Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2072/2024 02.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair X1 adına verilmiş noyabr 1987-ci il tarixli 82 inventar nömrəli “Şəxsi mənzil fonduna aid yaşayış sahəsinin Texniki Pasport”unun 14 iyul 1963-cü ildə ölmüş Qurban Əsgər oğluna məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Şəxsi Mənzil Fonduna aid yaşayış sahəsinin 1987-ci ilin noyabrayında verilmiş Texniki Pasportunda ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ərizəçinin babası X1 adına qeydə alınmışdır. Sumqayıt şəhəri qeydiyyat şöbəsinin arayışında isə babası xx.xx.1963-cü ildə öldüyü və soyadının Qurban Əsgər oğlu kimi yazıldığı qeyd olunmuşdur. Ərizəçinin nümayəndəsi və vəkili iddianı müdafiə edərək, eyni məzmunlu izahat verdi və onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs AR-nın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin və Sumqayıt şəhər qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ona görə də məhkəmə işə maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - 1987-ci ilin noyabr ayında verilmiş Texniki Pasportundan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X2 ayrılmışdır. - xx.xx.1970 tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1970-ci il təvəllüdlü Ərizəçi atası Kamiyan Qurban oğludur. - xx.xx.1956 tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1970-ci il təvəllüdlü Kamiyan Qurban oğlunun atası Qurban Əsgər oğludur. - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1963-cü ildə Qurban Əsgər oğlu vəfat etmişdir. - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2007-ci ildə Leyla Qurban qızı vəfat etmişdir. Beləliklə, Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair noyabr 1987-ci il tarixli 82 inventar nömrəli “Şəxsi mənzil fonduna aid yaşayış sahəsinin Texniki Pasport”unda qeyd olunmuş X3 məhz Qurban Əsgər oğludur və səhvə “X3” kimi qeyd olunmuşdur. Qeyd olunan hüquqmüəyyənedici sənəd olan protokolda yanlışlıqlar aradan qaldırılmadan ərizəçi həmin sənəd üzrə vərəsəlik, mülkiyyət və s. hüquqlarını həyata keçirə bilməz. Həmin yanlışlıqların başqa qaydada aradan qaldırılması isə mümkün deyildir. Ona görə də məhkəmə ərizəni əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Ərizəçinin babasının adındakı səhvi təhlil edərək məhkəmə hesab edir ki, həmin yanlışlıq ərizəçinin atasının sənədlərində göstərilən soyadı nəzərə alınmadan, diqqətsizlik nəticəsində yaranmışdır. Məhkəmə ərizə ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası MPM-nin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Bu Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəmənin Plenimunun xx.xx.2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, hüquqi əhəmiyyəti olan fakt məhkəmə iclasında toplanaraq tədqiq edilmiş sübutlarla təsdiq edilir, ona görə ərizə təmin edilməli, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair X1 adına verilmiş noyabr 1987-ci il tarixli 82 inventar nömrəli “Şəxsi mənzil fonduna aid yaşayış sahəsinin Texniki Pasportun” 14 iyul 1963-cü ildə ölmüş Qurban Əsgər oğluna məxsus olması faktı müəyyən olunmalıdır. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair X1 adına verilmiş noyabr 1987-ci il tarixli 82 inventar nömrəli “Şəxsi mənzil fonduna aid yaşayış sahəsinin Texniki Pasport”unun 14 iyul 1963-cü ildə ölmüş Qurban Əsgər oğluna məxsus olması faktı müəyyən olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-2072/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2072/2024
02.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver