Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2025/2022 11.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh "xxxx" İB-ə qarşı «əsassız hesablanmış cərimənin, borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" İB-ə qarşı «əsassız hesablanmış cərimənin, borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən onun yaşadığı Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, Kompressorlar zavodunun yanında yerləşən ((ev 1, mənzil 17, abonent kodu **********00170) fərdi yaşayış evinə 24.12.2021-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 432 manat cərimənin və sayğacın dəyəri kimi tələb olunan 185,73 manat pulun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, Sumqayıt şəhər, Z.Tağıyev qəsəbəsi, Kompressorlar zavodunun yanında yerləşən fərdi yaşayış evinə cavabdeh təşkilat tərəfindən onun adına qaz sayğacı quraşdırılmış və həmin qazdan istifadə ilə bağlı ödənişlər tərəfindən vaxtlı-vaxtında həyata keçirilmişdir. Lakin o borcla bağlı bildirişi aldıqda ona məlum olmuşdur ki, cavabdeh təşkilatın nümayəndələri onun xəbəri və iştirakı olmadan 24.12.2021-ci il tarixdə ******* saylı akt tərtib etmiş və həmin aktda sayğaca müdaxilə edildiyini qeyd etmiş və sayğacı çıxararaq yerinə başqa bir sayğac quraşdırmışlar. Nəticədə qaz sayğacına müdaxilə ilə bağlı ona 432 manat cərimə hesablanmış və həmin yeni sayğaca görə ondan 185,73 manat məbləğində pul vəsaiti tələb olunur. Bununla razılaşmadığını gördükdə onun karta yüklədiyi pul vəsaitini onun razılığı olmadan həmin əsassız hesablanmış borca tutulur. Göründüyü kimi cavabdeh ona əsassız borc hesablamaqla yanaşı bu gün bir istehlakçı kimi qazdan istifadə etməsinə də əngəl yaratmış və bu da ona və ailə üzvlərinə bu soyuq qış aylarında ciddi problemlər yaratmışdır. Məhkəmənin nəzərinə çatdırır ki, sayğac yaşadığı evin sol hissəsində yerləşir və əgər həmin sayğaca hər hansı bir müdaxilə olmuşsa, belə buna görə o cavabdehlik daşımamalıdır. Belə ki, həmin ərazidən hər gün yüzlərlə insan keçir, kiminsə təqsiri üzündən də bu halın baş verməsi qaçılmazdır, hər gün həmin sayğacın yanında dayanıb qorumaq onun vəzifəsi deyildir, əgər sayğac mənzilin daxilində olsaydı, onda o bu cavabdehliyə cəlb edilə bilərdi. Ona görə də cavabdehin bu müdaxilənin onun tərəfdən edilməsi barədə gəldiyi qənaət tam əsassızdır. Cavabdehin bu hərəkətləri tam qanunsuzdur, ona görə də cavabdeh tərəfindən akt əsasında hesablanmış sərfiyyat, onun əsasında tətbiq olunan cərimə və sayğacın dəyərinə görə tələb olunan borc silinməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qət edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etiraz edərək, rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını hərtərəfli araşdırıb hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir. İş materiallarında olan ******* saylı, 24.12.2021-ci il tarixli aktın surətindən görünür ki, Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, Kompressorlar zavodunun yanında yerləşən 1 nömrəli evin, 17 saylı mənzilindən çıxarılmış qaz sayğacı dövlət yoxlamasına göndərilmiş və verilmiş rəyə görə sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üst hissədən deşildiyi üçün sayğac istifadəyə yararsız kimi qiymətləndirilmişdir. İş materiallarında olan 24.12.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, İddiaçı məxsus olan Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, Kompressorlar zavodunun yanında yerləşən 1 nömrəli evin, 17 saylı mənzilinə 4320m3 itirilmiş qaz sərfiyyatı hesablanmışdır. İş materiallarına əlavə edilmiş abonentin saldosundan görünür ki Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, Kompressorlar zavodunun yanında yerləşən 1 nömrəli evin, 17 saylı mənzilinə 432 manat borc hesablanmışdır. İş materiallarında olan 01/01 MS-11-12 nömrəli, 10.01.2021-ci il tarixli bildiriş məktubundan görünür ki, Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, Kompressorlar zavodunun yanında yerləşən 1 nömrəli evin, 17 saylı mənzilinə məxsus müdaxilə edilmiş sayğacın dəyəri olan 185.73 manat məbləğində pulun İddiaçı tərəfindən ödənilməsi tələb edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №li qərarı ilə təsdiq olunmuş “X1”nın 1.3-cü bəndində göstərilmişdir ki, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt əlavə edilir. Həmin Qaydaların 3.1.5-ci bəndinə görə qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Həmin Qaydaların 4.7-ci bəndində göstərilmişdir ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddiaçı Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, Kompressorlar zavodunun yanında yerləşən 1 nömrəli evin, 17 saylı mənzilinə quraşdırılmış sayğacın qorunub saxlanmasına cavabdehlik daşımadığından, həmin mənzilə dair tərtib edilən 24.12.2021-ci il tarixli, ******* nömrəli akt əsasında qanunsuz hesablanmış 432 manat məbləğində borc və 185.73 manat sayğacın dəyəri olan borc silinməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Təbii X1nın pozulması haqqında 24.12.2021-ci il tarixli, ******* saylı Akt əsasında Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, Kompressorlar zavodunun yanında yerləşən 1 nömrəli evin, 17 saylı mənzilinə (abunə kodu: **********00170) hesablanmış 432 manat borc və sayğacın dəyərinə görə tələb edilən 185.73 manat borc silinsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov
Məhkəmə qərarları › İş №2(060)-2025/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2025/2022
11.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver