Məhkəmə qərarları › İş №2(060)-2061/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2061/2024

16.07.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2061/2024 16.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt Şəhər Məhkəməsi Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etməklə "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi"nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. Ərizəçi Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etməklə "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi"nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx xxxxxx 1973-cü il tarixdə anadan olmuşdur. Hazırda ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla ünvan 2 ünvanında faktiki olaraq yaşayır. X4 ilə faktiki nikah münasibətindən 25 sentyabr 2005-ci il təvəllüdlü X5 anadan olmuşdur. Ərizəçinin qızı birinci dərəcəli əlildir. Mərkəzi sinir sisteminin iltihabı xəstəliklərinin nəticələri, keçirilmiş ensefalomielitin davamlı qalıqları, simptomatik epilepsiya, ağır dərəcəli əqli gerilik (İQ-22), nitq qüsuru ilə, spastik tetra plegiya, əzələ gücü aşağı ətraflarda 2 bal, yuxarı ətraflarda 3 baldan enib diaqnozu qoyulmuşdur. Əmək qabiliyyətsizdir. Əlillik müddətsiz təyin edilmişdir. Daim kənar şəxsin köməyinə ehtiyacı vardır. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Çünki onun xəstəliyinin irəliləməsi və müstəqil şəkildə öz hərəkətlərini idarə edə bilməməsi bir sıra hüquqlarının realizə edilməsində mane olur. Göstərilənlərə əsasən ərizəçinin övladı xx.xx.2005-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək ərizədə göstərilənləri təsdiq etmiş, ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi qanunla müəyyənləşdirilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə ərizəçinin izahatını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. Belə ki, iş materiallarında olan AZ-İ seriyalı 069020 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2005-ci ildə Ərizəçi doğulmuş X2 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2005-ci il tarixdə, 910 № ilə qeyd edilmişdir.

8. İş materiallarında olan Sumqayıt şəhər VVADQ şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AZ-İ № 677761 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 25 sentyabr 2005-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası X4, anası isə Ərizəçidır.

9. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, X5 müddətsiz 1-ci qrup əlildir. Diaqnoz: mərkəzi sinir sisteminin iltihabi xəstəliklərinin nəticələri, keçirilmiş ensefalomielitin davamlı qalıqları, simptomatik epilepsiya, ağır dərəcəli əqli gerilik (İQ-22), nitq qüsuru ilə, spastik tetra plegiya, əzələ gücü aşağı ətraflarda 2 bal, yuxarı ətraflarda 3 baldan enib.

10. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X9 xx.xx.2024-cü il tarixli, 1192 №-li rəyindən görünür ki, X3 “Uşaqserebral iflicinin qalıq əlamətləri, dərin əqli geriliklə” müəyyən edilir. Bunu anamnestik məlumatlar və hal-hazırkı psixitarik müayinənin nəticələri (anamnestik məlumatlara görə peyvənd olunduqdan sonra qızdırmalı keçirməsi, erkən körpəlik dövründə serebral iflic müəyyən edilməsi, qıcolma tutmaları biruzə verməsi, yaşıdlarına nəzərən psixo-fiziki inkişafda geri qalması, nitqi inkişaf etməməsi, əvvəllər nevropatoloqun müalicəsini qəbul etməsi, Bakı Uşaq Nevroloji Xəstəxanasında müalicələrdə olması, halhazırda yaşayış yeri üzrə poliklinikasında qeydiyyatda olmaqla müalicələr qəbul etməsi, xəstəliyi ilə əlaqədar məktəbdə oxuya bilməməsi, həmçinin yeriyə bilməməsi, qeyrimüəyyən səslər çıxarması, fizioloji ifrazatları ilə natəmiz olması, xx.xx.2023-cü il tarixdə müayinə edilərək “Mərkəzi sinir sisteminin iltihabi xəstəliklərinin nəticələri, keçirilmiş ensefalomielitin davamlı qalıqları. Simptomatikepilepsiya. Ağır dərəcəli əqli gerilik (İQ-22 ) nitq qüsuru ilə. Spastik tetraplegiya, əzələ gücü aşağı ətraflarda 2 bal, yuxarı ətraflarda 3 baldan enib” diaqnozu ilə ona müddətsiz İ qrup əlillik təyin edilməsi, hər-hansı bir işi müstəqil yerinə yetirməməsi səbəbi ilə əlaqədar daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, hazırki müayinə zamanı dərin əqli gerilik əlamətlərinin biruzə verməsi və s.) sübut edir. Mülki işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: İ – Yoxlanılan şəxs X3 uşaq serebral iflicinin qalıq əlamətləri, dərin əqli geriliklə müəyyən edilir. İİ və İİİ– X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X5 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X5 onda müəyyən edilən uşaq serebral iflici, dərin əqli geriliklə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

11. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, xx.xx.2005-ci il təvəllüdlü X5 hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

12. Hazırki ərizə ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

13. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.

15. Məhkəmə qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadağını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

18. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

19. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

21. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

22. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 317-321, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizəçi Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etməklə "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi"nə dair ərizəsi təmin edilsin. xx.xx.2005-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırkı qətnamə X1 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar