Məhkəmə qərarları › İş №2(060)-2065/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2065/2025

15.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2065/2025 15.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, İddiaçı, Cavabdeh, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, cavabdehdən borclu olduğu 1550 manatın və ödənilmiş 36 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi tələbinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Sumqayıt şəhər, Corat qəsəbəsi, Kərbəlayi Zöhrab küçəsində yerləşən 72 saylı evi xx.xx.2024-cü ildə Cavabdeh almışdır. Qeyd edilən əmlak Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə və qeydiyyat nömrəsi ********** olan xx.xx.2024-cü il tarixli çıxarışa əsasən ona məxsusdur. İddiaçı evi alan zaman cavabdeh tərəfindən kommunal xərclərə görə borcu olmadığı bildirilsə də, sonradan gələn bildiriş qəbzi əsasında 1550 manat su borcu olduğunu öyrənmişdir. O, suya olan 1550 manat borcu ondan tələb etmişdir. Cavabdeh əvvəl borcu qaytarmağa söz versə də sonradan borcu qaytarmaqdan yayınmış və onun telefon zənglərinə cavab verməmişdir. Ona ödəyəcəyi pulu verməkdən yayındığına görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

Tərəflərin mövqeləri:

3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, Mənzil onun mülkiyyətindədir. Abonent kimi Simuzər Məmmədova qeyd olunmuşdur. Evi Cavabdeh almışdır. Su xidməti onun adına deyil. Evi 2024-cü ildə almışdır. Cavabdeh tərəfindən kommunal xidmətlərlə bağlı arayış təqdim ediləcəyi bildirilməsinə baxmayaraq, heç bir sənəd təqdim olunmamışdır. Evi cavabdehdən aldığı üçün ödənişləri o etməlidir.Sonda məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. Sözügedən evi daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, 2019-cu ildə Məmmədova Zöhrədən almışdır. Evin əvvəlki mülkiyyətçisi Məmmədova Simuzər olmuşdur. Borc özündən əvvəlki ev sahibinə aiddir.

5. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X2 izahatında bildirdi ki, Sumqayıt şəhər, Corat qəsəbəsi, Kərbəlayi Zöhrab küçəsində yerləşən 72 saylı evə su təchizatına görə olan borc hal-hazırda ödənilməmişdir. Həmin borcun ödənilməsini məhkəmədən xahiş edir.

Tədqiq olunan sübutlar:

6. Abonent kartından görünür ki, abonentin su təchizatından yararlanmasına görə ödənilməmiş 1549,89 manat borcu yaranmışdır.

7. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X4 Şəxsi tərəfindən verilmiş 04 aprel 2024-cü il tarixli “Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış”dan görünür ki, ünvan 1 saylı ev üzərində mülkiyyət hüququ İddiaçı adına xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

8. AN-İ ******* saylı, 02 mart 2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən, 0.03 ha olan torpaq sahəsində yerləşən ümumi sahəsi 121.3 kv.m olan fərdi yaşayış evini 47 000 manat qiymətinə İddiaçı satmışdır..

9. AN-İ ******* saylı, 19 aprel 2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Məmmədova Zöhrə Xanbala qızı Sumqayıt şəhəri, Corat qəsəbəsi, 71(Yeni qaydalarla: AZ 5021 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.03 ha olan torpaq sahəsini 15 000 manat qiymətinə Məmmədova Zöhrə Xanbala qızı satmış, alıcı Cavabdeh satıcı Məmmədova Zöhrə Xanbala qızının satdığı torpaq sahəsini 15 000 manat qiymətinə almışdır.

Məhkəmə baxışının hədləri:

10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin

-385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş Sudan istifadə Qaydaları: -8.4-cü bəndinə əsasən su ilə təchiz olunmuş obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildiyi günədək sudan istifadəyə görə olan borcunu ödəməli, STKM-dən borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) yeni müqavilənin bağlanılması üçün STKM-ə 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə STKM arasında müqavilə bağlanılmalıdır.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

12. Məhkəmə iddiaçını və cavabdehi dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia rədd edilməlidir.

13. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Kərbəlayi Zöhrab küçəsi ünvanında yerləşən 72 saylı ev İddiaçı mülkiyyətindədir. İddiaçı həmin evi 02 mart 2024-cü il tarixdə Cavabdeh almışdır. Həmin ünvana dair su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə abonent kodu Simuzər Məmmədovanın adınadır.

14. İddiaçı hazırda qeyd olunan ünvana su təchizatı və kanalizasiya xidmətlərinin göstərilməsinə görə hesablanmış 1550 manat məbləğində borcun cavabdeh tərəfindən ona ödənilməsini məhkəmədən xahiş edir.

15. Cavabdeh isə iddiaya etiraz edərək həmin ünvana dair abonent kodunun və tələb edilən borc məbləğinin evin əvvəlki mülkiyyətçisinə aid olduğunu bildirərək iddianın təmin edilməməsini məhkəmədən xahiş edir.

16. Hazırki iş üzrə su təchizatından istifadə və kanalizasiya xdimətlərinin göstərilməsinə görə qeyd edilən ünvan üzrə 1547,89 manat borcun olması və eyni zamanda həmin borcun evin əvvəlki sahibinə (Simuzər Məmmədova) məxsus olması və iddiaçı ilə İri Şəhərlərin Birləşmiş Su təchizatı Xidməti arasında sudan istifadə ilə bağlı müqavilənin olmaması işin mübahisə edilməyən halıdır. Belə ki, məhkəmə iclasında iddiaçı, cavabdeh, eyni zamanda müstəqil tələb irəli sürməyən üçüncü şəxs İri Şəhərlərin Birləşmiş Su təchizatı Xidməti publik hüquqi şəxsin nümayəndəsi izahatlarında həmin borc məbləğinin ödənilmədiyini bildirmişlər.

17. Məhkəmə hesab edir ki, iddiaçı hazırki iddianı qaldırmağa subyektiv hüquqa malik deyildir. Belə ki, iddiaçı sözügedən mənzilin köhnə sahibinin İri Şəhərlərin Birləşmiş Su təchizatı Xidmətinə olan borcunun ona ödənilməsini, yəni öhdəliyin ona icra edilməsini məhkəmədən xahiş edir ki, bu halda iddiaçının həmin borcun ona ödənilməsini tələb etməkdə reqres iddia qaldırmaq hüququ yalnız iddiaçı tərəfindən həmin borc ödənildikdən sonra yarana bilər. Hazırki halda isə iddiaçı tərəfindən qeyd edilən borc məbləği İri Şəhərlərin Birləşmiş Su təchizatı Xidməti publik hüquqi şəxsinə ödənilməmişdir.

18. Bundan əlavə İri Şəhərlərin Birləşmiş Su təchizatı Xidməti publik hüquqi şəxsi tərəfindən su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin göstərilməsinə görə qeyd olunan ünvan üzrə yaranmış borc məbləğinə dair tələb hüququ da Fətəliyeva Nəzər Sabir oğluna güzəşt edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı hazırki iddianı qaldırmaqda subyektiv hüquqa malik deyildir.

19. Məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib etməməsi məsələləri araşdırılmalıdır.

20. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MKnın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafıə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

21. İddiaçıya izah olunsun ki, sözügedən ünvan üzrə əvvəlki mülkiyyəçinin su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin göstərilməsinə görə yaranmış borcunu həmin öhdəliyin icra edilməli olduğu şəxsə, yəni İri Şəhərlərin Birləşmiş Su Təchizatı publik hüquqi şəxsinə ödədiyi halda əvvəlki mülkiyyətçidən reqres qaydada həmin borcun ona ödənilməsini tələb etmək hüququ vardır.

22. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı cavabdehdən borclu olduğu 1550 manatın və ödənilmiş 36 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir.

Məhkəmə xərcləri:

23. Azərbaycan Respulikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Hazırki halda məhkəmə iddianın təmin edilmədiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

Nəticə:

24. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, cavabdehdən borclu olduğu 1550 manatın və ödənilmiş 36 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar