Məhkəmə qərarları › İş №2(060)-1983/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1983/2023

02.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1983/2023 02.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X5 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaç İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, yuxarıda qeyd olunan ünvanda qeydiyyatda olmaqla yaşayır. Evin su sayğacı onun adınadır. Abonent kodu **********0000-dür. Keçən müddətdə su sayğacı uzun müddət ərzində istifadə edildiyindən istismar müddəti başa çatmış və Azərsu ASC-nin əməkdaşları tərəfindən onun müraciətinə əsasən yenisi ilə əvəzləndirilmişdir. Sayğac yerində çıxarılmış və əməkdaşlar tərəfindən heç bir irad bildirilmədən aparılmışdır. Aradan bir müddət keçəndən sonra ünvana bildiriş gəlmiş və orada qeyd olunmuşdur ki, guya sayğacı onlar zədələdiklərinə görə əlavə borc tətbiq edilir. Sayğacın istismar müddəti bitmiş və yenisi ilə əvəzləşdirilmişdir. Bu məsələdə abonent olaraq onun heç bir təqsiri yoxdur. Məsuliyyəti qanunla nəzərdə tutulmamışdır. Lakin xx.xx.2022-ci il tarixdə onlara xəbərdarlıq gəlmişdir ki, yaranmış borcu 7 gün ərzində ödənilməsə su xətti ayrılacaqdır. Bu isə abonentin istehlak hüquqlarının kobud şəkildə pozulması deməkdir. Hesab edir ki, qarşı tərəf inhisar qurum kimi öz səlahiyyətlərindən sui istifadə edir. Bu isə qanunla qadağandır. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddia tələbini müdafiə edərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, onlar suyu kartla işlədirlər. Ayda 12-15 manat ödəniş etmişdir. Nəzarətçiyə yaxınlaşmış və bildirmişdir ki, sayğac işləmir. Bildirmişdir ki, su idarəsinə zəng etməlidir. O isə ərizə yazmış və yazmaq ilə onların gəlişi arasında 2 ay müddət olmuşdur. Zəng vuranda demişlər ki, yazılı surətdə olmuşdur. Sayğacı dəyişdikdən bir ay sonra 134 manat borc gəlmişdir. 2 ay kartdan pul çıxmamışdır. O isə yenə pul ödəmişdir. Sayğac üzrə bütün borcları vaxtında ödəmişdir. Borcu olmamışdır. Akt tərtib olunmalıdır. O isə qol çəkməlidir. Lakin o imza çəkməmişdir. O müraciət etmişdir, lakin vaxtında gəlməmişdirlər. 134 manat 2 ayda istifadə etmək mümkün deyildir. Cavabdeh ASC-nin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı özü də qeyd etmişdir ki, ünvanda sayğacda nasazlıq olmuşdur. Rəydə də qeyd olunmuşdur ki, sayğacın hesablama mexanizminə su yığılmışdır. Hesab olunur ki, yaranmış borc iddiaçı tərəfindən ödənilməlidir. İllər üzrə 2011 və 2012-ci illərdə mənfidir. 2013-cü ildə 5 manat borcu qalmışdır. Əsas borcun yaranma səbəbi 2021 və 2022-ci illərdir. 2021-ci il tarixdə 332 kub sərfiyyatdır. Ona görə 305 manat 18 qəpik təşkil edir. Abonent oradan 105 manat ödəniş etmişdir. Qalan məbləğ isə 200 manat 18 qəpikdir. 97 manat yeni sayğac üzrə olan borcdur. 2022-ci il tarixdə 164 kub sərfiyyat olmuşdur. Dəyəri bir manatdan hesablanır yəni, 164 manat edir. Ondan isə 139 manat abonent tərəfindən ödənilmişdir. 25 manat borc qalmışdır. Bütün qeyd olunanları abonent koduna uyğun deyir. 2021-ci il üzrə dəyəri 305.18 manat təşkil etmişdir. Sayğac 2010-cu ildə quraşdırılmışdır. 14 aprel 2021-ci il tarixdə dəyişdirilmişdir. Mexaniki növdən kart növlü sayğaca keçirilmişdir. Yeni sayğaza keçərkən 123 manat 18 qəpik abonentin borcu olmuşdur. Həmin ilin may ayında 22 manatlıq istifadə etmiş, 20 manat ödəmiş, buradan isə 2 manat qalmışdır. İyun ayında 24 manatlıq istifadə olmuş və heç bir ödəniş olmamışdır. 32 manatlıq istifadə etmiş, 20 manat ödəmiş, buradan isə 12 manat qalmışdır. Sayğaca müdaxilə olunmamışdır. Lakin nasazlıq olmuşdur. Ona görə də iddia tələbini əsassız hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan: Cavabdeh ASC Sumqayıt Sukanal İdarəsi tərəfindən hesab fakturalardan görünür ki, İddiaçı adına olan Sumqayıt, 1-ci məhəllə, ev-31 ünvanına xx.xx.2022-ci il tarixə 230.94 manat, xx.xx.2021-ci il tarixə 185.94 manat, xx.xx.2021-ci il tarixə 183.94 manat, xx.xx.2022-ci il tarixə 193.94 manat, xx.xx.2022-ci il tarixə 212.94 manat, xx.xx.2022-ci il tarixə 233.94 manat ödənişin olunması barədə məlumatlar əks olunmuşdur. Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının X2 Nümayəndəsi tərəfindən verilmiş 155 nömrəli, 14 fevral 2023 –cü il tarixli arayışdan görünür ki, xx.xx.1955-ci ildə anadan olmuş vətəndaş, İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası qeydiyyat vəsiqəsindən görünür ki, Azərbaycan Respublikası, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən 95.76 kvadrat kilometr sahəsi olan 134.81 kvadrat kilometrdən ibarət olan 31 nömrəli yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında Sumqayıt İcra Hakimiyyətinin 04 nömrəli, 27 fevral 1991-ci il tarixli əmri əsasında vətəndaş X3 verilmişdir. Azərbaycan Respublikası Cavabdeh ASC tərəfindən Sumqayıt Şəhər Məhkəməsinə ünvanlanmış müraciətə cavab olaraq bildirilmişdir ki, İddiaçı ilə Cavabdeh ASC arasında su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə dair xx.xx.2003-ci il tarixdə 30692304 saylı müqavilə bağlanılaraq sözügedən ünvana **********000 saylı abonent kodu açılmışdır. Qeyd edilən ünvanın hesabatı xx.xx.2010-cu il tarixdən xx.xx.2014-cü il tarixədək 10156101 nömrəli sayğacın göstəricisinə əsasən, xx.xx.2014cü il tarixdən xx.xx.2021-ci il tarixədək 21019615 nömrəli smart kart tipli sayğacın balans yükləmələrinə əsasən aparılmışdır. 21019615 nömrəli smart kart tipli sayğacın balans yükləmələrinə əsasən aparılmışdır. 21019615 nömrəli smart kart tipli sayğacın elektron hissəsi sərfiyyatı qeydə almadığından sayğac xx.xx.2021-ci il tarixdə son göstəricisi 1202 kub metr olmaqla istismardan çıxarılaraq, yerində 21019615 nömrəli su sayğacı quraşdırılmışdır. Abonent tərəfindən smart kartın balansına 1057 kub metrədək yükləmə edildiyindən, sayğacın mexaniki göstəricisində müəyyən edilən 145 kub metr əlavə istifadə edilmiş su sərfiyyatının dəyəri (123.18 manat) abonentin cari hesabına borc olaraq əlavə edilmişdir. Hazırda sayğac göstəricisi 350 kub metr olmaqla, ünvanın hesabına 220.94 manat borc vardır. Qeyd edilən borc xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə 123.18 manat 21019615 nömrəli sayğacın göstəricisinə əsasən, 97.76 manat isə faktiki sayğacın göstəricisinə əsasən hesablanmış məbləğin ödənilməmiş hissəsidir. Qeyd edilən digər **********000 saylı abonent kodu isə cəmiyyətin elektron bazasında mövcud deyildir. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanununun: 30.1-ci maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini su ölçən cihazlar vasitəsi il əvə ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirilir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir. (göndərməlidir.) İstehlakçı tərəfindən suyun hesabı tam ödənilmədikdən sonra, su həchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 59.1-ci maddəsinə əsasən müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş şərtlərlə və qaydada su təchizatı və kanalizasiya müəssisələri su təchizatı və kanalizasiya müəssisəsinin xidmətlərindən istifadə edən hər hansı istehlakçıdan bu qanuna müvafiq olaraq müəyyənləşdirilmiş ödəmələri götürmək və onların ödənilməsini tələb etmək hüququna malikdir. 59.3-cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. 61-ci maddəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. 62-ci maddəsinə əsasən, istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəməlidir və istehlakçı tərəfindən bu vəzifələri yerinə yetirilməməsi su təchizatı və kanalizasiya müəssisəsi qanunverçiliklə nəzərdə tutulmuş müvafiq tədbirləri görmək hüququnu yaradır. «Sudan istifadə qaydalarının» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014cü il 17 iyul tarixli 262 nömrəli qərarının 4.1.3 bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini istehlakçı təmin etməlidir. «Sudan istifadə qaydalarının» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014cü il 17 iyul tarixli 262 nömrəli qərarının 6.4-cü bəndinə əsasən yaşayış binalarının girişində və pilləkən qəfəslərində quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına STKM, mənzillərdə, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına isə istehlakçı cavabdehlik daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən sayğac mənzil daxilində yerləşir. Bu səbəbdən sayğacda nasazlıq, hər hansı bir problem aşkarlandığı zaman iddiaçı bu barədə cavabdehin nəzarətçilərinə bildirmək öhdəliyi (Sudan istifadə qaydalarının» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarının 4.1.3 bəndinə əsasən) daşıyır. Nəticə olaraq cavabdehliyi iddiaçı daşıdığından cavabdehin məsuliyyəti müəyyən olunmur. İşin məhkəmə tərəfindən araşdırılan hallarına əsasən İddiaçı məhkəmə iclasında iştirak edərkən saygacın işlək vəziyyətində olmadığını etiraf etmiş, yalnız Cavabdeh ASC-yə müraciət edilməsi öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata kecirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcələnin öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsində istinad etdiyi hallar məhkəmə iclasında öz təsdiqini tapmaması nəzərə alınaraq, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar