Məhkəmə qərarları › İş №2(060)-2079/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2079/2025

15.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2079/2025 15.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq, həyat yoldaşı X7 uzun müddətli hərbçi olduğundan və ailə başçısını itirdiyinə görə imkanı olmadığından cavabdeh tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli, 29/1710- 03533-1 nömrəli akta əsasən abonent saldosunda qeyd edilən 201,1 manat borcun silinməsində ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən faktik istifadəçisi odur. Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının qaz sayğacının yoxlanılması barədə xx.xx.2020 tarixli 29/1710-03533-1 nömrəli aktına əsasən G-4 markalı 05516585 nömrəli sayğaca ümumi baxış keçirildi. Sayğacın plastmas ekranında kənar təsir izi var. Plastmas qapaq onlar onlar tərəfdən açıldı və plastmas şüşəni ekrana bərkidən 4 qulaqcıqdan birinin sınıq olduğu aşkar edildi. Sumqayıt QİS-nin təqdim etdiyi mexaniki göstərici 7133 m3, faktiki göstəricisi 09237 m3 dur. Xətalar normadan artıqdır. “Təbii qazdan istifadə qaydaların pozulması haqqında” xx.xx.2020 tarixli, 29/1710- 03533-1 nömrəli akt tərtib edilmişdir. Sözügedən akta əsasən sayğacın dəyərinə görə 201,1 manat borc hesablanmışdır. İstehlakçı kimi qaz sayğacına heç bir müdaxilə etməmişdir. Tələb olunan məbləği əsassız hesab edir.

Tərəflərin mövqeləri:

3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, qaza hesablanmış borc atasının adına yazılmışdır. Ev ona bağışlama yolu ilə keçmişdir. 30 yanvar 2020-ci il tarixdə orada yaşamışdır. Sayğaca heç bir müdaxilə etməmişdir. Evi atasının vəfatından sonra satmışdır. Hazırda həmin evdə evin indiki mülkiyyətçisi yaşayır.

4. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, iddiaçının mərhum atasının yaşadığı ünvan 1 ünvanına əməkdaşlar tərəfindən baxış keçirilmiş və sayğacda nöqsanlar aşkar olunduğu üçün xx.xx.2020-ci il tarixdə akt tərtib olunmuşdur. Aktla müəyyən edilən nöqsanlara sayğacın plastmas ekranında kənar təsirin olması, plastmas qapağın açılması, ekranı bərkidən 4 qulaqcıqdan birinin sınıq olduğu aşkar edilmişdir. Sumqayıt qaz idarəsinin təqdim etdiyi mexaniki göstərici 7133 kub metr qazdır. Xətalar normadan artıq olduğu üçün sayğac yenisi ilə əvəz olunmuş, köhnə sayğac laboratoriyaya göndərilmişdir. Hesablama aparılmış və gün ərzində 6 saat, hər saatda 90 kub metr qaz itkisi müəyyən olunmuşdur. 2160 kub metr itirilmiş qaz hesablanmışdır ki, bu da 216 manat təşkil edir.

Tədqiq olunan sübutlar:

5. Cavabdeh İB-nin əməkdaşları tərəfindən 31 yanvar 2020-ci il tarixdə tərtib olunmuş ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktda qeyd olunmuşdur ki, xx.xx.2020-ci ildə D/Y-a gətirilmiş Metrologiya Departamenti sayğacların müayinəsi laborotoriyasının rəyinə görə G4 markalı (№ ********) sayğaca ümumi baxış keçirilmiş, sayğacın plastmas ekranında kənar təsir izi olduğu müşahidə olunmuş, plastmas qapaq tərəflərindən açılmış və plastmas şüşəni ekrana bərkidən 4 qulaqcıqdan birinin sınıq olduğu aşkar edilmiş, Sumqayıt QİS-nin təqdim etdiyi mexaniki göstərici 7133 m3 faktiki göstəricisi 09237 m3-dur, xətalar normadan artıqdır.

6. Abonentin saldosundan görünür ki, X3 ünvan 1 ünvanında təbii qazdan istifadəyə görə akt üzrə 2020-ci il tarixinə 216 manat məbləğində borcu yaranmışdır.

7. AZ-İİ 309054 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2022-ci ildə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci ildə 1570 nömrə ilə qeyd edilmişdir.

8. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 16 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 100 nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında yaşayır.

9. İ-ЖГ 406370 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Həmzəyeva Aygün Ağaverdi qızı xx.xx.1972-ci ildə anadan olmuşdur. X1, anası isə X2r.

Məhkəmə baxışının hədləri:

10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin

-21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. -560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. -1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

12. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun

-13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. -20-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. -21.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir.

13. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın

-4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. -4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. -4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. -4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

14. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu -3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. -18.1-ci maddəsinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. -18.2-ci maddəsinə görə istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. -26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

15. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, tərəfləri dinləyərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, iddia təmin edilməlidir.

16. Məhkəmə ilk növbədə qeyd edir ki, iş materiallarına əlavə edilmiş “Abonentin saldosu”ndan aydın olur ki, X3 adına Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 1, 7 saylı mənzildə qazdan istifadəyə görə **********00070 saylı kod açılmışdır. X5 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İddiaçı isə X3 övladıdır. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 16 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 100 nömrəli arayışda İddiaçı ünvan 1 ünvanında yaşadığı qeyd edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı qeyd olunan ünvanda yerləşən mənzildən istifadə etməklə hazırki iddianı qaldırmaqda subyektiv hüquqa malikdir.

17. İddiaçı Cavabdeh İB tərəfindən qeyd olunan ünvana qaz sərfinə görə hesablanmış borcun silinməsi tələbinə münasibətdə məhkəmə qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, Cavabdeh tərəfindən 31 yanvar 2020-c9 il tarixdə abonent kodu **********00070 olan X4 ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib olunmuş və həmin akta əsasən 216 manat məbləğində borc yazılmışdır. Hal-hazırda iddiaçı 201,1 manat məbləğində borcun silinməsini məhkəmədən xahiş edir.

18. Qeyd edilən aktda qazdan istifadə qaydalarının pozulmasının əsası kimi sayğacın plastmas ekranında kənar təsir izi olduğu, plastmasın qapaq tərəflərindən açıldığı və plastmas şüşəni ekrana bərkidən 4 qulaqcıqdan birinin sınıq olduğu, Sumqayıt QİS-nin təqdim etdiyi mexaniki göstərici 7133 m3 faktiki göstəricisi 09237 m3 olduğu, xətaların normadan artıq olduğu göstərilmişdir.

19. Halbuki Azərbaycan Respublikasının Mülki Məcəlləsinin yuxarıda məzmunu qeyd olunmuş 1096.1-ci maddəsinin tələbinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: - zərərin mövcud olması, - zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, -zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçıdan zərərin ödənilməsi tələb oluna bilməz.

20. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

21. Qanunvericiliyin tələbinə görə zərər vurulmasına gətirib çıxaran hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl (hərəkət və ya hərəkətsizlik) təqsirdə ifadə olunur. Başqa sözlə, hüquqa zidd əməl təqsirli olaraq törədilməli, vurulmuş ziyanla hüquqa zidd əməl arasında səbəbli əlaqə olmalıdır.

22. Məhkəmə qeyd edir ki, iddia tələbli bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir.

23. Sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

24. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcudluğuna (baş verməsinə) bağlanan hüquqi nəticədən xeyir görən tərəfə aidir.

25. Hazırki işdə cavabdehə qazdan istifadə qaydalarının pozulması nəticəsində zərər dəyməsi və cavabdeh tərəfindən aktın qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu, iddiaçının sayğaca müdaxilə etməsini sübut etmək vəzifəsi sözügedən aktı tərtib etmiş cavabdehin üzərinə düşür.

26. Lakin cavabdeh iddiaçının qanunsuz hərəkətləri nəticəsində maddi zərərə məruz qalması ilə bağlı halları sübuta yetirə bilməmiş, yəni iddiaçı öz sübutetmə vəzifələrini yerinə yetirə bilməmişdir.

27. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır.

28. Hazırki işdə də iddiaçı fiziki şəxs olmaqla, eyni zamanda məişət qaz qurğusundan istifadə etdiyindən, qanunvericiliyin tələbinə uyğun olaraq qaz sayğacının saz vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşımır.

29. Beləliklə, məhkəmə qeyd edir ki, aktda qeyd edilən pozuntunun törədilməsində iddiaçının təqsiri sübut olunmadığından və fiziki şəxs olan istehlakçının qaz sayğacının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı özü daşıdığından cavabdehin hesabladığı borc məbləğini iddiaçıdan tələb etməsi əsassızdır.

Nəticə:

1. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən ünvan 1 ünvanında elektrik enerjisindən istifadəyə görə hesablanmış 201 (iki yüz bir) manat, 10 (on) qəpik borc **********00070 abunə hesabından silinsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar