Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2004/2021 19.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər 3 saylı Notariat ofisinə qarşı mirasın qəbul edilmə müddətinin uzadılması və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Sumqayıt şəhər 3 saylı Notariat Ofisinə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2018-ci il tarixdə vəfat etmiş mərhum anası X7 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 1985E saylı evə miras əmlakın qəbul müddətinin üzrlü sayılaraq müddətin bərpa edilməsi və uzadılması, həmin əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, anası X12 isə xx.xx.2018-ci ildə vəfat etmişdir. Anasının vəfat etdiyi tarixə qədər mülkiyyətində Sumqayıt şəhəri, Novxanı bağ massivində 0,03 ha torpaq sahəsində yerləşən 1985E saylı evi var idi. Anası vəfat etdikdən sonra həmin evdən və həyətdən mütəmadi olaraq təyinatı üzrə istifadə etsə də, hüquqi savazdıslığına görə miras əmlakı qəbul etməsinə dair hüquqmüəyyənedici sənədlər almamışdır. Bununla bağlı Sumqayıt şəhər 3 saylı Notariat ofisinə müraciət etmişdir. 3 saylı Notariat ofisinin xx.xx.2021-ci il tarixli, 40 saylı cavab məktubu ilə ona məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. İşin məhkəmə baxışı zamanı X5, Məmmədova Hökümə Allahyar qızı, X8, X9 və X2 və X10 məhkəmə tərəfindən iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi cəlb edilmişlər. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək bildirdi ki, Novxanı bağ massivində yerləşən sözügedən ev hal-hazırda onun idarəçiliyindədir. Mirasın qəbulu ilə bağlı vərəsələr arasında heç bir mübahisə yoxdur. Sadəcə vərəsəlik hüququ ilə bağlı notariat orqanına müraciət etdikdə, ona bildirilmişdir ki, mirasın qəbul edilməsi müddətinin uzadılması ilə bağlı məhkəmə qərarı olmalıdır. Bu səbəbdən o, məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Üçüncü şəxs qismində cəlb edilmiş X5, Məmmədova Hökümə Allahyar qızı, X9 və X2 xx.xx.2021-ci il tarixində keçirilmiş məhkəmə iclasında verdikləri izahatlarında analarından qalan miras qalmış əmlakın iddiaçının adına keçməsi ilə bağlı heç bir etirazlarının olmadığını bildirərək iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasının barədə cavabdehə bildiriş göndərilməsinə baxmayaraq cavabdeh və üçüncü şəxslər sonuncu məhkəmə iclasında təmsil edilməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxslərin və ya onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatənə dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1968-ci ildə anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır və orada yaşayır. RX seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 1985E saylı ev xx.xx.2014-cü il tarixdə X6 adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən müəyyən edilir ki, iddiaçının anası X11r. Ölüm haqqında şəhadətnamənin surətlərinə əsasən X12 xx.xx.2018-ci ildə vəfat etmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ərizələrdə X8 və X1 Gülzadə Əli qızından qalmış miras əmlaka dair iddiçıya vərəsəlik şəhadətnaməsinin verilməsinə etiraz etmədiklərini bildirmişlər. İddiaçı vərəsəlik haqqında şəhadətnamə verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdehin xx.xx.2021-ci il tarixli, 40 saylı məktubunda mirasın qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddətin ötürülməsi səbəbindən iddiaçıya imtina cavabı verilmiş və həmin müddətin bərpasının təmin edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı 10 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir (1133.1). Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (1133.2). Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər (1134.1). Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir (1243.1). Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (1243.2). Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (1246). Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər (1248.1). İşin müəyyən edilmiş hallarından göründüyü kimi Sumqayıt şəhəri, Novxanı bağ massivində, 0,03 ha torpaq sahəsində yerləşən 1985E saylı ev RX seriyalı ******* saylı çıxarışa əsasən iddiaçının anası X7 məxsus olmuşdur. X12 vəfat etdikdən sonra iddiaçı ev üzərində vərəsəlik hüququnun tanınması üçün notariat orqanına müraciət edilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Lakin, iddiaçının qardaş və bacıları evin iddiaçının adına keçirilməsinə etiraz etmirlər. Bu səbəbdən iddia mirasın qəbul edilmə müddətinin uzadılması hissəsində təmin edilməli, Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən 1985E saylı evin miras əmlak kimi qəbul edilməsi üçün iddiaçı tərəfindən buraxılmış müddət üzrlü hesab edilərək uzadılmalıdır. Mülki Məcəllədə göstərilmişdir ki, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər (1321.1.). İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini iddia ərizəsində tələb kimi irəli sürmüşdür. Lakin, həmin şəhadətnamənin verilməsi məhkəmənin yox, notariat orqanın səlahiyyətlərinə aiddir. Bu səbəbdən iddia vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi hissəsində təmin edilməməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 1985E saylı evin İddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab edilərək uzadılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-2004/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2004/2021
19.03.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver