Məhkəmə qərarları › İş №2(060)-1970/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1970/2024

19.07.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1970/2024 19.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən, Cavabdeh1 10800 manat məbləğində kompensasiya verərək, Cavabdeh1 istifadə hüququna xitam verilməklə və digər Cavabdeh2 ilə birlikdə Sumqayıt şəhəri, 48-ci məhəllə, ev 7B, 34 saylı mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı dəqiqləşmə verərək, kompensasiyanı cavabdehə 13000 manat məbləğində təklif etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 48-ci məhəllə, ev 7B, 34 saylı mənzili onun mərhum ərinə məxsus olmuşdur. Ərinin ölümündən sonra vərəsəlik qaydasında həmin mənzil üzərində onun xüsusi mülkiyyət hüququ tanınmışdır. xx.xx.2021ci il tarixindən onun xüsusi mülkiyyətindədir. Cavabdeh1 onun oğludur. Digər Cavabdeh2 isə onun gəlinidir. Cavabdehlər xx.xx.2022-ci ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Hazırda cavabdehlər həmin mənzildə yaşayırlar. Onlarla birgə yaşamaqları qeyri-mümkün olduğuna görə cavabdehlərin mənzildən çıxarılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdeh2 Ailə Məcəlləsinin 15-ci fəslində ehtiva edilmiş yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslər kateqoriyasına daxil deyildir. Bu səbəbdən də mübahisəli mənzildən istifadə hüququ yaranmamışdır. Digər Cavabdeh1 onun olduğuna görə, həmin mənzildə yaşadığına görə ona kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməlidir. Hesab edir ki, hazırda cavabdehə təklif olunan kompensasiya məbləği ilə həmin mənzil şəraitinə oxşar şəkildə başqa mənzildə üç il müddətində yaşaya bilər. Hazırki mənzilin aylıq kirayə haqqının 300 manat olduğunu nəzərə alaraq (36x300=1800) Cavabdeh1 10800 manat məbləğində kompensasiya təklif edir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, 13000 manat məbləğində kompensasiya təklif edir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etmədiyini bildirdi. Əlavə olaraq qeyd etdi ki, iddiaçı onun anasıdır. Pis övlad olmamış, işləmiş və qazandığını da anasına vermişdir. Yoldaşını da anası istəmiş və evlənmişdir. Anası 10 aydır ki, artıq onunla birlikdə yaşamır. Onun başqa gedəcək qapısı yoxdur. 13000 manat məbləğində kompensasiya məbləğini də qəbul etmir. Məhkəmə iclasında Cavabdeh2 izahatında iddia tələbini qəbul etmədi. Məhkəmə, iddiaçının və cavabdehlərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı Sumqayıt şəhər Məhkəməsinin hesabına məhkəmədə iddia qaldırmaq üçün 122.40 manat məbləğində dövlət rüsumu ödəmişdir. - İddiaçı tərəfindən Cavabdeh1 ünvanlanmış pretenziya məktubundan görünür ki, o, İddiaçı Cavabdeh1 10 800 manat kompensasiya verilməklə onların yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və digər Cavabdeh2 isə evdən çıxarılması qərarına gəlmişdir. Pretenziya məktubunu qəbul etdiyi andan 3 gün müddətində onun pretenziya məktubuna rəsmi cavab verilməsini xahiş etmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 48-ci məhəllə, ev 7B ünvanında yerləşən 34 nömrəli mənzil xüsusi mülkiyyət əsasında tam payda İddiaçı adına ********** nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, Məmmədova Aynurə Faiq qızı ünvan 1 ünvanında 19 may 2006-cı il tarixdən qeydiyyatdadır. xx.xx.2011-ci il təvəllüdlü X3, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı, xx.xx.2016-cı il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X1, xx.xx.2022-ci il təvəllüdlü X2, xx.xx.1984-cü il təvəllüdlü X6, xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh1 qeydiyyatda olan digər şəxslərdir. - "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli hesabatından görünür ki, Sumqayıt şəhəri, 48-ci məhəllədə yerləşən 7B saylı evin 34 saylı mənzilinin real bazar qiyməti (ərazi vahidində) orta bazar qiyməti 82000 manat, mövcud bazar dəyəri və likvid dəyəri 77000 manat, aylıq kirayə dəyəri 250 manat (yerləşdiyi yer, otaqların sayı, mərtəbəsi, təmiri və sair hallar nəzərə alınmaqla) müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt şəhəri, 48-ci məhəllədə yerləşən 7B saylı evin 34 saylı mənzilinin mülkiyyətçisi Dövlət Reyestrindən verilmiş çıxarışa əsasən iddiaçıdır. İddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış və bu barədə çıxarış verilmişdir. Cavabdeh1 iddiaçının övladı, Cavabdeh2 isə gəlinidir. Cavabdehlər iddiaçı tərəfindən təklif olunan 13000 manat kompensasiya məbləği ilə razı deyildirlər. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiət etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə hesab edir ki, yaşayış sahəsindən istifadə hüququ ilə bağlı mülkiyyətçi və belə hüquqa malik şəxs arasında yaranmış mübahisələrə də məhz bu prizmadan yanaşılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə qarşı kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürmək hüququna malikdir və iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 228.2-ci maddəsi təşkil edir. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, hüquq münasibətinin nə vaxt yaranmasından asılı olmayaraq Mülki Məcəlləsinin 228.2-ci maddəsinə istinad etməklə mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan qanunvericilik normalarına əsaslanaraq və onların tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddianın predmetindən, əsaslarından, eləcə də işin faktiki hallarından göründüyü kimi iddiaçı mülkiyyətindəki mənzildən cavabdehin istifadə hüququnu mübahisələndirmədiyindən məhkəmə, sonuncuların belə hüququnun yaranıb-yaranmamasını araşdırmayaraq müvafiq kompensasiyanın məbləğinin ağlabatanlığına qiymət verərək bu nəticəyə gəlir ki, iddia əsaslıdır. Cavabdehlər birlikdə yaşayan tək ailənin üzvləri olduqlarından məhkəmə, onların digər yaşayış sahəsində də birlikdə yaşayacaqlarını ehtimal edərək, müstəqil qiymətləndiricilərin rəyinə əsasən iddiaçı tərəfindən təklif olunan kompensasiya məbləğini ağlabatan hesab edir. Məhkəmə, həmçinin nəzərə alır ki, tərəflər arasında mövcud olan münaqişəli vəziyyət bir tərəfdən tərəflərin yaşayış sahəsindən birgə istifadəsini qeyri-mümkün edir, digər tərəfdən mülkiyyətçinin öz əmlakından istədiyi kimi istifadə etmək hüquqlarını əsassız məhdudlaşdırır. Belə bir vəziyyətdə tərəflərin gələcəkdə eyni yaşayış sahəsində yaşaması onların arasındakı mübahisənin daha da dərinləşməsinə səbəb ola bilər. Kompensasiyanın məbləği, üzvləri göstərilən sayda olan bir ailənin oxşar parametrlərə və şəraitə malik mənzildə üç-dörd il (300 x 36 ay = 10800; 250 x 48 ay = 12000) müddətinə kirayə yaşayışının bazar qiymətinə uyğundur. İddiaçı sözügedən əmlakın mülkiyyətçisi kimi onun barəsində öz mülahizəsilə istənilən hərəkətlər etmək, üzərində başqa şəxslərin sahibliyinə yol verməmək, özgəsinin qanunsuz sahibliyindən onu geri tələb etmək hüquqlarına malik olduğundan cavabdehlərin mənzildən çıxarılmalarına dair tələbində haqlıdır. Həmçinin, məhkəmə hesab ki, sui-istifadə hallarının qarşısının alınması, eləcə də qətnamənin icrası zamanı əngəllərin meydana çıxmasının qarşısının alınması məqsədilə Cavabdeh1 kompensasiyanın ödənilməsi ilə onun mübahisəli mənzildən istifadə hüququna xitam verilməli, o, əmlakları ilə birlikdə və digər Cavabdeh2 ilə birgə mənzildən çıxarılmalıdır. AR MPM-nin 220.6-cı maddəsinə əsasən məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Beləliklə, məhkəmə hesab ki, iddia tələbi təmin edilməli, Cavabdeh1 13000 manat məbləğində kompensasiya ödənilməklə onun Sumqayıt şəhəri, 48-ci məhəllədə yerləşən 7B saylı evin 34 saylı mənzilindən istifadə hüququna xitam verilməklə, o, həmin yaşayış sahəsindən Cavabdeh2 ilə əmlakları ilə birlikdə çıxarılmalıdır. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, cavabdehlərdən müştərək qaydada ödənilmiş 122.40 manat dövlət rüsumu tutularaq iddiaçıya verilməlidir. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı tərəfindən Cavabdeh1 13000 manat məbləğində kompensasiya ödənilməklə onun Sumqayıt şəhəri, 48-ci məhəllədə yerləşən 7B saylı evin 34 saylı mənzilindən istifadə hüququna xitam verilməklə həmin yaşayış sahəsindən Cavabdeh2 ilə əmlakları ilə birlikdə çıxarılsınlar. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ödənilmiş 122.40 manat dövlət rüsumu müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Cavabdeh1 mənzilə istifadə hüququna xitam verilməklə həmin yaşayış sahəsindən Cavabdeh2 ilə əmlakları ilə birlikdə çıxarılması eyni vaxtda icra olunsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar