göstərilir ki, satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbi ilə müqayisəli miqdarı), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın dəyişdirilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. Məhkəmə qeyd edir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı, istehlakçı tərəfindən qazın hesabı tam ödənilməlidir. İstehlakçı fiziki şəxs olarsa, onun qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı dayışır. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə hesab edirki, qazdan istifadə üçün quraşdırılmış sayğac mənzilin daxilində deyil, kənarda quraşdırılmışdır. Mənzildən kənarda quraşdırılmış sayğaaca görə məsuliyyəti iddiaçı deyil, qaz paylayıcı olan cavabdeh daşıdığından, həmin sayğaca müdaxilə edilməsinə görə iddiaçı barəsində mülki hüquq məsuliyyətinin yaranmasına görə akt tərtib edilməsi əsaslı hesab edilə bilməz. Belə olan halda qaz sayğacının yararsız vəziyyətə düşməsi nəticəsində qaz sərfiyyatında görə iddia edilən məbləğ abonentdən tələb edilə bilməz. Eləcə də qanunvericiliyin tələbinə görə qaz sayğacının dəyişdirilməsi, quraşdırılması və s. qaz paylayıcısının vəsaiti hesabına həyata keçirilməli olduğundan sayğacın dəyərinin abonentdən tələb edilməsi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara hüquq normalarının göstərişlərinə uyğun olaraq məcmu halda qiymət verərək bu nəticəyə gəlir ki, iddia təmin edilməli, ünvan 2 ünvanına yeni quraşdırılmış sayğacın dəyəri olaraq hesablanmış 211,69 manat borc və abonent saldosunda göstərilən 216 manat borc ləğv olunmalı, abonent hesabından silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı məxsus ünvan 2 ünvanına yeni quraşdırılmış sayğacın dəyəri olaraq hesablanmış 211,69 (iki yüz on bir manat altmış doqquz qəpik) manat borc və abonent saldosunda göstərilən 216 (iki yüz on altı) manat borc ləğv olunsun, **********10700 saylı abonent hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-1941/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1941/2021
26.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver