Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1980/2025 08.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi Məhkəmə iclas katibi Həsənli Mehriban Hüseyn qızının katibliyi ilə, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «borcun silinməsi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən abunə kodu **********00164 olan ünvan 1 ünvanda NDM 031655 saylı akt əsasında əsassız hesablanmış 1400 manat sayğac borcun silinməsi sayğac borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən 6 mart 2023-cü il tarixli NDM 031655 saylı akt əsasında əsassız hesablanmış 1170.12 manat və 8 iyul 2023-cü il tarixli 303355 saylı akt əsasında isə 208.1 manat, ümumilikdə 1378.22 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı qeyd etdiyi ünvana dair X1yə görə aylıq sərf etdiyi elektrik enerjisinə görə ödənişləri də yaşadığı müddətdə ödəmişdir. Lakin cavabdeh "xxxx" ASC tərəfindən güya o yaşadığı evin elektrik sayğacına müdaxilə etmişdir. Bunu deyərək ona NDM031655 saylı akt tərtib edib və iddiaçıya 1400 manat cərimə yazmışlar. Akt isə iddaçıya təqdim edilməmişdir. Heç bir vaxt sayğaca müdaxilə faktı olmamışdır. Eləcə də iddiaçı qeyd edir ki, hər ay cavabdehin əməkdaşları sayğacına baxış keçirir. Necə olur ki sayğaca müdaxilə edilir? Əgər həqiqətən də sayğaca müdaxilə etmişdirsə iddiaçının iştirakı ilə akt tərtib olunmalı, həmçinin sayğac laboratoriya şəraitində yoxlanılmalı və onun iştirakı təmin olunmalı idi. Lakin onlar iddiaçıya deməmiş güya sayğaca müdaxilə olub, deyərək ona cərimə yazmışlar. Həmçinin akt tərtib olunan zaman heç olmasa iddiaçıya də bir nüsxəsi təqdim olunmalı idi. Hesab edir ki, ona hesablanmış borc məbləği tamailə qanunsuzdur. Bunun üçün də iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 izahatında bildirdi ki, 6 mart 2023-cü il tarixdə iddiaçının yaşadığı ünvana 031655 nömrəli akt tərtib olunmuşdur. Həmin akta əsasən 1170 manat 12 qəpik borc məbləği hesablanmışdır. İkinci akt 8 iyul 2023-cü il tarixdə tərtib olunmuşdur. Həmin akt ilə də 208 manat 19 qəpik məbləğində hesabat aparılmışdır. Ümumillikdə 1378 manat 22 qəpik məbləğində borc hesablanmışdır. Sayğaca müdaxilə olunması və kənar xətt olması faktı ilə bağlı akt tərtib olunmuşdur. Akt tərtib edən əməkdaşlar fərqli-fərqli yerlərdə iştirak etdiyi üçün məhkəmə iclasında iştirak edə bilmirlər. Məhkəmə, cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Abunə haqqında çıxarışdan görünür ki, EİQ-nin pozulmasına görə aktlara əsasən 1378.22 manat borc mövcuddur. Cəmi borc isə 1437.71 manatdır. - Abunə haqqında çıxarışdan görünür ki, abonent kodu **********00164 olan ünvanda 2023-cü ilin yanvar-mart aylarında müvafiq olaraq 2.80; 37.12; 46.80 manat, həmin ilin may ayında isə 14.00 manat dəyərində elektrik enerjisi sərfiyyatının olduğu görünür. - 031655 saylı, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən məlum olmuşdur ki, kənar xətt 4mm mis naqildən ibarətdir. Naqilin qoyulmuş gücü 8,4 kvtdır. Ölçmə zamanı xətdən axan yük Pkənar=3.7 kvt ,Psay=0 kvt təşkil edir. Akt "xxxx" ASC-nin əməkdaşları H.İsmayılzadə və İ.Səfyarov tərəfindən imzalanmışdır. - 303355 saylı, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən məlum olmuşdur ki, abonent sayğacın giriş naqilini zədələyərək sayğacdankənar birbaşa qoşulmuşdur. Kənat xətt 2x4 mm mis naqil vasitəsi ilə qoşulmuşdur. Akt "xxxx" ASC-nin əməkdaşları E.İsmayılov və C.Məmmədov tərəfindən imzalanmışdır. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, mənzil 0159 ərazisində yerləşən abonent kodu **********00164 olan ünvanda kənar xətt aşkar olunduğundan iki akt əsasında 1378.22 manat borc hesablanmışdır. Akt cavabdeh təşkilatın əməkdaşları tərəfindən imzalanmışdır. Abonent 2023-cü ilin yanvar-mart aylarında müvafiq olaraq 2.80; 37.12; 46.80 manat, həmin ilin may ayında isə 14.00 manat dəyərində elektrik enerjisi sərf etmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Bu Məcəllənin 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 №li qərarı ilə təsdiq olunmuş“X1 Qaydaları”nın 8.17-1-ci bəndində göstərilmişdir ki, istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8.17-2-ci bəndinə görə istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının sayğaca kənar xətt vasitəsilə qoşularaq X1 etməsi halı iş materialları və təqdim olunmuş sübutlarla, eləcə də abonentin abunə haqqında çıxarışının təhlili ilə öz təsdiqini tapmır. Belə ki, müvafiq akt qanunvericilikdə imperativ şəkildə nəzərdə tutulmuş qaydada istehlakçının iştirakı ilə tərtib olunmamış, bir nüsxəsi ona təqdim edilməmiş, eyni zamanda həmin vaxt belə halın mövcudluğu barədə videoyazı, bunu təsdiqləyəcək fotoşəkil məhkəməyə təqdim edilməmişdir. Odur ki, iddia əsaslıdır. Həmçinin, abonentin saldosundan görünür ki, akt tərtib olunanadək 2023-cü ilin yanvar-mart aylarında müvafiq olaraq 2.80; 37.12; 46.80 manat dəyərində elektrik enerjisi istifadə edilmiş və ödənişlər həyata keçirilmişdir. Göründüyü kimi aktdan əvvəlki, sonrakı illərin müvafiq dövründə də elektrik enerjisi istehlakı əsasən sabit qalmışdır. Bu hal da bir daha elektrik enerjisinin kənar xəttlə qoşularaq istehlakını təkzib edir. Belə ki, əks halda əvvəlki dövrdə və kənar xəttin aşkarlanıb ləğvindən sonra ilin müvafiq vaxtlarında elektrik enerjisinin sərfiyyatında artım müşahidə olunardı. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı sayğacdan kənar xətt vasitəsilə elektrik enerjisi istehlak etməsini təsdiq edən cavabdeh tərəfindən sübutlar təqdim edilmədiyindən iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, hesab edir ki, iddia təmin edilməli, abonent kodu **********00164 olan ünvana hesablanmış 1378.22 manat borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı tərəfindən verilmiş iddia tələbi təmin edilsin. Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, mənzil 0159 ərazisində yerləşən abonent kodu **********00164 olan ünvana hesablanmış 1378.22 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-1980/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1980/2025
08.07.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver