Məhkəmə qərarları › İş №2(060)-196/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-196/2022

18.01.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-196/2022 18.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra – iddiaçı) “Azəriqaz” İB-yə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən 29.04.2021-ci il tarixli akt əsasında iddiaçıya hesablanmış 215 manat borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Metallurgiya bağlarında iddiaçıya məxsus olan 906 saylı evi vardır. O, artıq uzun illərdir ki, ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. Bütün kommunal xidmətlərdən istifadə edir, onların pulu vaxtıvaxtında sayğacın göstəricisinə əsasən ödənilir. Yaşadığı ünvandakı mənzil həyət evi tiplidir və sayğaclar təlimata uyğun olaraq darvazadan kəndarda quraşdırılıb. Təxminən 2020-ci ilin noyabr ayında istifadəsində olan qaz sayğacı cavabdehin əməkdaşları tərəfindən heç bir xəbərdarlıq və ya razılıq olmadan dəyişdirilmişdir. Bunun səbəbini soruşduqda, yeni nəsil sayğac quraşdırılması əmrinin verildiyini bildirmişlər. İddiaçı evdə olmasına baxmayaraq, sayğacın dəyişikliyi iddiaçı və onun ailə üzvlərindən heç birinin iştirakları olmadan həyata keçirilmişdir. Lakin 29.04.2021-ci ildə (sayğacın dəyişdirilməsindən təxminən 6 ay keçmiş) iddiaçıya zəng olunmuş və ******* saylı aktın tərtib olunduğu və həmin bu aktı imzalamalı olduğu qeyd edilmişdir. İddiaçı həmin aktı imzalamaqdan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və həmçinin bildirdi ki, qaz sayğacı mənzildən kənarda yerləşir, onun tərəfindən sayğaca heç bir müdaxilə olunmamışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında təmsil edilməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1962-ci ildə, Laçın rayonu, Malıbəy kəndində anadan olmuş, hazırda Laçın rayonu, Zeyvə kəndində qeydiyyatdadır. Cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında 27.08.2020-ci il tarixli, ******* saylı akta əsasən iddiaçıya məxsus mənzilin qaz sayğacı yeni qaz sayğacı ilə əvəz edilmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 29.04.2021-ci il tarixli, ******* saylı aktda göstərilmişdir ki, sayğacın klapanı işlək deyil. Sayğacın gövdəsi üst hissədən korroziyaya uğrayıb. Sayğacın çıxış plastmas borusu deşilib. Aktda dəymiş ziyanın hesablanması qeyd edilmişdir. Həmin akt əsasında cavabdehin itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən 29.04.2021ci il tarixdə iddiaçıya 2160 kub metr qaz sərfiyyatı hesablanmışdır. İddiaçıya aid ünvana cavabdeh tərəfindən verilmiş bildiriş-xəbərdarlıqda iddiaçının təbii qazdan istifadəyə görə 230,25 manat borcu olduğu qeyd edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na əsasən qaz sayğaclarının üzərində AİBNDAnın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır (4.6.). Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır (4.7.). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8.). Normaların məzmunundan göründüyü kimi fiziki şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Hazırkı halda cavabdeh sayğaca iddiaçı tərəfindən müdaxilə edildiyini, bununla bağlı cavabdehə iddiaçı tərəfindən təbii qazdan qanunsuz istifadə nəticəsində ziyan vurulduğunu və bunda iddiaçının təqsirli olduğunu sübut edə bilmir. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya borcun hesablanması üçün əsas olmuş halları sübut edə bilməmişdir. İddiaçı iddia ərizəsində ona akt əsasında hesablanmış 215 manat cərimənin silinməsini xahiş etmişdir. İş materialları ilə müəyyəne dilir ki, akt əsasında iddiaçıya 215 manat borc hesablanmışdır. Bu səbəbdən iddia təmin edilməli, iddiaçıya akt əsasında hesablanmış borc silinməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanına akt əsasında hesablanmış 215 (iki yüz on beş) manat borc silinsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar