Məhkəmə qərarları › İş №2(060)-1980/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1980/2023

18.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1980/2023 18.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı, Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz» İB-nə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli, ******* nömrəli AKT əsasında yaşadığı Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi yaxınlığı, 1-ci küçə 7A ünvanında yerləşən fərdi yaşayış evinə hesablanmış (abunə kodu: **********00007) 1036,80 (bir min otuz altı manat, səksən qəpik) manat borcun və müdaxilə olunmuş sayğacın dəyərinin əvəzi kimi hesablanmış 185,73 manatın silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi yaxınlığı, 1-ci küçə 7A ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. Yaşadığı evə quraşdırılmış sayğac yaşayış sahəsindən kənarda, evin həyətinə giriş qapısının çöl tərəfində quraşdırılmışdır. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli, ******* nömrəli AKT tərtib olunaraq guya iddiaçı tərəfindən müdaxilə nəticəsində sayğacda qüsur aşkar olunmuş və sayğac yenisi ilə əvəz olunmuşdur. Bu prosesdə ümumiyyətlə iştirak etməmişdir. Onu da qeyd edir ki, iddiaçı tərəfindən sayğaca hər hansı bir müdaxilə olunmamışdır. Lakin cavabdeh tərəfindən qanunsuz olaraq iddiaçıya borc hesablanmışaır. Belə ki, abonent saldosuna əsasən borc 1036,80 manat təşkil edir. Eyni zamanda cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubda müdaxilə olunmuş sayğacın dəyərinin 185,73 manat olması qeyd olunmuşdur. Hesab edir ki, sayğacın dəyərinin iddiaçıdan tələb olunması əsassızdır. Məhkəmənin diqqətinə çatdırır ki, QİS-nin əməkdaşları istədikləri vaxt sayğaca baxış keçirtmək imkanı var. İddiaçının sayğacın salamatlığına nəzarət etməyi mümkün deyil. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etmədi. Bildirdi ki, xx.xx.2022-ci il tarixli akt əsasında hesablanmış borc əsaslıdır. Belə ki, sayğaca baxış keçirilməsi nəticəsində sayğacın çıxış plastmas borusunun deşildiyi, xətaların normadan artıq olması, sayğacın nominal və minimal sərfiyyatda -100 % nisbi xətayla işləməsi, kamera ilə sayğacın daxilinə baxış keçirilməsi nəticəsində isə plastmas boruda deşiyin aşkar olunması, hesablama mexanizminin nomianl və minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmədiyi müəyyən olunmuşdur. Odur ki, akt əsasında dəymiş zərər olaraq hesablanmış 1036,80 manat əsaslıdır və həmin borc iddiaçıdan tutularaq “Azəriqaz” İB-nə ödənilməlidir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Mülki iş materiallarında olan: - “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, xx.xx.2022-ci ildə Dövlət yoxlamasına gətirilmiş G-4 markalı (№1802AZ**********62) sayğaca baxış keçirilmiş, sayğacın çıxış plastmas borusunun deşildiyi, xətaların normadan artıq olması, sayğacın nominal və minimal sərfiyyatda -100 % nisbi xətayla işləməsi, kamera ilə sayğacın daxilinə baxış keçirilməsi nəticəsində isə plastmas boruda deşiyin aşkar olunması, hesablama mexanizminin nominal və minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmədiyi müəyyən olunmuşdur. - “Azəriqaz” İB Sumqayıt QİS-nin rəisi tərəfindən xx.xx.2022-ci ildə təsdiq edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz sayğacının nominal qaz sərfi 4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, qəbul edilməklə itirilmiş qazın həcmi 8640 m3 müəyyən olunmuşdur. - “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, ******* saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, İtron G-4 markalı, 1802AZ**********62 №li sayğac Zenner tipli G-4 markalı STS**********118 №li sayğacla əvəz edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, sayğacın çıxış plastmas borusunun deşildiyi, xətaların normadan artıq olması, sayğacın nominal və minimal sərfiyyatda -100 % nisbi xətayla işləməsi, kamera ilə sayğacın daxilinə baxış keçirilməsi nəticəsində isə plastmas boruda deşiyin aşkar olunması, hesablama mexanizminin nominal və minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmədiyindən sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Bu əsasla ******* saylı xx.xx.2022-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib olunmuşdur. Həmin akt əsasında 1036,8 manat cərimə hesablanmışdır. Həmçinin sayğacın dəyəri kimi 185,73 manat hesablanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, məişət qaz qurğusu ümumi qaz sərfiyyatı saatda 10 kub metrədək olan, əhalinin məişət ehtiyacları üçün qazın yanacaq kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz qurğusu, sənaye qaz qurğusu isə ümumi qaz sərfiyyatı saatda 10 kubmetrdən artıq olan, istilik enerjisinin alınması və məişət ehtiyacları üçün qazın yanacaq və müxtəlif növ məhsulların istehsalı ilə əlaqədar xammal kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz qurğusudur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Tərəflər arasında bağlanmış müqavilənin 2.3.4-cü maddəsinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçıya aid edilmiş vəzifədir. Eyni zamanda qeyd olunmalıdır ki, «Normativ-hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 1.0.6-cı maddəsinə əsasən normativ hüquqi aktın rəsmiləşdirilməsi – normativ hüquqi aktın səlahiyyətli şəxs tərəfindən imzalanması və Azərbaycan Respublikasının X2 Reyestrinə daxil edilməsidir. X1 85.1-ci maddəsinə əsasən qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda, onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. Qanunun 85.2-ci maddəsinə əsasən bu Konstitusiya Qanununun 95.1-ci maddəsində göstərilən aktlar istisna olmaqla, digər normativ hüquqi aktlar, həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda, X2 Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının 11 mart 2011-ci il tarixli 11 saylı qərarı X2 Reyestrinin elektron variantında dərc edilmədiyindən, həmin qərarın müddəaları istehlakçı kimi hazırkı iddiaçı üçün məcburi xarakter daşımır. Bu səbəbdən də qeyd olunan qərar rəhbər tutulmaqla, ona təbii qazdan istifadəyə görə qərarla müəyyən edilmiş düsturla sərfiyyata uyğun məbləğin hesablanması qanuni sayıla bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı fiziki şəxs olmaqla, eyni zamanda məişət qaz qurğusundan istifadə etdiyindən, qanunvericiliyin tələblərinə əsasən qaz sayğacının saz vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşımır. Ona görə də məhkəmə, sayğacın çıxış plastmas borusunun deşildiyi, xətaların normadan artıq olması, sayğacın nominal və minimal sərfiyyatda -100 % nisbi xətayla işləməsi, kamera ilə sayğacın daxilinə baxış keçirilməsi nəticəsində isə plastmas boruda deşiyin aşkar olunması, hesablama mexanizminin nominal və minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmədiyinə görə hesablanmış vəsaitin iddiaçıdan tutulmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumundan azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan hyuxarı iddia qiymətinin 1 %-i həcmində dövlət rüsumu ödənilməlidir. Məhkəmə qeyd edir ki, silinməli borc 1222,53 manat olduğu üçün qanunvericiliyin tələbinə əsasən 32,23 manat dövlət rüsumu cavabdehdən tutularaq Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi yaxınlığında 1-ci küçə 7 A ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********00007) tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* №-li akt əsasında hesablanmış 1036,8 manat və sayğacın dəyərinə görə hesablanmış 185,73 manat borc silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh “Azəriqaz” İB tərəfindən Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi yaxınlığında 1-ci küçə 7 A ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********00007) tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* №-li akt əsasında hesablanmış 1036,8 manat və sayğacın dəyərinə görə hesablanmış 185,73 manat borc silinsin. İddianın verilməsinə görə 32,23 manat dövlət rüsumunun əvəzi cavabdeh “Azəriqaz” İB-dən tutularaq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar