Məhkəmə qərarları › İş №2(060)-1988/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1988/2023

01.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Şərəf və ləyaqətin müdafiəsi üzrə - Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi üzrə sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1988/2023 01.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı şərəf və ləyaqətin müdafiəsi, mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək onun şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən həqiqətə uyğun olmayan məlumatların Cavabdeh tərəfindən aşağıdakı üsulla: işlədiyi kollektiv qarşısında həqiqətə uyğun olmayan məlumatların cavabdeh tərəfindən təkzib edilməsi və ondan üzr istənilməsi, Cavabdeh mənəvi zərərin əvəzi kimi 5000 (beş min) manatın və məhkəməyə ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin alınıb ona verilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı hal-hazırda Sumqayıt şəhərində 39 nömrəli tam orta məktəbdə müəllimə vəzifəsində çalışır. Cavabdeh hal-hazırda Sumqayıt şəhəri 28 nömrəli tam orta məktəbdə dalandar işləyir. Bir-biriləri ilə çox yaxın olduqlarından iddiaçı xx.xx.2021-ci ildə Kapital Bankdan kredit götürüb Cavabdeh təqdim etmişdir. Lakin pulu söz verdiyi kimi ödəmədiyindən xx.xx.2022-ci ildə öz evindən iddiaçıya xəsarət yetirdiyindən 102-nin köməyi əsasında inzibati xəta haqqında 157-ci maddəsi ilə protokol tərtib olunmuş və 300 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Bundan sonra cavabdeh iddiaçının şərəf və ləyaqətini və işgüzar nüfuzumu ləkələmək üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinə ərizə ilə müraciət edərək guya iddiaçı cavabdehə və digər müəllim yoldaşlarına faizə pul verir. Bundan sonra həmin ərizə araşdırılması üçün Abşeron- Xızı regional təhsil idarəsinə gödərilmişdir. Abşeron-Xızı regional təhsil idarəsinin müfəttişi iddiaçını Sumqayıt şəhəri ərazisində yerləşən Abşeron-Xızı regional təhsil idarəsinə dəvət etmiş və iddiaçını cavabdehin ərizəsi ilə tanış etmişdir. Abşeron-Xızı regional təhsil idarəsinin müfəttişi tərəfindən aparılan araşdırma zamanı Cavabdeh ərizədə qeyd etdiyi faktların heç birinin hüquqi əsası olmadığı müəyyən edilmişdir. Cavabdeh yazdığı ərizənin surətini tələb etsə də, müfəttiş tərəfindən ona bildirilmişdir ki, onun barəsində daxil olmuş şikayət ərizəsi ilə bağlı müraciətinə Abşeron-Xızı regional Təhsil İdarəsi tərəfindən baxılmışdır. Bildirilib ki, qeyd edilən sənədlər aidiyyəti dövlət orqanlarının və ya məhkəmənin rəsmi sorğusu əsasında təqdim oluna bilər. Ona görə də hazırda şərəf və ləyaqətinin müdafiəsi və mənəvi zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək iddia tələbinin rədd edilməsini xahiş etdi. İşin məhkəmə tərəfindən araşdırılması zamanı İddiaçı məhkəmə tərəfindən ona verilən suala cavab olaraq bildirmişdir ki, Cavabdeh 2 nəfəri kişi, 2 nəfəri qadın olmaqla 4 nəfər şəxsin adından saxta imza etməklə Abşeron-Xızı Regional Təhsil İdarəsinə “Tamara 39 nömrəli məktəbdə rus dili müəllimi olaraq çalışır, dəfələrlə bizi şantaj edib, böhtan atıb, onun müəllim işləməsi nə dərəcədə düzgündür, xahiş edirik, bu işi ciddi araşdırasınız” məzmunlu ərizə yazmışdır. Cavabdeh məhkəmə tərəfindən ona verilən suala cavab olaraq bildirmişdi ki, özündən başqa 4 nəfər şəxs də imza etməklə Abşeron-Xızı Regional Təhsil İdarəsinə kompüter vasitəsilə ərizə yazıb. Təhsil İdarəsinə ünvanladıqları ərizə “İddiaçı bizi təhqir edir, pulu alır və danır. Qohumlarının qapısına getməsin, qohumlarını təhqir etməsin” məzmunlu olub, ərizədə “şantaj” sözü olmayıb. Məhkəmə tərəfləri dinləyərək Abşeron-Xızı Regional Təhsil İdarəsinə ünvalanan ərizəni İddiaçı tərəfindən bildirilən məzmunda qəbul edir və ərizənin təqdim edilməsi üçün Abşeron- Xızı Regional Təhsil İdarəsinə sorğu verilməsinə zərurət olmadığını bildirir. Məhkəmə tərəflərin izahatını iş materialları ilə birlikdə tədqiq edərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-499/2023 saylı qətnaməsinin məzmunundan görünür ki, Cavabdeh 3000 (üç min) manat məbləğində pulun və 21 (iyirmi bir) manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsinin Sumqayıt şəhəri 39 nömrəli tam orta məktəbin müəllimi İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 151/01/01 nömrəli məktubundan görünür ki, onun barəsində daxil olmuş şikayət ərizəsi ilə bağlı müraciətinə (daxiloma № 151/01; xx.xx.2022) Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən baxılmışdır və qeyd olunan sənədlərin aidiyyəti dövlət orqanlarının və ya məhkəmənin rəsmi sorğusu əsasında təqdim oluna bilməsi bildirilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1.9-cu maddəsinə əsasən, mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindən biridir. Həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən, əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar mediada yayılmışdırsa, həmin mediada da təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Həmin Məcəllənin 23.4-cü maddəsinə əsasən, şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 3 noyabr 2008-ci il tarixli, 7 nömrəli Qərarının 2-ci bəndində göstərilir: “Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.” “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyriəmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il, 4 saylı qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinə müvafiq olaraq vətəndaşlar onların şərəf və ləyaqətlərini ləkələyən, həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsini məhkəmə yolu ilə tələb edə bilərlər. Mülki Məcəllənin 7-ci maddəsində müəyyən olunmuş qaydada təşkilatların və vətəndaşların işgüzar nüfuzu da müdafiə oluna bilər. Şərəf və ləyaqətin müdafiəsi üçün nəinki barələrində həqiqətə uyğun olmayan məlumatlar yayılmış şəxslər, habelə həmin məlumatların təkzib edilməsində öz maraqları olan digər şəxslər (vərəsələr, ailə üzləri, qohumlar, şərik müəlliflər və s.) də məhkəmədə iddia qaldıra bilərlər. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə yuxarıda qeyd edilən hər üç hal (məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması) müəyyən olunmur. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Belə ki, o, məhkəməyə bu halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80-ci, 81-ci və 88-ci maddələri). Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı onun şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən həqiqətə uyğun olmayan məlumatların Cavabdeh tərəfindən aşağıdakı üsulla: işlədiyi kollektiv qarşısında həqiqətə uyğun olmayan məlumatların cavabdeh tərəfindən təkzib edilməsi və ondan üzr istənilməsi, Cavabdeh mənəvi zərərin əvəzi kimi 5000 (beş min) manatın və məhkəməyə ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin alınıb ona verilməsi tələbinə dair iddiası rədd olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı onun şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən həqiqətə uyğun olmayan məlumatların Cavabdeh tərəfindən aşağıdakı üsulla: işlədiyi kollektiv qarşısında həqiqətə uyğun olmayan məlumatların cavabdeh tərəfindən təkzib edilməsi və ondan üzr istənilməsi, Cavabdeh mənəvi zərərin əvəzi kimi 5000 (beş min) manatın və məhkəməyə ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin alınıb ona verilməsinə dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar