Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2062/2022 12.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) "xxxx" ASC-yə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən yaşadığı Sumqayıt şəhər, 4-cü məhəllə, ev 25A/1, mənzil 7-yə elektrik enerjisindən istifadəyə görə hesablanmış 591,85 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı hazırda Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 25А/1, mənzil 7-də yaşayır. Həmin mənzili 26.11.2013-cü il tarixli, AN -İ ******* saylı alqı satqı müqaviləsinə əsasən əldə etmişdir. Həmin mənzil üzərində mülkiyyət hüququ 29.11.2013-cü il tarixində dövlət qeydiyyatına alınmışdır. Həmin mənzilin işıq sayğacının abonent kodu iddiaçıdan öncəki mülkiyyətçinin adına olduğundan həmin kodu öz adına dəyişdirilməsi üçün Sumqayıt Regional Asan Xidmət Mərkəzinə müraciət etsə də, cavabdehin nümayəndəsi 31.12.2016-cı il tarixə 591,85 manat borc hesablandığını ona bildirmişdir. Həmin borc silinmədən abonent kodunun addan-ada dəyişdirilməsinin qeyri-mümkün olduğu iddiaçıya izah olunmuşdur. Ona görə də həmin borcun silinməsi ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirdi ki, tələb olunan borc dondurulmuş borcdur. Qeyd edilənlərə əsasən cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İşdən göründüyü kimi iddiaçı xx.xx.1970-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır. Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Sumqayıt şəhər Sektorunun 14.02.2022-ci il tarixli arayışına əsasən iddiaçı məcburi köçkün hüququna malikdir. 26 noyabr 2013-cü il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən iddiaçı Sumqayıt şəhər, 4-cü məhəllə, ev 25A/1, mənzil 7-ni X1 almışdır. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhər, 4-cü məhəllə, ev 25A/1, mənzil 7 iddiaçının xüsusi mülkiyyətindədir. **********00007 saylı abunə hesabından görünür ki, qeyd olunan ünvana 591,85 manat məcburi köçkün borcu hesablanmışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»na (bundan sonra - Qaydalar) əsasən elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrik qəbulediciləri vasitəsi ilə istifadə edən hüquqi və ya fiziki şəxsdir (1.1). Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır (8.1). Hazırkı halda iddiaçı yaşadığı mənzilə dair hesablanmış elektrik enerjisindən istifadəyə görə borcun əsassız olduğunu bildirir və həmin borcun haradan yaranmasının aydınlaşdırılmadığını qeyd edir. “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il tarixli Fərmanının 1-1-ci bəndində göstərilmişdir ki, fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin (fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) onlar fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrinə köçürülənədək istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqların 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsi təmin olunsun. İşdən göründüyü kimi iddiaçının elektrik enerjisinə görə olan borcu 31 dekabr 2016cı ildə dondurulmuşdur. Lakin həmin borc sayğac əsasında yaranmış borc olmamışdır. Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il tarixli Fərmanında isə sayğacı olmayan məcburi köçkünlərin borclarının dövlət tərəfindən ödənilməsi qərara alınmışdır. Lakin cavabdeh iddiaçının həmin borcunu silməmişdir. Bu səbəbdən iddia təmin edilməli, iddiaçının abonent hesabında olan elektrik enerjisindən istifadəyə görə 591,85 manat manat borc silinməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (maddə 9.3). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı abonent hesabında saxlanmış elektrik enerjisindən istifadəyə görə 591 (beş yüz doxsan bir) manat 85 (səksən beş) qəpik borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-2062/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2062/2022
12.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver