Məhkəmə qərarları › İş №2(060)-2029/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2029/2023

28.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2029/2023 28.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh «Azəriqaz» İB-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə 28 aprel 2023-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh «Azəriqaz» İB-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azəriqaz” İB tərəfindən onun faktiki mülkiyyətində olan Sumqayıt şəhəri, X1 qəsəbəsi, F.Qayıbov küçəsi, Tağıyev-3 Hərbi Şəhərciyi, ev 21 ünvanmda yerləşən 14 saylı mənzilə dair əsassız olaraq hesablanmış itirilmiş qazın bərpası məqsədi ilə tələb olunan 172 manat 80 qəpik borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, hazırki iddia ərizəsi ilə müraciətinin səbəbi cavabdehin qanunsuz tələbləri ilə bağlıdır. Belə ki, Sumqayıt şəhəri, X1 qəsəbəsi, F.Qayıbov küçəsi, Tağıyev-3 Hərbi Şəhərciyi, ev 21, mənzil 14 saylı mənzil onun faktiki istifadəsindədir. Qeyd edir ki, cavabdeh tərəfındən həmin mənzilə 172.80 manat əsassız borc yazılmışdır. Hesab edir ki, bu borc tamamilə əsassız və qanunsuzdur. Belə ki, cari ilin fevral ayının 7-də mənzilə dair qaz paylayıcısı ilə müqaviləni öz adına rəsmiləşdirmək üçün Sumqayıtda fəaliyyət göstərən ASAN xidmət mərkəzinə müraciət etdi. Orada ona 14 manat 52 qəpik borc olduğunu və həmin borcu ödəyəcəyi halda müqavilə bağlanacağını bildirmişdirlər. Təbii ki, hər kəsə məlumdur ki, borc ola-ola müqavilə bağlanması mümkün deyildir. Bu səbəbdən də yerində borcu ödəmiş və müqavilə bağlanmışdır. Lakin üzərindən 15 gün keçdikdən sonra cavabdehdən bildiriş gəlmiş və həmin bildirişdə 172 manat 80 qəpik bocun olduğu qeyd edilmişdir. Cavabdehin Sumqayıt şəhər idarəsi ilə əlaqə saxladıqda ona sayğacın dəyişdiyini və yoxlama keçirilən zaman düzgün işləmədiyini, lakin kənar heç bir müdaxilənin olmadığını və sayğacın istismar müddətinin keçməsi səbəbindəm problem yarandığını və həmin borcun təqribi hesablandığını bildirmişdirlər. Qeyd olunanlardan da görünür ki, cavabdeh tərəfındən hesablanmış 172 manat 80 qəpik borc tamamilə əsassız və qanunsuzdur. Təqribi qaz borcunun hesablanması nə deməkdir? Sayğacın işlək vəziyyətdə olmaması onun günahıdırmı? Ya sayğac mənzildən kənardadırsa onun işlək vəziyyətdə olmasına o, qulluq etməli, ya məsuliyyət daşımalıdır? Yəni, həmin sayğac mənzildən kənarda quraşdırıldığı üçün sayğaca o, məsuliyyət daşımır. Eyni zamanda qeyd edir ki, sayğac yenisi ilə əvəz olunan zaman onun xəbəri olmamış, bununla bağlı heç bir akt tərtib edilməmiş, həmçinin laboratoriyaya aparılan zaman onun iştirakı təmin edilməmiş, bu barədə ona hər hansı məlumat verilməmişdir. Ümumiyyətlə cavabdeh borcu təqribi də hesabladığı 172 manat 80 qəpik borc şişirtmədir. Çünki 18 dekabr 2022-ci il tarixdə Türkiyə Respublikasına getmiş, 14 yanvar 2023-cü il tarixdə isə qayıtmışam. Qayıtdıqdan sonra isə əməliyyat olunmuş, 17 yanvar 2023-cü il tarixdən 27 yanvar 2023-cü il tarixədək stasionar müalicə olunmuşdur və bu müddət ərzində mənzildə heç kim yaşamamışdır. Qeyd olunanlara əsasən hesab edir ki, cavabdeh tərəfindən tələb olunan borc əsassızdır və ədalətli, obyektiv və hərtərəfli məhkəmə araşdırması nəticəsində silinməlidir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o, sayğaca müdaxilə etməyib. Borc yazılan mənzil xüsusi təyinatlı evdir və müvəqqəti olaraq onun istifadəsinə verilmişdir. Bildirir ki, mənzilə məxsus sayğac o, ölkə ərazisində olmadığı müddətdə dəyişdirilib. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan abonentin saldosundan görünür ki, ünvan 1 ünvanında İddiaçı sayğaca əsasən təbii qazdan istifadəyə görə 172.80 manat borc hesablanmışdır. İşdə olan dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, ünvan 1 ünvanında qaz işlədicilərinin günlük iş rejimi nəzərə alınmaqla itirilmiş qazın həcmi 1440 m3 müəyyən edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli, ******* nömrəli Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, ünvan 1 ünvanında məişət qaz sayğacına baxış keçirilmiş və baxış zamanı sayğacın hesablama mexanizminin keçən qazın sərfini qeydə almaması, hesablayıcı mexanizmi hərəkətə gətirən dişli çarxın oxunun yuvasından çıxdığı aşkar edilmiş və xətalar müəyyən edilə bilməmişdir. İşdə olan Azərbaycan Respublikası, Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MSK-29/1710-03759-1 nömrəli qaz sayğacının yoxlanılması barədə aktla “Azəriqaz” İB-nin SOCAR**********30991710x03759 saylı, xx.xx.2022-ci il tarixli məktubuna əsasən xx.xx.2022-ci il tarixində Sumqayıt QİS-dən Dövlət Yoxlamasına gətirilmiş və iddiaçıya məxsus qaz sayğacı Dövlət yoxlaması nəticəsində yararsız hesab edilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, ünvan 1 həmin tarixdən İddiaçı istifadəsinə verilmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na (bundan sonra – Qaydalar) müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq abonent istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan «Azəriqaz» İB daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərərin əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Belə ki, istehlakçı qaz sayğacının zədələnməsinə görə o vaxt məsuliyyət daşıyır ki, qaz paylayıcısı bu zədənin istehlakçının təqsiri üzündən baş verdiyini sübut etsin. Lakin cavabdeh sayğaca iddiaçı tərəfindən kənar müdaxilə edildiyini və bu səbəbdən cavabdehə zərər vurulduğunu əsas gətirsə də, məhkəməyə bunu təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Yaranmış vəziyyətdə fiziki şəxs olan iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına iddiaçı tərəfindən qanunsuz müdaxilə edildiyini və bunun nəticəsində sayğacın yararsız vəziyyətə düşdüyünü sübut etmək yükü cavabdehin üzərində olmuşdur. Lakin cavabdehin nümayəndəsi bununla bağlı mötəbər sübutlar təqdim etməmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 1 ünvanına əsassız olaraq hesablanmış 172.80 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. ünvan 1 ünvanına (abonent kodu: **********00140) hesablanmış 172,80 (bir yüz yetmiş iki manat səksən qəpik) manat məbləğində borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar