Məhkəmə qərarları › İş №2(060)-2010/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2010/2022

11.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2010/2022 11.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı, Cavabdeh «Azəriqaz» İB-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh «Azəriqaz» İB-yə qarşı aktın etibarsız hesab edilməsi, əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə 11 aprel 2022-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı cavabdeh «Azəriqaz» İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Azəriqaz" İstehsalat Birliyi tərəfindən tərtib olunmuş 30.12.2021-ci il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi, əsassız olaraq hesablanmış 617.73 (altı yüz on yeddi manat yetmiş üç qəpik) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1-də yaşayır və həmin mənzil onun mülkiyyətindədir. Yaşadığı müddətdə o, ödənişləri vaxtlı vaxtında həyata keçirmiş və cavabdeh orqana heç bir borcu olmamışdır. 2021-ci ilin dekabr ayında Sumqayıt Qaz İstismar sahəsinin əməkdaşları yaşadığı mənzilə gəlmiş və sayğacları dəyişdirməsi əsası ilə sayğacı götürmüş və yeni sayğac qoymuşdurlar. 30.12.2021-ci il tarixli aktla onun sayğaca müdaxilə etdiyi müəyyənləşdirilmiş və ona əsassız olaraq dəymiş ziyan kimi 432 manat borc yazılmışdır. Bundan əlavə müdaxilə edilmiş sayğacın dəyəri - 185.73 manat məbləğində borc da hesablanmışdır. O, cavabdeh "Azəriqaz" İstehsalat Birliyinin tərtib etdiyi aktı qanunsuz və əsassız hesab edir və gəldiyi nəticəni aşağıdakı hallarla əsaslandırır. Bildirir ki, sayğac hasarın çölündə yerləşir. Sayğaca hər hansı müdaxilənin edilməsi, o demək deyil ki, o sayğaca müdaxilə məhz onun tərəfindən edilmişdir. Həmin küçədən çox sayda insan keçir və bu da sayğaca istənilən başqa şəxsin müdaxilə etməsi və zədələməsi faktını istisna etmir. Sayğac ictimai yerdə yerləşir və onu qorumaq, mühafizə etmək onun vəzifəsi deyil. Bundan başqa sayğaca müdaxilənin onun təqsiri üzündən olması sübut olunmadığı halda cavabdehin sayğacın ödənişini ondan tələb etməsi qanunsuzdur. Bu səbəbdən də, 30.12.2021-ci il tarixli, ******* saylı akt etibarsız hesab olunmalı, əsassız olaraq hesablanmış 617.73 (432+185.73) manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “X3"nın 4.8-ci maddəsinə görə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Göründüyü kimi, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə məsuliyyəti cavabdeh "Azəriqaz” İstehsalat Birliyi daşıyır. Yuxarıda göstərilənləri nəzərə alaraq, iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, onun mənzilə aid sayğac mənzilindən kənar quraşdırılmışdır. Yoldaşı şəhid olduqdan sonra cavabdeh təşiklata yaxınlaşaraq ödəniş edə bilmədiyini bildirmiş, bundan sonra cavabdehin əməkdaşları gəlib sayğacı dəyişmiş və köhnə sayğacın deşildiyini bildirmişlər. İddiaçı qeyd etdiklərinə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddia tələbinə etiraz edərək bildirdi ki, iddia tələbi tamamilə əsassızdır. Belə ki, «Azəriqaz» İB-nin əməkdaşları tərəfindən iddiaçının istifadəsində olan ünvan 1 ünvanında yerləşən mənzilə baxış keçirilmişdir. Vizual baxış zamanı sayğacın hesablama mexanizminin qoruyucu örtüyü üst hissədən deşildiyindən sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir. Buna görə də «Azəriqaz» İB-nin tərəfindən 30.12.2021-ci il tarixli, ******* nömrəli saylı akt tərtib edilmişdir. Həmçinin sayğaca olan müdaxilə Dövlət Laboratoriyasının rəyi ilə də öz təsdiqini tapır. Müdaxilə edilmiş sayğacın dəyəri 185.73 manatdır. Hesab edir ki, akt tam qanuni və əsaslıdır. Göstərilənlərə əsasən nümayəndə iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan «Azəriqaz» İB-in “Sayğacın Dövlət yoxlamasının bildirişi haqqında məktubuna əsasən, ünvan 1 ünvanından çıxarılmış G-4 markalı 1202AQ**********2 nömrəli məişət qaz sayğacı Dövlət yoxlamasına göndərilmiş və metrologiya Departamentinin verdiyi rəyə əsasən həmin ünvandan çıxarılmış sayğacın hesablama mexanizminin qoruyucu örtüyü üst hissədən deşildiyindən sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Müdaxilə edilmiş sayğacın dəyəri olan 185,73 manatın ödənilməsi abonentdən tələb edilmişdir. İşdə olan dəymiş ziyanın bərpasına dair 30.12.2021-ci il tarixli tələbnamədən görünür ki, ünvan 1 ünvanında qaz işlədicilərinin günlük iş rejimi nəzərə alınmaqla itirilmiş qazın həcmi 4320 m3 (432 manat) müəyyən edilmişdir. İş materiallarında olan 30.12.2021-ci il tarixli, ******* nömrəli akta əsasən, ünvan 2 ünvanında X1 adına açılmış G-4 markalı 1202AQ**********2 nömrəli sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üst hissədən deşildiyi müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası, Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş 30.11.2021-ci il tarixli, MSK-29/1710-04795-1 nömrəli qaz sayğacının yoxlanılması barədə aktla “Azəriqaz” İB-nin SOCAR**********30991710 x 04795-1 saylı, 19.11.2021-ci il tarixli məktubuna əsasən 22.11.2021-ci il tarixində Sumqayıt QİS-dən Dövlət Yoxlamasına gətirilmiş və iddiaçıya məxsus qaz sayğacı Dövlət yoxlaması nəticəsində yararsız hesab edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, ünvan 2 ünvanında X1 adına 25.10.2021-ci il tarixdə açılmış sayğaca əsasən ona təbii qazdan istifadəyə görə 432 manat borc hesablanmışdır. İş materialında olan AZ-İİ 134170 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 08.01.2021-ci il tarixində “hərbi əməliyyatlar nəticəsində qəlpə zədələri” səbəbindən Goranboy şəhərində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 12 nömrə ilə qeyd edilmişdir. İşdə olan çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 408İ 1/3 hissədə İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə 02.04.2021-ci il tarixdə qeydə alınmışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı istifadəsində olan ünvan 1 ünvanının qaz sayğacı mənzildən kənarda quraşdırılmışdır. Cavabdeh «Azəriqaz» İBnin əməkdaşları iddiaçıya məxsus qeyd edilən evə gələrək, sözügedən mənzilə quraşdırılmış qaz sayğacını yenisi ilə əvəz etmiş, həmin ünvandan çıxarılan sayğacı dövlət yoxlamasına göndərmiş, sayğacda aşkar edilmiş nasazlıqla bağlı iddiaçıya borc hesablamışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X3 ilə tənzimlənir. X3 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «X3»na (bundan sonra – Qaydalar) müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq İddiaçı istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan «Azəriqaz» İB daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərərin əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Belə ki, istehlakçı qaz sayğacının zədələnməsinə görə o vaxt məsuliyyət daşıyır ki, qaz paylayıcısı bu zədənin istehlakçının təqsiri üzündən baş verdiyini sübut etsin. Lakin cavabdeh sayğaca iddiaçı tərəfindən kənar müdaxilə edildiyini və bu səbəbdən cavabdehə zərər vurulduğunu əsas gətirsə də, məhkəməyə bunu təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Yaranmış vəziyyətdə fiziki şəxs olan iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına iddiaçı tərəfindən qanunsuz müdaxilə edildiyini və bunun nəticəsində sayğacın yararsız vəziyyətə düşdüyünü sübut etmək yükü cavabdehin üzərində olmuşdur. Lakin cavabdeh iddiaçıya məxsus evə dair qazdan istifadəyə görə ona hesablanmış borcla bağlı mövqeyini əsaslandıra və məhkəməyə bununla bağlı mötəbər sübutlar təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı ünvan 1 ünvanına quraşdırılmış təbii qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə heç bir məsuliyyət daşımağından onun barəsində tərtib edilmiş ******* saylı akt əsasında əsassız olaraq hesablanmış 432 manat məbləğində cərimə borcu və 185,73 manat məbləğində sayğacın dəyəri olan borc silinməlidir. Məhkəmə onu da qeyd edir ki, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş 30.12.2021-ci il tarixli aktın etibarsızlığı üçün əsas yoxdur. Belə ki, həmin aktda sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin deşilərək sayğaca müdaxilə edildiyi faktı öz əksini tapmışdır. Bu faktın istisna edilməsinə dair işdə heç bir sübut yoxdur. Lakin yuxarıda qeyd edildiyi kimi, bu fakt istehlakçının günahı kimi qiymətləndirilib onun məsuliyyətinə səbəb ola bilməz. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. ünvan 1 ünvanına (abonent kodu: **********04081) əsassız olaraq hesablanmış 432 (dörd yüz otuz iki) manat məbləğində borc və 185,73 (bir yüz səksən beş manat yetmiş üç qəpik) manat məbləğində sayğacın dəyəri olan borc silinsin. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 30.12.2021-ci il tarixdə tərtib edilmiş ******* nömərli aktın etibarsız hesab edilməsi hissəsində iddia təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar