Məhkəmə qərarları › İş №2(060)-1956/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1956/2022

13.06.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1956/2022 13.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və onların etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2, Cavabdeh və cavabdehlər Cavabdeh7, Cavabdeh6, Cavabdeh5 qanuni nümayəndəsi Cavabdeh1 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh9, X2, Cavabdeh7, Cavabdeh6, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 qarşı mənzildən çıxarılma və ziyan tələbinə dair mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı1 Cavabdeh1 qarşı mənzildən çıxarılma və maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 36000 manat pul vəsaitinin tutulması, cavabdeh və ailə üzvlərinin Sumqayıt şəhəri, məhəllə 36, 10/27A saylı evin 34 saylı mənzilindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, X2, Cavabdeh9, Cavabdeh7, Cavabdeh6, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 qarşı mənzildən çıxarılma və ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, X1, Cavabdeh9, Cavabdeh7, Cavabdeh6, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 Sumqayıt şəhəri, məhəllə 36, 10/27A saylı evin 34 saylı mənzilindən çıxarılması və cavabdehlərdən müştərək qaydada 72000 manat alınıb onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı1 hüquqları Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, 36-cı məhəllə,10/27A saylı evin 34 saylı mənzil xx.xx.2021-ci il tarixdə tam xüsusi mülkiyyət hüququ ilə əri İddiaçı2 adına qeydiyyata alınmışdır. Həmin mənzil onunla birgə nikah dövründə ümumi gəlirləri ilə əldə edilmişdir, ümumi birgə mülkiyyətləridir. Cavabdeh1 əri İddiaçı2 qardaşıdır. Digər cavabdehlər isə onun ailə üzvləridir. Cavabdeh1 20 ildən çoxdur ki, ümumi birgə mülkiyyətlərində olan Sumqayıt şəhəri, 36-cı məhəllə, 10/27a saylı evin 34 saylı mənzilində ailə üzvləri birlikdə yaşayır. Dəfələrlə ona uşaqlarının böyüməsini, ehtiyaclarının artmasını, bunları ödəməkdə çətinlik çəkdiklərini, buna görə mənzillərini kirayə vermək istədiklərini bildirmişlər, xahiş və tələblərinə baxmayaraq cavabdeh mənzildən çıxmamış, bu səbəbdən məhkəməyə müraciət etməli olmuşdurlar. Göründüyü kimi o, qanunsuz hərəkətləri ilə mənzillərini kirayə verib gəlir əldə etmək hüquqlarından onları məhrum etmiş, ona maddi zərər vurmuşdur. Mənzilləri Sumqayıt şəhərinin mərkəzində yerləşir və ayda 300 manata kirayə verilməsi mümkündür. 1 il ərzində 3600 manat, 20 il ərzində 72000 manat məbləğində gəlirdən ailələrini məhrum edərək zərər vurmuşdur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1, X3, Cavabdeh9, Cavabdeh7, Cavabdeh6, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 ümumi birgə mülkiyyətlərində olan Sumqayıt şəhəri, 36-cı məhəllə, 10/27 saylı evin 34 saylı mənzilində qeydiyyatdadırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1.və 32.2.2. maddəsinə əsasən nikah müddətində ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınmaz əşyalar, əmlakın ər-arvaddan kimin adına əldə olunmasndan asılı olmayaraq onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası MPM-nin 51.1.-ci maddəsinə əsasən iddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilər. İddiaçıların və ya cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir. İddia tələbinin predmeti kimi ümumi hüquq və ümumi vəzifə çıxış edir və tələblərə ayrı-ayrılıqda baxmaq mümkün olmur. Buna görə o və İddiaçı2 birgə iddiaçı, cavabdeh Yavər Mirzəyev və onunla birlikdə mənzillərində yaşayan digər şəxslər isə birgə cavabdeh kimi məhkəmə prosesinə cəlb olunmalıdır. Göründüyü kimi qanunun qeyd olunan tələbinə uyğun qaydada tam şəkildə mənzil hüquqularından istifadə edə bimir, bu hüquqdan istifadə imkanları cavabdehin həmin mənzildə yaşaması ilə məhdudlaşdırılmış və mülkiyyət hüququndan məhrum edilməsələr də həmin hüquqların həyata keçirilməsinə cavabdeh maneçilik törədir. Buna görə tərəflər arasında yaranmış mübahisəyə həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsi tətbiq olunmalıdır. Qeyd olunanlara əsasən iddiaçılar iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbinə dair izahat vərərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, cavabdehlər özbaşına mübahisəli mənzilə qeydiyyata düşmüşdürlər və hazırda qeydiyyatdan çıxmırlar. Onun mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmasa da, həmin mənzildə ½ hissədə payı var. Bununla bağlı Ali Məhkəmənin qərarı var. Qeyd edir ki, cavabdehin özünün üç evi var. 5-ci mərtəbədə evi var. Hazırkı mənzil üç otaqlıdır. Əvvəllər başqa yerdə mənzilləri olmuşdur. Sonra həmin mənzili satıb hazırki mübahisəli mənzili almışlar. Evi birgə nikah dövründə almışdırlar. Həmin vaxt vəziyyətləri çox pis olmuş və məcbur olub dolanmaq üçün kəndə köçmüşdürlər. Daha sonra əri Şərif ilə münasibətləri korlanmış və Şəriflə aralarında olan nikahın pozulmasına dair Qusar rayon Məhkəməsinə müraciət etmişdir. Şərifin qardaşı Yəvər evin pulunu verəcəyini deyib yoldaşını aldatmışdır. Lakin heç nə verməmişdir. Hətta evi satdırmağa da çalışmışdır. Lakin o razı olmamışdır. Bu səbəbdən yoldaşı ilə münasibətləri də pozulmuşdur. Neçə il mənzilin sənədini Yavərdən ala bilməyiblər. Sonda Əmlak Komitəsindən yeni çıxarış almışlar. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini, cavabdehlərin qeydiyyatdan çıxarılmalarını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia tələbinə dair izahat verərək iddia tələbini müdafiə etdi və bildirdi ki, atası BTZ–da işləmiş və ona zavoddan ev verilmişdir. O, ailəsi ilə bir müddət kənddə yaşadıqdan sonra atası BTZ-dən verilən evi satmağı, yeni bir ev almağı bildirmişdir. Onlar hazırkı mübahisəli evi almışdırlar. Qeyd edir ki, o vaxt qardaşı ilə onun arasında heç bir problem olmamışdır. Qardaşı yeni alınan evdə - yəni hazırkı mübahisəli mənzildə yaşamağa başlamışdır. O isə ailəsi ilə birlikdə kənddə yaşamağa davam etmişdir. Sonra qardaşı Yavər cinayət törətdiyinə görə məhkum olunmuşdur. Sonra o, maddi vəziyyəti ilə əlaqədar qardaşından ona məxsus hazırkı evin qaytarılmasını istəsə də, Yavər bundan imtina etmiş, evin əvəzində ona pul verəcəyini bildirmişdir. Bu ərəfədə arvadı Lalə ilə aralarında münasibət pisləşmiş və Lalə onu məhkəməyə vermiş, yoldaşı ondan ev tələb etmişdir. Bu zaman Yavər ona 72 manat borcun olmasına dair qəbz yazmasını bildirmiş və o da aldanaraq belə bir qəbz yazmışdır. Daha sonra o, Yavərə həmin qəbzi cırmasını tapşırmış, Yavər əvvəlcə bunu edəcəyini demiş, lakin o, həmin qəbzi cırmayaraq özündə saxlamışdır. Bundan başqa ona notariusda da onun xəbəri olmadan borc müqaviləsinə qol çəkdirilmişdir. Çox sonra o, başa düşmüşdür ki, qardaşı bunların hamısını evi ələ keçirmək üçün planlı şəkildə etmişdir. Qardaşının özünə məxsus mənzildə yaşamağa icarə verməklərinin səbəbi evə nəzarət edən birisinin olması ilə bağlı olmuşdur. Mənzil bu məqsədlə verilmiş, icarə məqsədi ilə verilməmişdir. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçıların etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 iddia tələbini müdafiə edərək bildirdi ki, o, hazırkı iş üzrə prosesə sonradan qoşulmuşdur. İddia ərizəsini o, hazırlamamış, lakin nümayəndə kimi işə daxil olduqda iddia ərizəsinə dəyişiklik edilməsi barədə ərizə yazmışdır. Sözügedən mənzil İddiaçı2 adınadır. Ona görə də onu da iş üzrə iddiaçı qismində cəlb etmişdirlər. Mülki Prosessual Məcəllənin tələblərinə əsasən iddia ərizəsi bir neçə iddiaçı tərəfindən bir neçə cavabdehə yönələ bilər. Mənzil birgə nikah dövründə alınmışdır, buna görə də İddiaçı2 də iddiaçı kimi işə cəlb olunmalıdır. Eyni zamanda iş üzrə Cavabdeh1 İddiaçı2 qardaşıdır. Onun ailə üzvləri də orada yaşayır, buna görə də cavabdeh qismində işə cəlb edilmişdir. Cavabdehlərin əvvəl Sumqayıt şəhəri, 18-ci mkr, ərazisində 1998-ci ildə alınan evləri olmuşdur. Daha sonra həmin evi özəlləşdirib satmış və birgə nikah dövründə birgə vəsait hesabına hazırkı mübahisəli evi almışdırlar. Digər ailə üzvləri də iddiaçının yanında ev almışdırlar. Daha sonra İddiaçı2 qardaşı evi ələ keçirmək niyyətinə düşmüşdür. Yavər alverlə məşğul olmuş və daim Şəriflə əlaqə saxlamış, Şərif də ona bununla bağlı etibarnamə vermişdir. Yavər də bundan istifadə edərək özünü, yoldaşını və bacısı uşaqlarını mübahisəli mənzilə qeydiyyata salmışdır. Şərif mülkiyyətçi olduğu evdə qeydiyyatda deyil. Evə dair bütün sənədlər Şərifin qardaşı Yavərdə olmuşdur. Mənzil alınan vaxtdan qardaşına baxılmaq üçün verilmişdir. Nümayəndə əlavə olaraq qeyd etdi ki, mübahisəli mənzildə İddiaçı1 ½ hissədə payının olmasına dair Ali Məhkəmənin qərarı var. İddiaçı2 hazırda qardaşına 150 min manat borcludur. Lakin o qətnamələrin hamısı qanuni qüvvəsini almamışdır. Yavər Mirzəyevin bütün hərəkətləri evi ələ keçirmək məqsədi daşımışdır. Qeyd edir ki, iddiaçılar hazırda cavabdehlərdən kirayə haqqını tələb edir. Hesab edir ki, cavabdehlər uzun müddət orada yaşadıqlarından həmin illərə görə kirayə haqqını ödəməlidirlər. Nümayəndə qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh və cavabdehlər Cavabdeh7, Cavabdeh6, Cavabdeh5 qanuni nümayəndəsi Cavabdeh1 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1 iddia tələbinə dair izahat verərək iddia tələbini qəbul etmədiyini bildirdi. İlk növbədə qeyd edir ki, əslində Lalənin hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Belə ki, Lalənin mənzilə dair ½ hissədə payını müəyyən edilməsinə dair məhkəmə qətnaməsi olsa da, həmin qətnamə bu günə kimi icra olunmamışdır. İddiaçı Lalə və Şərif arasında nikahın pozulmasına dair Qusar Rayon Məhkəməsinin icraatında mülki iş olmuşdur. Tərəflər arasında olan ev mübahisəsi bitdikdən, yəni tərəflərin evə dair payları müəyyən edildikdən sonra Lalə iddiasını geri götürmüşdür. Bundan başqa Şərifin izahatları ziddiyətlidir, belə ki, o, gah evi qardaşının aldığını, gah da özünün aldığını bildirir. Qeyd edir ki, cavabdehlər 20 ildir ki, həmin mənzildə yaşayırlar. Bu səbəbdən cavabdehlərin istifadə hüququna yalnız kompensasiya verilməklə xitam verilə bilər. İddiaçıların 20 ildən sonra kirayə haqlarını tələb etməsi çox əsassızdır. Belə ki, 20 il bundan əvvəl belə mənzillərə dair kirayə haqqları ilə indiki dövr üçün kirayə haqqları eyni ola bilməz. Bundan başqa iddia müddəti də ötürülüb, lakin iddia tələbi o qədər absurddur ki, onlar iddia müddətinin ötməsi barədə ərizə də məhkəməyə təqdim etmirlər. Bir daha qeyd edir ki, mənzil Cavabdeh1 məxsusdur, lakin qardaşının adına alınmışdır. Yavərin qardaşına qarşı 72 000 manat borcun qaytarılması barədə iddia tələbinin təmin edilməsinə dair məhkəmə qətnaməsi qəbul edilmişdir. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər cavabdehlər X3, Cavabdeh9, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlər X3, Cavabdeh9, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-4896/2021 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı1 cavabdeh İddiaçı2 qarşı əmlak bölgüsünə dair iddiası təmin edilmiş, mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası təmin edilməmiş, Sumqayıt şəhəri, 36-cı məhəllə, 27/10 saylı evin 34 saylı mənzilə mülkiyyət hüququ üzrə ½ hissəsinə İddiaçı1, ½ hissəsinə cavabdeh İddiaçı2 payları müəyyən edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3570/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-4896/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyası xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin qərarla Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3570/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)- 8395/2021 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə Cavabdeh1 cavabdehlər İddiaçı1, İddiaçı2 qarşı borc tələbinə dair iddiası qismən təmin edilmiş , İddiaçı2 72000 manat məbləğində borc və 30 manat dövlət rüsumunun tutularaq Cavabdeh1 ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli arayışdan görünür ki, cavabdehlər Cavabdeh1, X3, Cavabdeh9, Cavabdeh7, Cavabdeh6, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 Sumqayıt şəhəri, məhəllə 36, 10/27A saylı evin 34 saylı mənzilində qeydiyyatdadırlar. İşdə olan çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, məhəllə 36, 10/27A saylı evin 34 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə İddiaçı2 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli, 55 nömrəli arayışdan görünür ki, İddiaçı1 Qusar rayonunun Avaranqışlaq kəndində yaşayır və qeydiyyatdadır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli arayışdan görünür ki, İddiaçı2 Sumqayıt şəhəri, 42-ci məhəllə, 3 saylı evin 16 saylı mənzilində qeydiyyatdadır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İlk növbədə məhkəmə qeyd edir ki, mülki məhkəmə icraatının vəzifələrini təsbit edən MPM-nin 2-ci maddəsində müəyyən olunmuşdur ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4-cü maddəsinin 4.1-ci hissəsində isə deyilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə, qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə cavabdeh tərəfin İddiaçı1ın hazırkı iddia tələbi ilə məhkəməyə mürciət etmək üçün subyektiv hüququnun olmaması barədə fikirləri ilə razı deyil. Belə ki, İddiaçı1 Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-4896/2021 saylı qətnaməsi ilə Sumqayıt şəhəri, məhəllə 36, 10/27A saylı evin 34 saylı mənzilinə ½ hissədə payı müəyyən edilmiş, həmin qətnamə qanuni qüvvəsini almışdır. Məhkəmə hesab edir ki, İddiaçı1 mübahisəli mənzilin ½ hissəsinə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, bu barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan Lalə Mirzeyvanı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququn sahibi hesab etmək olar. Bundan başqa məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, məhəllə 36, 10/27A saylı evin 34 saylı mənzil İddiaçı2 xüsusi mülkiyyətindədir. Cavabdehlər isə İddiaçı2 mülkiyyətində olan həmin mənzildə qeydiyyatda olmaqla yaşayırlar. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlərin mənzildən çıxarılma hissəsində əsaslıdır və həmin hissədə iddia tələbi təmin olunmalıdır. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-4896/2021 saylı qətnaməsinin məzmunundan görünür ki, ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 03 may 2021-ci il tarixli, **********30 saylı məktubundan görünür ki, ünvan 1 ünvanda yerləşən 34 saylı mənzil Sumqayıt şəhər X8 İcraiyyə Komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş xx.xx.1991-ci il tarixli, 6/12-318 nömrəli order, 8 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.1997-ci il 3535 nömrəli mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal məişət barədə arayış (2 №-li forma) və mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş şəxslərin mənzili özəlləşdirməyə razılıqları barədə ərizələr əsasında X5 adına qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdir. Sumqayıt şəhəri 2 saylı dövlət notariat kontorunun təsdiq etdiyi xx.xx.2001-ci il tarixli, 4Ə- 3/2017 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən mənzil İddiaçı2 adına qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiyanın 33-cü maddəsinin tələbinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. «İnsan Hüquqlarının və X6 Haqqında» Konvensiyaya dair 1 saylı protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin «Akimova Azərbaycana qarşı» iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında hətta orderli mənzilin hüquqi əsas olmadan tutulması mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilmişdir Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və X6 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsi istinad edilən işində bir daha xatırlatmışdır ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. Beləliklə məhkəmə qeyd edir ki, hər bir şəxsin mülkiyyətində istənilən daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyət hüququ şəxsin əmlak üzərində istədiyi kimi maneəsiz sahiblik, istifadə və sərəncam vermək hüququnu ehtiva edir. Hər hansı şəxsin mülkiyyətində olan əmlakdan digər bir şəxsin istifadə etməsi yalnız mülkiyyətçinin razılığı və iradə ifadəsi ilə mümkün ola bilər. Əmlakın mülkiyyətçisi olan şəxsin iradəsinə zidd əmlakdan istifadə etmək mülkiyyət hüququna müdaxilə təşkil edir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyinə son qoyularaq, əmlakını geri tələb edə bilər. Hazırda iddiaçılardan İddiaçı2 əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alındığından, onun bu hüququ mübahisələndirilsə də bu barədə iddia təmin edilmədiyindən, mülkiyyət hüququnun qeydiyyatı tamlığı prezumpsiyasına malik olduğundan, o cümlədən İddiaçı1 mübahisəli mənzilə ½ hissədə mülkiyyət hüququ qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə tanındığından məhkəmə hesab edir ki, cavabdehlərin bu mənzildə yaşamaları, eyni zamandan iddiaçının tələbi əsasında mənzildən çıxmamaları həmin mənzilə mülkiyyət hüquqları mövcud olan iddiaçıların mülkiyyət hüquqlarını məhdudlaşdıran haldır. Məhkəmə bu halları iddiaçıların mülkiyyət hüquqlarının və qanuni maraqlarının pozulması kimi qiymətləndirir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, X3, Cavabdeh9, Cavabdeh7, Cavabdeh6, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 Sumqayıt şəhəri, məhəllə 36, 10/27A saylı evin 34 saylı mənzilindən çıxarılmalıdır. Məhkəmə cavabdehin vəkilinin cavabdehlərin həmin mənzilə istifadə hüququnun olması və onların istifadə hüququna yalnız kompensasiya əsasında xitam verilməsinin mümkün olması barədə etirazının dəlilləri ilə razılaşmır. Belə ki, cavabdehlər iddiaçıların ailə üzvləri (əri, arvadı, valideynləri və ya uşaqları) olmamaqla onlara münasibətdə mənzildən istifadə hüququ olan şəxslər kateqoriyasına aid deyil. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, cavabdehlərin iddiaçıların razılığı olmadan onlara məxsus mənzildə uzun müddət yaşaması həmin mənzilən istifadə hüququnun yaranmasına səbəb ola bilməz. Məhkəmə iddia tələbinin cavabdehlərdən 72000 manat məbləğində pul tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə hesab edir ki, iddiaçıların cavabdehlərdən mübahisəli mənzildə yaşadıqlarına görə kirayə haqqı qismində 72000 manat məbləğində pul tələb etməsinin hüquqi əsası yoxdur. Belə ki, tərəflər arasında kirayə münasibətləri mövcud olmamış, iddiaçılar cavabdehlərlə mübahisəli mənzilə dair kirayə müqaviləsi və kirayə haqqı ilə bağlı hər hansı bir razılıqlarının olmasına dair məhkəməyə mötəbər sübut təqdim etməmişdirlər. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə onu da qeyd edir ki, İddiaçı2 özü də məhkəmə iclasında verdiyi izahatında mənzili kirayə məqsədləri ilə deyil, nəzarət edilməsi üçün qardaşı və ailəsinə yaşamaq üçün verdiyini bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır (217.4). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, X3, Cavabdeh9, Cavabdeh7, Cavabdeh6, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 Sumqayıt şəhəri, məhəllə 36, 10/27A saylı evin 34 saylı mənzilindən çıxarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçıların məhkəməyə müraciət etmək üçün ödədiyi 306 manat (iddiaçılar səhvən 396 manat dövlət rüsumu ödəmişdir) dövlət rüsumunun 100 (bir yüz) manat hissəsi cavabdehlərə, qalan hissəsi isə iddiaçılara aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, X3, Cavabdeh9, Cavabdeh7, Cavabdeh6, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 Sumqayıt şəhəri, məhəllə 36, 10/27A saylı evin 34 saylı mənzilindən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh9, X3, Cavabdeh7, Cavabdeh6, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar