Məhkəmə qərarları › İş №2(060)-2059/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2059/2023

23.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2059/2023 23.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən Sumqayıt şəhəri, 1-ci mikrorayonda yerləşən 8b/26 saylı evin 43 saylı mənzilinə **********00944 saylı abunə kodu əasında hesablanmış 1464.60 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 1-ci mikrorayonda yerləşən 8b/26 saylı evin 43 saylı mənzili onun anası S.Səmədovaya məxsus olmuş və o sağlığında bu mənzili ona vəsiyyət etmişdir. Anasının vəfatından sonra bu mənzillə bağlı vərəsələr arasında mənzil mübahisəsi davam etmiş və hal-hazırda da bu mübahisələr davam edir. Mənzildə onun xəstə qardaşı Şirxan Səmədov ailə üzvləri ilə yaşayır, o da həmin mənzilə qeydiyyatdadır. Bu mənzillə qapıbir qonşuluqda onun qardaşı R.Səmədov və onun həyat yoldaşı yaşayır, onların əsas məqsədi bacardıqca mənə pislik etmək və ziyana salmaqdır. Çünki məhkəmə qərarları ilə bu şəxslər ona qarşı etdikləri qanunsuz əməlləri ilə bağlı dəfələrlə cərimələnmişlər. Bu baxımdan da onlar evdə yaşayışın olmamasından istifadə edərək dəfələrlə həmin mənzilə quraşdırılmış sayğaclara, o cümlədən də işıq sayğacına müdaxilə etmiş və bunu edərək özləri də cavabdeh təşkilata məlumat vermişlər ki, gəlib cərimə aktı tərtib etsinlər. Bu səbəbdən də onun xəbəri olmadan cavabdeh təşkilat tərəfindən xx.xx.2023-cü ildə 287487 saylı akt tərtib edilmiş və həmin aktda birbaşa naqillə əlavə xəttin qoşulduğu qeyd edilmişdir. Halbuki həmin mənzilə belə bir xətt çəkilməmiş, həmin xəttin kim tərəfindən, nə vaxt qoşulmasından onun məlumatı belə olmamışdır. O hətta cavabdeh təşkilatla əlaqə saxlamaqla xəttin həmin mənzilə daxil edilməsi ilə bağlı sübut təqdim etməsini tələb etmiş, lakin ona belə bir sübut verilməmişdir. Belə bir xətt qoşulmuşsa da həmin xətt qapıbir qonşu R.Səmədov tərəfindən məqsədli olaraq qoşulmuşdur. Bundan başqa Sumqayıt şəhər Pİ-nin 4-cü PB-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qərarla da təsdiq olunur ki, bu şəxs istədiyi vaxt ona sərf edən formada işıq sayğacına müdaxilə etmişdir. Həmin əmələ görə R.Səmədov inzibati qaydada 300 manat cərimə olunmuşdur. İşıq sayğacı evin çölündə olduğu üçün ona görə o cavabdehlik daşımır, həmin sayğacı hər gün qorumaq onun vəzifəsi deyildir və sayğaca istənilən şəxs müdaxilə edə bilər, bundan başqa cavabdeh aktı tərtib edərkən onun da iştirakını təmin etməmiş, əsassız akt tərtib etməklə hesablama aparmış və 1464.60 manat cərimə borcu hesablamışdır. Cavabdehin nümayəndəsi məhkəməyə iddia tələbinə etiraz edilməsi barədə yazılı ərizə təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, iddia mövcud qanunvericiliyin tələblərinə zidd və əsassız olduğu üçün təmin olunmamalıdır. Belə ki, xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən məlum olmuşdur ki, elektrik sayğacı dövriyyədən kənarlaşdırılmış, şəbəkəyə birbaşa qoşulmuşdur. Kənar xətt 2 x 2.5 mm mis naqillə qoşulması halı aşkar edilmiş və xx.xx.2023-cü il tarixli, R № 287487 saylı akt əsasında 297.13 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmiş və bu baərdə aktda müvafiq qeydlər aparılmışdır. Abonentə kənar xətdən istifadə etməsi faktı ilə əlaqədar dəfələrlə akt tərtib edilmişdir. İddiaçı kənar xətdən istifadə etməsi faktını iddia ərizəsində bildirmişdir. Kənar xəttin isə qardaşı tərəfindən qoşulması faktını təsdiq etmişdir. İddiaçı qeyd edilən akta əsasən ona məxsus mənzilə 1464.60 manat hesablaşma aparıldığını iddia edərək həmin məbləğin silinməsini məhkəmədən xahiş edir. Göründüyü kimi iddiaçının silinməsini tələb etdiyi məbləğin ona akta əsasən hesablanmış məbləğə hər hansı uyğunluğu yoxdur və onun belə bir iddia tələbinin nə ilə əsaslandırıldığı məlum deyildir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, ərizəsi ilə eyni məzmunlu izahat verdi və onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. O, eyni zamanda 500 manat cərimə ödəməyə razı olduğunu bildirdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz ərizəsi ilə eyni məzmunlu izahat verərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: - Abunə haqqında çıxarışdan görünür ki, EİQ-nın pozulmasına görə aktlara əsasən 1427.99 manat borc mövcuddur. Cəmi borc isə 1479.07 manatdır. - xx.xx.2023-cü il tarixli vəsiyyətnamədən görünür ki, X2 tərəfindən mülkiyyət hüququ ilə ona məxsus Sumqayıt şəhəri, 1-ci mikrorayonda yerləşən 8B/26 saylı evin 43 saylı mənzilinə dair xx.xx.2023-cü il tarixdə İddiaçı adına vəsiyyətnamə qoyulmuşdur. - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2018-ci ildə vəfat etmişdir. - 287487 saylı, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən məlum olmuşdur ki, elektrik sayğacı dövriyyədən kənarlaşdırılmış, şəbəkəyə birbaşa qoşulmuşdur. Kənar xətt 2 x 2.5 mm mis naqillə qoşulması halı aşkar edilmiş Akt "xxxx" ASC-nin əməkdaşları Ə.İsmayılov, R.Hüseynov və A.İsmayılov tərəfindən imzalanmışdır. Mövcud qüsur videoçəkiliş vasitəsilə qeydə alınmışdır. - Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi Sumqayıt Filialının İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, mənzil enerjitəchizatı müəssisəsində **********0944 abunə kodu ilə qeydiyyatdadır. İstehlak edilən elektrik enerjisinin hesabatı xx.xx.2018-ci il tarixdə elektron məlumat bazasında qeydiyyata alınmış tipi PAUD-MP106 olan **********3 nömrəli elektrik sayğacı vasitəsi ilə aparılır. "xxxx" ASC-nin nümayəndələri tərəfindən hesablaşma elektrik sayğacına baxış keçirilən zaman elektrik sayğacına müdaxilə ilə bağlı xx.xx.2018-ci il tarixində 102314 nömrəli, kənar xətdən istifadə ilə bağlı xx.xx.2019-cu il tarixində 153833 nömrəli, xx.xx.2021-ci il tarixində 245965 nömrəli aktlar tərtib edilmişdir. Tərtib edilmiş aktlara əsasən 251, 288, 130 günlük yenidən hesablaşmalar aparılaraq hesaba 4117 kVts (dəyəri 452,92 manat), 3193 kVts (dəyəri 223,51 manat), 4368 kVts (dəyəri 454,70 manat) elektrik enerjisi sərfiyyatı əlavə edilmişdir. Lakin akt tərtib edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 Qaydalarının həmin dövr üçün qüvvədə olan 8.33-cü bəndinin tələbi pozularaq, iki nəfər hal şahidinin iştirakı təmin olunmamışdır. "xxxx" ASC-nin nümayəndələri tərəfindən xx.xx.2023-cü il tarixində hesablaşma elektrik sayğacına baxış keçirilərkən sayğacdan kənar elektrik xəttinin çəkildiyi barədə 287487 nömrəli akt tərtib edilmişdir. Tərtib edilmiş akta əsasən 125 günlük yenidən hesablaşma aparılaraq, hesaba 2730 kVts (dəyəri 297,13 manat) elektrik enerjisi sərfiyyatı əlavə edilmişdir. Qaydaların tələbi nəzərə alınaraq tərtib edilmiş aktlar əsasında aparılmış hesablaşmalara yenidən baxılmasına üçün "xxxx" ASC-yə məktub göndərilmişdir. Məktuba cavab olaraq, Qaydaların hər hansı bəndinə istinad edilmədən, məsələyə mahiyyəti üzrə baxılmadan aktlara görə təqdim edilmiş ödəniş sənədlərinin tarif fərqi nəzərə alınmaqla düzgün aparıldığı bildirilmişdir. Bu səbəbdən tərtib edilmiş aktlar nəticəsində hesaba yazılmış əlavə enerji sərfiyyatına görə yaranmış borcla bağlı enerji təchizatı müəssisəsinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir. - İddiaçı xx.xx.2023-cü il tarixli ərizəindən görünür ki, 500 manat cəriməni ödəməyə razıdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-555/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Sumqayıt Apellyasiyası Məhkəməsinin 2(105)-342/2022 nömrəli, xx.xx.2022ci il tarixli qətnaməsi ilə mübahisəli mənzilin 1/18 hissəsinə İddiaçı vəsiyyət üzrə vərəsəlik hüquqları üzrə payı müəyyən edilmişdir. - Məhkəmə iclasında nümayiş etdirilən və tərəflərin mübahisələndirmədiyi videoyazıdan görünür ki, iddiaçıya məxsus Sumqayıt şəhəri, 1-ci mikrorayonda yerləşən 8b/26 saylı evin 43 saylı mənzilinə dair sayğacdan kənar xətt aşkar olunmuşdur. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, Sumqayıt şəhəri, 1-ci mikrorayonda yerləşən 8b/26 saylı evin 43 saylı mənzilində “X1 Qaydaları”na görə aktlara əsasən 1427.99 manat borc hesablanmışdır. Akt cavabdeh təşkilatın əməkdaşları tərəfindən imzalanmışdır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Bu Məcəllənin 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 №li qərarı ilə təsdiq olunmuş“X1 Qaydaları”nın 8.17-1-ci bəndində göstərilmişdir ki, istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8.17-2-ci bəndinə görə istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının sayğaca kənar xətt vasitəsilə qoşularaq X1 qaydalarını pozması halı iş materialları və təqdim olunmuş sübutlarla öz təsdiqini tapır. Belə ki, müvafiq aktla yanaşı mövcud qüsurun videoyazıya alınması barədə çəkiliş də cavabdehə məxsus mənzildə aidiyyəti sayğacdan kənar xəttin istifadəsini təsdiqləyir. Bununla belə, məhkəmə hesab edir ki, cərimənin hesablanması zamanı məbləğ real istehlak səviyyəsi nəzərə alınmadan şişirdilmiş, iddiaçı fərziyyələrə əsaslanan maliyyə sanksiyasına məruz qalmışdır. Belə ki, aidiyyəti saldodan sözügedən mənzildə 2018-ci ildə cəmi 91.07, aylar üzrə ən çox 13.44; 2019-cu ildə - cəmi 48.51, aylar üzrə ən çox 7.49; 2021-ci ildə aylar üzrə ən çox 17.99; 2023cü ildə isə aylar üzrə ən çox 14.96 manat dəyərində elektrik enerjisi sərfiyyatının olduğu görünür. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, 265 gün deyil, 70 gün müddəti üzrə cərimənin hesablanması reallığı əks etdirər, ədalətli nəticəyə gətirib çıxarar. Bu məbləğin formalaşması üçün digər parametrlər iddiaçının tətbiq etdiyi normalara uyğun götürülməlidir. Çünki bu tarif və əmsallar mübahisələndirilmir və Qaydalara uyğundur. Qanunvericilik pozuntuya yol verilən zaman elektrik enerjisinin dəyərinin “on iki aydan çox olmayan müddətdə” hesablanmasını müəyyən etməklə, bu dövrün yalnız maksimum həddini göstərmiş, minumum zaman kəsiyini isə məhdudlaşdırmamışdır. Ona görə də 923.49 manat iddiaçının cərimə borcundan silinməlidir (VEİ = 1.1 kvt x 24 saat x 0.7 x 210 gün = 3880.8 kvts. 3880.8 kvts x 0.13 = 504.50 man.) Odur ki iddia qismən əsaslıdır. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, abonent kodu **********00944 olan ünvana hesablanmış 964.60 manat borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Sumqayıt şəhəri, 1-ci mikrorayonda yerləşən 8b/26 saylı evin 43 saylı mənzili üzrə qeydiyyata alınmış **********00944 saylı abonent koduna hesablanmış 923.49 manat borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar