Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2049/2021 14.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı «borcun silinməsi tələbinə» dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Cavabdeh» İstehsalat Birliyinə qarşı «borcun silinməsi tələbinə» dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh «Cavabdeh» İstehsalat Birliyi tərəfindən Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, 1 saylı evin, 41 saylı mənzilinə əsassız olaraq akt əsasında hesablanmış 135 manat məbləğində borcun və 67.02 manat sayğacın dəyəri olan borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, ev 1, mənzil 41 onun şəxsi mülkiyyətindədir. Cavabdehin əməkdaşları onun evinə baxış keçirərək akt tərtib etmişlər. Aktda qeyd olunmuşdur ki, guya sayğacın hesablama mexanizmin qoruyucu qapağın vurulan plomb kəsilib. Başqa xəta təyin edilməmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, həmin sayğacın hər hansı müdaxilədən qorunmasının onun tərəfindən təmin edilməsi heç bir məntiqə sığmır. Çünki qaz sayğacı onun evində yox, blokda yerləşir. Hesab edir ki, əsassız olaraq cavabdeh tərəfindən qaz sayğacına müdaxilə olunması ilə günahlandırılmış və əsassız olaraq ona borc hesablanmışdır. Qeyd olunan aktın əsassızlığı barədə cavabdehə bildirsə də, hər hansı bir nəticəsi olmamışdır. Hesab edir ki, əsassız olaraq cavabdeh tərəfindən qaz sayğacına müdaxilə olunması ilə günahlandırılmış və əsassız olaraq ona 135 manat cərimə və müdaxilə edilmiş sayğacın dəyəri 67.02 manat hesablanmışdır. Qeyd olunan aktın əsassızlığı barədə cavabdehə bildirsə də, hər hansı bir nəticəsi olmamışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını hərtərəfli araşdırıb hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan ******* nömrəli, xx.xx.2020-ci il tarixli aktın surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə D/Y-na göndərilmiş Metrologiya Departamenti sayğacların müayinəsi labaratoryasının rəyinə görə G 25.5 markalı, ******* saylı sayğaca baxış keçirilmiş və müəyyən edilmişdir ki, sayğacın hesablama mexanizminin qapağına vurulan zavod qurğuşun plombu kəsilib. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, iddiaçının mənzilinə 1350 m3 itirilmiş qaz sərfiyyatı hesablanmışdır. İş materiallarına əlavə edilmiş abonentin saldosundan görünür ki, Suqmayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, 1 saylı evin, 41 saylı mənzilinə dair 135 manat borc hesablanmışdır. İş materiallarında olan 01/01MS-11-13 nömrəli, xx.xx.2021-ci il tarixli bildiriş məktubundan görünür ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, 1 saylı evin, 41 saylı mənzilinə müdaxilə edilmiş sayğacın dəyəri olan 67.02 manat məbləğində pulun İddiaçı tərəfindən ödənilməsi tələb edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 №li qərarı ilə təsdiq olunmuş “X1”nın 1.3-cü bəndində göstərilmişdir ki, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt əlavə edilir. Həmin Qaydaların 3.1.5-ci bəndinə görə qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Həmin Qaydaların 4.7-ci bəndində göstərilmişdir ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, 1 saylı evin, 41 saylı mənzilinə hesablanmış 135 manat məbləğində borc və tələb edilən 67.02 manat sayğacın dəyəri olan borc silinməlidir Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. “Cavabdeh” İB tərəfindən Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, 1 saylı evin, 41 saylı mənzilinə (Abunə kodu: **********004410) dair hesablanmış 135 manat borc və 67.02 manat sayğacın dəyəri olan borc silinsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov
Məhkəmə qərarları › İş №2(060)-2049/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2049/2021
14.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver