Məhkəmə qərarları › İş №2(060)-1957/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1957/2023

05.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1957/2023 05.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh təşkilat tərəfindən ona məxsus ünvan 1 ünvanında yerləşən (abunə kodu **********03540) evə elektrik enerjisindən istifadəyə görə hesablanmış 144 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən ev üzərində onun mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış və ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. Cavabdeh təşkilat tərəfindən evə işıq sayğacı quraşdırılmış və həmin abonent kodu onun mərhum əri X1 adınadır və o xx.xx.2009-cu ildə vəfat etmişdir. İşıq sayğacı əsasında hesablanan sərfiyyat borcları onun tərəfindən ödənilmiş və borcu olmamışdır. Cavabdeh təşkilat tərəfindən onun yaşadığı evə 144 manat məbləğində borc hesablanmışdır. Dəfələrlə həmin borcun silinməsi ilə cavabdehə müraciət etsə də cavabdeh bundan imtina etmişdir. O, cavabdeh tərəfindən tələb olunan məbləği əsassız hesab edir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahat verərək, iddianı qəbul etmədiyini, borcun dondurulduğunu, tələb edilmədiyini, lakin silinməsinin cavabdeh təşkilatını səlahiyyətinə aid olmadığını bildirdi. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: - Abunə haqqında çıxarışdan görünür ki, iddiaçının 144 manat borcu vardır. - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2009-cu ildə vəfat etmişdir. - Nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X5 ilə X3 arasında xx.xx.1989-cu il tarixdə rəsmi nikah bağlanmışdır və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 57 nömrəsi ilə qeydiyyat aparılmışdır. Nikahdan sonra arvada İsmayılova soyadı verilmişdir. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən evin mülkiyyətçisi İddiaçı (1/6 hissədə), X6 (4/6 hissədə) və X2r (1/6 hissədə). İddiaçı daşınmaz əmlak üzərində hüququ daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə xx.xx.2011-ci ildə qeydiyyata alınmışdır. - "xxxx" ASC-nin Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı yaşadığı ünvan 3 ünvanında yerləşən ev elektrik enerjisindən istifadəyə görə"xxxx" ASC-nin Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsinin məlumat bazasında **********03540 kodla xx.xx.2000-ci il tarixindən abonent qeydiyyatına alınmışdır. Mənzilə xx.xx.2008-ci ildə elektrik hesabat sayğacı quraşdırılaraq istismara verilmişdir. Mənzilin "xxxx" ASC dövründə yaranmış 144 manat məbləğində borcu xx.xx.2022-ci il tarixində dondurulmuşdur. Mənzilin xx.xx.2023-cü il tarixinə enerjitəchizatçı təşkilata 19.79 manat sayğac borcu vardır. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki ünvan 1 ünvanında yerləşən evə aid abonent koduna xx.xx.2015-ci ilədək 144 manat borc hesablanmışdır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik Enerjisindən İstifadə Qaydaları”nın 8.1-ci bəndinə əsasən Dövlət elektroenergetika müəssisəsindən enercitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır.Həmin Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəhcizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır,digər ödənişlərin,o cümlədən bu qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Sadalanan hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında müqavilə olmadığı halda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın tələblərinə zidd olaraq (orta gündəlik elektrik enerjisi sərfinə uyğun hesablama məişət abonenti istisna olmaqla hesablanır) əsassız, orta sərfiyyatla qeyri müəyyən hesablanmış 144 manat borc silinməlidır. İddiaçının mənzilinə işlədicilərin gücünə görə orta sərfiyyat əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın tələblərinə zidd, əsassız olaraq 144 manat borc hesablanmışdır. Ona görə də, məhkəmə hesab edir ki, cavabdeh "xxxx" ASC tərəfindən heç bir əsası olmadan qeyri-müəyyən hesablanmış borcun iddiaçıdan uzun müddət tələb etmədən onun abonent kartında saxlanılması vətəndaşın hüququnun pozulması kimi qiymətləndirilməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, "xxxx" ASC tərəfindən ünvan 1 ünvanında yerləşən evdə yaşayan İddiaçı istifadəsində olan **********03540 saylı abonent koduna hesablanmış 144 manat borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. İddiaçı yaşadığı ünvan 1 ünvanında yerləşən ev üzrə qeydiyyata alınmış **********03540 saylı abonent koduna hesablanmış 144 manat borc silinsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar