Məhkəmə qərarları › İş №2(060)-1999/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1999/2023

22.06.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1999/2023 22.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X6 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə xüsusi icraat qaydasında ərizəsinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi (bundan sonra - ərizəçi) xüsusi icraat qaydasında ərizə ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək (maraqlı şəxs - Sumqayıt şəhər İcra hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası) xx.xx.1986-cı il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Günel Ramazanova ərizəçinin qızıdır. O, xx.xx.1986-cı il tarixdə Şamaxı rayonunun Cəmcəmli kəndində anadan olmuşdur. Günel Ramazanova Azərbaycan Respublikası Sumqayıt Şəhər poliklinkasında keçirilmiş uşaq serebral iflicinin davamlı qalıqları, yuxarı ətrafların spastik paraparaezi, NSD qarışıq tip diaqnozu ilə qeydiyyatdadır. O, anadan gəlmə bu xəstəlikdən əziyyət çəkir. Ramazanova Günel uzun illərdir ki, müayinə və müalicədədir. Hal-hazırda da onun müalicələri evdə davam edir. Bu illər ərzində qızı ərizəçinin nəzarətindədir. Müəyyən əqdlərin bağlanmasında, pensiya və sosial müavinətlərin alınması ilə bağlı qızının imzası gərəkir. Ərizəçi isə bunu edə bilmir. Belə ki, qızının xəstəliyi ilə əlaqədar olaraq ciddi davranış pozuntuları mövcuddur, özü birinci qrup əlildir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş və iş üzrə icraat ekspert rəyi alınanadək dayandırılmışdır. xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ekspert rəyi məhkəməyə daxil olmuş və iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş maraqlı şəxs məhkəmə iclasında təmsil edilmədiyindən, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etdi. İş materiallarını araşdıraraq, ərizəçinin izahatını dinləyərək məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti ilə müəyyən edilir ki, ərizəçi xx.xx.1965-ci ildə, Şamaxı rayonu, Cəmcəmli kəndində anadan olmuşdur. O, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətinə əsasən X4 xx.xx.1986-cı ildə, andan olmuşdur. Şamaxı rayonu, Həmcəmli kəndində anadan olmuşdur. O, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti ilə ərizəçinin X1 anası olması müəyyən edilir. Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatı ilə müəyyən edilir ki, X2 “Keçirilmiş uşaq serebral iflicinin davamlı qalıqları. Yuxarı ətrafların spastik paraparezi. NSD qarışıq tip.” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X3 Məhkəmə Psixiatrik Ekspertizası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1828 saylı məhkəmə psixiatrik ekspertizaya dair ekspert rəyində ekspert belə nəticəyə gəlmişdir ki, X4 hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslar var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1986-cı ildə, Şamaxı rayonu, Həmcəmli kəndində doğulmuş X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1986-cı ildə, Şamaxı rayonu, Həmcəmli kəndində anadan olmuş X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar