Məhkəmə qərarları › İş №2(060)-1952/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1952/2023

07.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1952/2023 07.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) "xxxx" ASC-yə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2015-ci il tarixli ETAİS-dən gələn borc üzrə hesablanmış 238 manat 55 qəpik məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən ETAİS-dən gələn borc üzrə 238 manat 55 qəpik məbləğində borc hesablanmışdır. İddiaçının mənzilindən və həyətyanı sahəsindən kənarda ictimai yer olan küçədə quraşdırılmış elektrik sayğacı üzrə borcu olmadığı halda ona məlum olmayan səbəblərdən naməlum qaydada barəsində borc yazıldığını aşkar etmişdir. İddiaçının və mənzildə yaşayan digər şəxslərin elektrik sayğacında baş vermiş nasazlığa görə heç bir cavabdehliyi yoxdur. Çünki həmin sayğacın korlanması, nasaz olması halında da iddiaçı səbəbkar deyildirlər. İddiaçı və mənzildə yaşayan digər şəxslər sayğaca mütəmadi baxış keçirməyə məsul deyildirlər. Həmçinin enerji təchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqısatqısının birtipli abunə müqaviləsinə əsasən, iddiaçı sayğacın işlək vəziyyətdə qalmasına görə məsuliyyət daşımır. Sayğac iddiaçının mənzilində və ya istifadəsində olan yerdə quraşdırılmayıb. Sayğaca kənar müdaxilənin olması faktı qeydə alınmayıb və sübuta yetirilməyib. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi, iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında bildirdi ki, iddiaçıya məxsus yaşayış sahəsində elektrik sayğacı 2005-ci ildə quraşdırılıb. Yaranmış 238,26 manat məbləğində borc "xxxx" ASC dövrünə aid olan borcdur. Həmin borcun nəyin əsasında yaranması müəyyən deyildir. Qeyd edilənlərə əsasən cavabdeh iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İşdən göründüyü kimi iddiaçı xx.xx.1956-cı ildə, Sumqayıt şəhərində anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. **********02214 saylı abunə hesabından görünür ki, iddiaçının sayğac oxunması əsasında 1026,67 manat, aktlar əsasında 266,62 manat borcu vardır. İddiaçı ümumilikdə 1054,74 manat ödəniş etmişdir. Bağlanan aktlar bölməsində iddiaçının köhnə (ETAİS-dən gələn) borc kimi 266,62 manat borcu olduğu göstərilmişdir. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış bildiriş-xəbərdarlıqda cavabdeh tərəfindən ödəniləcək məbləğ 238 manat 55 qəpik qeyd edilmişdir. Həmin məbləğin 11 manat 76 qəpiyi iddiaçının sayğac əsasında yaranmış borcudur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»na (bundan sonra - Qaydalar) əsasən elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrik qəbulediciləri vasitəsi ilə istifadə edən hüquqi və ya fiziki şəxsdir (1.1). Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır (8.1). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının "xxxx" ASC yaranmamışdan əvvəlki dövrə aid 266,62 manat borcu mövcud olmuş, iddiaçının etdiyi ödənişlərin bir qismi həmin borcdan çıxılmışdır. Nəticədə iddiaçının qeyd edilən borcu hazırda 226,79 manat təşkil edir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etsə də, həmin borcun konkret hansı dövrdə və nəyin əsasında yarandığını, hansı qaydada (normativ qaydada, sayğac əsasında və ya akt əsasında) hesablandığını izah edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). İddiaçı onun mənzilinə hesablanmış 238,55 manat əsassız borcun silinməsini xahiş edir. Lakin, həmin borc hazırda 226,79 manat təşkil edir. Cavabdeh isə həmin borcun haradan yarandığını əsaslandıra bilməmiş və bununla bağlı yetərli sübutlar təqdim edə bilməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçının abonent hesabına saxlanmış həmin borc əsassızdır. Ona görə də iddia qismən təmin edilməli və iddiaçıya hesablanmış 226,79 manat borc silinməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı abonent hesabında saxlanmış 226 (iki yüz iyirmi altı) manat 79 (yetmiş doqquz) qəpik borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar