Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2047/2022 27.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər 1 saylı Dövlət Notariat Kontoruna qarşı “miras əmlakın qəbul müddətinin bərpa edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər 1 saylı Dövlət Notariat Kontoruna qarşı “miras əmlakın qəbul müddətinin bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25 aprel 2015-ci ildə vəfat etmiş əri X5 məxsus Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 20-ci məhəllə ünvanında yerləşən 100 M saylı evə dair miras əmlakın qəbulu müddətinin buraxılmasını üzürlü hesab edərəkk müddətin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X6 onun əridir. Bunu 03 mart 1985-ci ildə verilmiş, İİİ-ЖГ №426989 saylı “Nikah haqqında şəhadətnamə” təsdiq edir. X6 25 aprel 2015-ci ildə “Beyin ödemi” xəstəliyindən ölmüşdür. Mərhum həyat yoldaşının vəfatı tarixində mülkiyyətində Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 20-ci məhəllə ünvanında yerləşən 100 saylı ev vardır. Bu barədə mərhumun adına 07.09.2013-cü ildə RX Seriyalı ******* saylı Çıxarış verilmişdir. Həmin evi mərhum həyat yoldaşının vəfatından sonra o, onun qanuni varisi kimi istifadə etmiş, faktiki miras əmlakı qəbul edib onu idarə etmişdir. Lakin hüquqi savadsızlıq səbəbindən vaxtında notariat orqanına miras əmlakların qəbulu üçün müraciət etməmişdir. Bu yaxınlarda qanuni vərəsə kimi Sumqayıt şəhər 1 saylı Notariat Ofisinə mirası qəbul etmək üçün müraciət etmiş, Notariat Ofisindən mirasın qəbulu müddətini buraxdığı üçün ona məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, o, xəstəliyi ilə əlaqədar evdən çıxa bilməmiş, buna görə də miras əmlakın qəbulu ilə bağlı vaxtında müraciət edə bilməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində bildirdi ki, yeddi ildir ki, iddiaçı ilə qonşudurlar. Aralarında olan qonşuluq münasibətləri yaxşıdır, gediş-gəliş vardır. İddiaçının yoldaşı onlar ora köçməmişdən əvvəl rəhmətə gedib. O, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 20-ci məhəllə ünvanında yerləşən 100 saylı evdə həmişə Yaqut xanım ailəsi - oğlanları, qızları ilə birgə yaşadığını görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilən X10 ifadəsində bildirdi ki, iddiaçı ilə yaxın qohumluq münasibəti yoxdur, 2003-cü ildən bəri Yaqut xanımın qonşuluğunda, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 20-ci məhəllə ünvanında yaşayır. Hal-hazırda yaşadığı saəhəni də onlardan almışdır. İddiaçının əri rəhmətə getdikdən sonra Yaqut xanım öz uşaqları birlikdə həmin evdə yaşayıb. Məhkəmə iddiaçının izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda şərh olunanlarla əsaslandırır. Mülki iş materiallarında olan : Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər 1 saylı Dövlət Notariat Kontorunun 108/84.İİ-14 nömrəli 05 fevral 2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı 25.04.2015-ci ildə vəfat etmiş X1 miras qalmış əmlakı qəbuluna dair Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində göstərilən müddətləri keçirdiyinə görə Sumqayıt şəhər Məhkəməsinə müraciət etməsi tövsiyə edilmişdir. İİİ-ЖГ seriyalı № 426989 saylı nikahın bağlanması haqqında şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, X12 qızı ilə X6 arasında 03 mart 1985-ci ildə nikah bağlanmış, qadına Musayeva soyadı verilmişdir. AZ-İ seryalı 737214 saylı «Ölüm haqqında Şəhadətnamən»nin təsdiq olunmuş surətindən görünür ki, X8 25.04.2015-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 20-ci məhəllə ünvanında yerləşən, 100 saylı ev xüsusi mülkiyyət hüququ ilə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 07.09.2013-cü il tarixdə qeydə alınmışdır. Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti yanında MKTİB tərəfindən verilmiş 08.02.2022-ci il tarixli, 84 nömrəli arayışdan görünür ki, İddiaçı Sumqayıt şəhər, Kotec qəsəbəsi, 20-ci məhəllə ünvanında yerləşən, 100 saylı evdə yaşayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəyə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. 1325-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. G.Qəhrəmanovanın şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının AR-nın Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Həmçinin göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. İşin müəyyən edilmiş hallarından göründüyü kimi miras qoyan X6 öldükdən sonra onun vərəsəsi İddiaçı vərəsəlik haqqında şəhadətnamə verilməsi üçün qanunla müəyyən edilmiş müddətdə notariat kontoruna müraciət etməsə də miras əmlaka faktiki sahiblik və idarə etmiş, əmlakın saxlanılması üçün hərəkətlər etmişdir. Konstitusiyanın 29-cu maddəsinin 5-ci hissəsinə görə Dövlət vərəsəlik hüququna təminat verir. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa uzada bilər. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, mərhum X4 miras qalmış əmlakın (Sumqayıt şəhər, Kotec qəsəbəsi, 20-ci məhəllə ünvanında yerləşən, 100 saylı evin) İddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab olunaraq uzadılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərəəsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 357-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. X1 miras qalmış əmlak - Sumqayıt şəhər, Kotec qəsəbəsi, 20-ci məhəllə, 100 saylı evin İddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab olunaraq uzadılsın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-2047/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2047/2022
27.04.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver