Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1988/2022 19.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X4 İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt Regional “Asan xidmət” Mərkəzinin Notariat Ofisinə qarşı “mirasın qəbuletmə müddətinin uzadılması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X5 miras qalmış Sumqayıt şəhəri 2-ci mikrorayon, 44/47 saylı evin 9 saylı mənzilə dair mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsinin üzürlü hesab edilərək müddətin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, o, Sumqayıt Regional «Asan xidmət» Mərkəzinin Notariat ofisinə mərhum atası X5 miras qalmış əmlakına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün ərizə ilə müraciət etmişdir. Sumqayıt Regional «Asan Xidmət» Mərkəzinin Notariat ofisi ərizənin təmin olunmasından imtina etmiş və ona ünvanladığı 380 №-li, 10.02.2022-ci il tarixli məktubunda qeyd etmişdir ki, onun 03 dekabr 2012-ci il tarixində notariat ofisinə daxil olmuş mərhum X5 qalmış mirasın qəbulu barədə ərizənizə baxılmışdır. Ərizəyə və ərizəyə əlavə olunan sənədlərə cavab olaraq bildirirmişdilər ki, mirasın qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddət ötürüldüyündən hal-hazırda ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Odur ki, mirasın qəbulu üzrə qanunla müəyyənləşdirilmiş müddətin bərpası üçün Məhkəməyə müraciət etməkləri tövsiyyə olunur. Hüquqi savadı olmadığına görə və uzun müddət Rusiyada yaşadığına görə mirasın qəbul etmə müddətinin miras qoyanın ölümündən sonra 3 ay müddət ərzində qəbul olduğunu bilməmişdir. Zənn etmişdir ki, atasından miras qalmış mirası istənilən vaxt vərəsəlik qaydasında qəbul edə bilər. Lakin 2022-ci ildə Sumqayıt Regional «Asan xidmət» Mərkəzinin Notariat ofisinə müraciət edərkən mirasın qəbulu üçün müddətin müəyyən edildiyini bilmişdir. Göstərilənləri nəzərə alaraq, mərhum atası X5 miras qalmış Sumqayıt şəhəri 2-ci mikrorayon, 44/47 saylı evin 9 saylı mənzilə dair mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsinin üzürlü hesab edilərək müddətin uzadılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdeh Sumqayıt Regional “Asan xidmət” Mərkəzinin Notariat Ofisi müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məktub ilə məhkəməyə müraciət edərək məhkəmə iclaslarının nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdeh Sumqayıt Regional “Asan xidmət” Mərkəzinin Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı izahatını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan 09.04.2016-cı il tarixli, 04 15 822018 nömrəli pasportun surətindən görünür ki, İddiaçı xx.xx.1971-ci il tarixdə Ernənistan Respublikası, Amasiya rayonu, Güllübulaq kəndində doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Tikinti və Arxitektura Komitəsi Baş X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin “Qeydiyyat vəsiqəsi”nin surətindən görünür ki, Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 44/47, mənzil 9 X6 adına qeydə alınmışdır. İş materiallarında olan İ-ZJ № 106381 saylı, 21.01.1971-ci il tarixli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X11 xx.xx.1971-ci il tarixdə Ernənistan Respublikası, Amasiya rayonu, Güllübulaq kəndində doğulmuşdur. Ata qrafasında-X12, ana qrafasında-X7 qeyd edilmişdir. İş materiallarında AZ-İ № 585297 saylı, 13.12.2012-cü il tarixli “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X12 03 dekabr 2012-ci il tarixdə ölmüşdür. İş materiallarında İV-JQ № 363348 saylı, 22.02.1993-cü il tarixli “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X7 22 fevral 1993-cü il tarixdə ölmüşdür. İş materiallarında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin X1 ünvanladığı 10.02.2022-ci il tarixli məktubundan görünür ki, mirasın qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddət ötürüldüyündən hal-hazırda ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilə bilməz. Mirasın qəbulu üzrə qanunla müəyyənləşdirilmiş müddətin bərpası üçün məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. İş materiallarında olan X3 ərizəsinin surətindən görünür ki, o, 03.12.2012-ci ildə atası X6 ölümündən sonra vərəsəlik işinin açılması haqqında ona məlumdur. İddiaçı tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamənin əldə edilməsinə etiraz etmir. İş materiallarında olan 08.09.2010-cu il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X12 ölən günə kimi ona məxsus olan Sumqayıt şəhəri, 2-ci mikrorayon ev 44/47, 9 nömrəli mənzili qızı İddiaçı vəsiyyət etmişdir. “İnsan Hüquqlarının və X8 Haqqında” Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan Hüquqları və X8 Haqqında Konvensiya” nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV bəndinə görə dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134-cü maddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fıziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürünlə) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Mülki Məcəllənin 1243-cü maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras onun açıldığı gündən altı ay ərzində qəbul edilə bilər. Mülki Məçəllənin 1248.1-çi maddəsinə görə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzürlü sayarsa, uzada bilər. Həmin Məcəllənin 1193-cü maddəsinə görə vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1274-cü maddəsinə görə miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə görə isə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Məhkəmə bu normalardan çıxış edərək və iş materiallarının araşdırılmasına əsasən hesab edir ki, X6 03 dekabr 2012-ci ildə vəfat etməsi ilə ona xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 44/47-də yerləşən 9 nömrəli mənzilə dair miras açılmışdır. Lakin İddiaçı qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə mirası qəbul etməmiş, nəticədə bunun üçün müəyyən olunmuş müddəti ötürmüşdür. Məhkəmə iddiaçının mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin geçikmə səbəbini üzrlü sayır və buna görə də hesab edir ki, bu müddət uzadılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə, hesab edir ki, iddia tələbi təmin edilərək, İddiaçı 03 dekabr 2012-ci ildə vəfat etmiş mərhum atası X9 məxsus Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 44/47-də yerləşən 9 nömrəli mənzilinə dair miras əmlakın qəbul müddətinin buraxılması müddəti bərpa edilməli və bu müddət uzadılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-ci, Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı 03 dekabr 2012-ci ildə vəfat etmiş mərhum atası X9 məxsus Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 44/47-də yerləşən 9 nömrəli mənzilinə dair miras əmlakın qəbul müddətinin buraxılması müddəti bərpa edilsin və bu müddət uzadılsın. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-1988/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1988/2022
19.04.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver