Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2083/2024 10.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı1, Cavabdeh Həsənova (Hüseynova) İlahə Ramazan qızının iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Həsənova (Hüseynova) İlahə Ramazan qızı və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğvi, torpaq sahəsinə və yaşayış evinə ümumi mülkiyyət hüququnun tanınması tələbinə dair iddiası üzrə mülki işə 10 iyun 2024-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Həsənova (Hüseynova) İlahə Ramazan qızı və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğvi, torpaq sahəsinə və yaşayış evinə ümumi mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 ilə Həsənova (Hüseynova) İlahə Ramazan qızı arasında Sumqayıt şəhəri, Novxanı bağ massivi 2551F saylı 0,008 kv.m torpaq sahəsinə dair 30 yanvar 2023-cü il tarixli, AN-İN ******* olan daşınmaz əmlakıntorpağın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Sumqayıt şəhəri, Novxanı bağ massivi 2551F saylı, 0,008 kv.m torpaq sahəsinə dair DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** qeydiyyat nömrəli, Daşınmaz əmlakın dövlət reyestrinin 209 nömrəli reyestr kitabının 49 nömrəli vərəqində aparılmış qeydiyyat nömrəsi olan, Daşınmaz Əmlakı Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt şəhər Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli çıxarışının ləğv edilməsi, Sumqayıt şəhəri, Novxanı bağ massivi 2551F saylı 0,008 kv.m torpaq sahəsinə və üzərindəki 1 otaqlı yaşayış evinə onun övladlarının xx xxxx 2005-ci il təvəllüdlü İddiaçı2, 14 oktyabr 2006-cı il təvəllüdlü X6 və 26 sentyabr 2013-cü il təvəllüdlü X3 birgə mülkiyyət hüquqlarının tanınması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Həsənova (Hüseynova) İlahə Ramazan qızı ilə onun arasında bağlanmış 21 avqust 2004-cü il tarixli rəsmi 348 saylı nikah Sumqayıt şəhər Məhkəməsinin 2(060)-9923/2008-ci il tarixli, 29 noyabr 2018-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Sumqayıt şəhər Məhkəməsinin 2(060)- 9923/2008-ci il tarixli, 29 noyabr 2018-ci il tarixli qətnaməsi ilə idiaçının iddia ərizəsi qismən təmin edilmiş, Hüseynova İlahə Ramazan qızı ilə İddiaçı1 arasında 21 avqust 2004-cü il tarixdə bağlanmış 348 saylı nikah pozulmuş, nikah pozulduqdan sonra xx xxxx 2005-ci il təvəllüdlü İddiaçı2, 14 oktyai 2006-cı il təvəllüdlü X11 və 26 sentyabr 2013-cü il təvəllüdlü X8 anası Hüseynova İlahə Ramazan qızının yanında qalması, İddiaçı1 xx.xx.2018-ci il tarixdən başlayaraq xx xxxx 2005-ci il təvəllüdlü İddiaçı2, 14 oktyabr 2006-cı il təvəllüdlü X6 və 2 sentyabr 2013-cü il təvəllüdlü X3 anası Hüseynova İlahə Ramazan qızının yetkinlik yaşma çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq Həsənova (Hüseynova) İlahə Ramazan qızı ödənilməsi qət edilmişdir. Cavbadeh Həsənova (Hüseynova) ilahə Ramazan qızı ilə nikahları pozulduqdan sonra, xx xxxx 2005-ci il təvəllüdlü İddiaçı2, 14 oktyabr 2006-cı il təvəllüdlü X11 və 26 sentyabr 2013-cü il təvəllüdlü X8 anası Hüseynova İlahə Ramazan qızının yanında qalması məhkəmə qətnaməsi ilə müəyyən olunmuşdur. Lakin, o, bilmişdir ki, cavabdeh uşaqları ilə kirayələrdə çətinlik çəkəcəklər. Buna görə də o, onları mənzillə təmin etmək üçün onlara ev alıb uşaqlarının yaşamasını təmin etmək qərarına gəlmişdir. Sumqayıt şəhəri, Novxanı bağ massivində 2551F saylı 0,008 kv.m torpaq sahəsini və üzərində tikilmiş 1 otaqlı evi öz şəxsi vəsaiti ilə 23 000 (iyirmi üç min) manata X4 almışdır. Bu yaşayış evini alan vaxt 4000 (dörd min) manat borcu qaldığı üçün X9 ilə xx.xx.2019-cu il tarixli müqavilə bağlamışdılar. Evin dəyəri tam şəkildə onun tərəfindən ödənilmişdir. Bu evi uşaqlar cavabdehin Həsənova (Hüseynova) İlahə Ramazan qızı himayəsində olduğu üçün onun adına formal olaraq rəsmləşdirmişdi, çünki, uşaqları cavabdehin himayəsində yaşayacaqdılar. Bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** qeydiyyat nömrəli, Daşınmaz əmlakın dövlət reyestrinin 209 nömrəli reyestr kitabının 49 nömrəli vərəqində qeydiyyat aparılaraq Daşınmaz Əmlakı Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt şəhər Ərazi İdarəsi tərəfindən Seriya RX- ******* saylı, xx.xx.2019-cu il tarixli çıxarış verilmişdir. Sumqayıt şəhəri, Novxanı bağ massivində 2551F saylı, 0,008 kv.m torpaq sahəsini və üzərində tikilmiş 1 otaqlı evi 23 000 (iyirmi üç min) manata uşaqlarına alıb. Son zamanlar ona məlum olub ki, cavabdeh birgə nikahdan olan uşaqları incidir, narahat edir. Hətta evdən belə qovur, onların həyatını təhlükədə qoyur. Sonuncu dəfə qızı Aytac ona zəng edib, şikayət edərkən cavabdeh onun əlindən telefonu alaraq uşaqlarını döymüş və evdən getmişdir. Cavabdeh bir neçə dəfə uşaqları evdə buraxaraq atası evinə qaçmışdır. Bu evə gəlməkdən və bu evdə yaşamaqdan imtina etmişdir. xx.xx.2022-ci il tarixdə uşaqlarını döyərək bildirmişdir ki, nə uşaqlar, nə də bu ev ona lazım deyil, “atanıza deyin ki, gəlib sizinlə yaşasın, bu evi satsın mənə də bir pay versin”. O, bir neçə gün məcbur olaraq aldığı bu evdə uşaqlarla yaşayıb. Təxminən 15-20 gündən sonra cavabdeh uşaqlarına SMS göndərərək “2-3 gün sizə vaxt verirəm evi tərk edin” sözlərini deyib. Artıq yaranmış bu narahatlıqlardan və uşaqlarının həyatının təhlükələrdə olmasından qorxuya düşüb və valideynlik məsuliyyətimi başa düşərək Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı Yanında Qəyyumluq və Himayəçilik Komissiyasına uşaqlarının onun himayəsinə qaytarılmasına dair müraciət edib. Sumqayıt şəhər icra Hakimiyyəti Başçısı Yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 497 saylı, 29 12.2022-ci il tarixli məktubu ilə müəyyən olunmuşdur ki, “25.06.,2005-ci il təvəllüdlü X7, xx.xx.2006-cı il təvəllüdlü X19 və xx.xx.2013-cü il təvəllüdlü X1 həyat yoldaşınız tərəfindən baxımsız vəziyyətdə saxlanılması və daha sonra övladlarını evdən qovulması ilə bağlı müraciətinizə şəhər İcra Hakimiyyətində baxılmışdır. Bununla əlaqədar mediasiya orqanına müraciət edilmiş və məhkəməyə iddia ərizəsi verilmişdir. Bildirilmişdir ki, keçmiş həyat yoldaşınız Cavabdeh1 Şəhər İcra Hakimiyyətində qəbul edilmişdir və izahatı alınmışdır. Cavabdeh1 (Hüseynova) izahatında övladlarını çox sevdiyini, övladlarını evdən qovmadığını, övladlarının öz istəkləri ilə atalarının yanında qaldıqlarını və maddi durumunun yaxşı olmadığı üçün övladlarının atalarının himayəsinə verilməsinə etirazı olmadığını bildirmişdir”. Hazırda cavabdeh mübahisəli mənzildə nə özü yaşayır nə də ki, uşaqların orada yaşamasını təmin edir. O da uşaqlar ilə kirayələrdə qalmaq məcburiyyətindədirlər. Cavabdeh isə mübahisəli mənzili sataraq öz mənafeyi üçün xərcləmək istəyir. Sumqayıt şəhəri, Novxanı bağları massivində 2551F saylı 0,008 kv.m torpaq sahəsinin alqı-satqı müqaviləsinin və torpaq sahəsinə dair çıxarışın ləğvi, torpaq sahəsinə onun mülkiyyət hüququnun tanınması barədə iddia qaldırmaq məcburiyyəyindədir. Cavabdeh bir neçə dəfə uşaqlara da bildirmişdir ki, atanıza deyin bu evi satsın və onun payını versin, çünki bilir ki, o bu torpaq sahəsinə hər hansı bir manat belə verməmişdir, 0,008 kv.m torpaq sahəsi və üzərində tikilmiş yaşayış evi onun vəsaiti ilə 23 000 (iyirmi üç min) manata alınmışdır. Buna görə də fərdi yaşayış evinə onun mülkiyyət hüququ tanınmalıdır. Hazırda məlum olub ki, iddiaçı Sumqayıt şəhəri, Novxanı bağ massivində 2551F saylı 0,008 kv.m torpaq sahəsini və üzərində tikilmiş 1 otaqlı evi Cavabdeh2 30 yanvar 2023cü il tarixli, AN-İN ******* olan daşınmaz əmlakı alqı-satqı müqaviləsi əsasında satmışdır. Bu müqavilədən görünür ki, daşınmaz əmlak 4.500 (dörd min beş yüz) manata razılaşdırılmışdır. Bunu etməklə cavabdehlər əlbir olub onun iddia qaldırdığı və uşaqları üçün aldığı bu yaşayış evini məhkəmə mübahisəsindən qaçırtmaq və onun və uşaqlarının əmlak hüquqlarını başqa formada qanunsuz olaraq ələ keçirmək niyyəti güdmüşlər. Bundan başqa onun vəsaiti ilə alınmış bu yaşayış evinin onun vəsaiti ilə alınması kimi həqiqi əqdi ( müqaviləni) bu əqdləqanunsuz əqdlə pərdələmək niyyəti güdmüşlər. Alqı-satqı müqaviləsinin dəyəri daşınmaz əmlakın dəyərinin də 4.500 (dörd min beş yüz) manata razılaşdırılması da bunu sübut edir. Hansı ki, həmin torpaq sahəsinin üzərində 1 otaqlı yaşayış evi mövcüddur. O, bu evi öz şəxsi vəsaiti ilə 23 000 (iyirmi üç min) manata X4 alıb. Bu yaşayış evini alan vaxt 4000 (dörd min) manat borcu qaldığı üçün X9 ilə İddiaçı1 arasında xx.xx.2019-cu il tarixli müqavilə bağlanmışdır. Hazırda Cavabdeh2 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrındə ********** qeydiyyat nömrəli, Daşınmaz əmlakın dövlət reyestrinin 209 nömrəli reyestr kitabının 49 nömrəli vərəqində qeydiyyat aparılaraq Daşınmaz Əmlakı Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt şəhər Ərazi İdarəsi tərəfindən Seriya RX saylı, xx.xx.2023-cü il tarixlli çıxarış verilmişdir. Əslində isə bu formal olaraq bağlanmış alqı-satqı müqaviləsidir. Keçmiş həyat yoldaşı torpaq sahəsini bu rəfiqəsinin adına keçirsə də özü bu evdə yaşayır. Cavabdehin etiraf və işin faktiki hallarından da göründüyü kimi o, bu evi uşaqlarının yaşaması üçün nəzərdə tutub alıb. Əks halda o, nikahları pozulandan sonra nəyə görə cavabdehin adına ev alırdı? Bu barədə Sumqayıt şəhər Məhkəməsinin 21 iyun 2023-cü il tarixli qətnaməsi və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnamələrində cavabdehlərin etirafları öz əksini tapır. Cavabdeh razılaşmanı pozaraq uşaqlarını evdən qovmuş və evi dəyərindən aşağı məqsədli satmışdır. Yuxarıda qeyd etdiklərinə əsasən iddiaçılar iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Həsənova (Hüseynova) İlahə Ramazan qızı məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, iddiaçı onun həyatını məhv edib. Belə ki, onun 20 il ömrünü, sağlamlığını, üç balasını, bir sözlə hər şeyini əlindən alıb. İddiaçı uşaqlarına sərbəstlik və maddi güzəran vəd edərək onları özünə tərəf çəkmişdir. Ümid edir ki, uşaqları səhvlərini başa düşüb ona tərəf qayıdacaqlar. Əslində iddiaçının uşaqları özünə tərəf çəkməkdə məqsədi onu özündən asılı salmaq, bölünmüş mülkü əlindən alıb onu küçələrə salmaqdır. Müəyyən səbəblərdən o, uşaqları iddiaçıya vermək məcburiyyətində qalmışdır. Daha sonra iddiaçı ondan 660 manat aliment tələb etmişdir, hazırda 250 manat aliment və borc ödəyir. İddiaçı artıq iki ildir ki, onu məhkəmə yolu ilə incidir, hətta şərəf və ləyaqətinə dil uzadır, dəfələrlə onu öldürmək və yandırmaqla hədələyir. Bunlar onu göstərir ki, Mətləbin əsas məqsədi onu məhv etməkdir. Artıq 1 ildən çoxdur ki, uşaqlar onun təsiri altındadır. Hətta uşaqları da məhkəməyə gətirib ona qarşı qaldırır. Onu da qeyd edir ki, uşaqların atasının yanına getməsi artıq ikinci dəfə baş verir. Bu hadisə ilk dəfə olanda 5-6 aydan sonra uşağı psixoloqun köməyi ilə onun yanına qayıtmışdı. Bu dəfə isə hər üç uşağı onu atıb atalarının yanına getmişdirlər. O, ölənə kimi uşaqlarının yolunu gözləyəcək. Ümid edir ki, məhkəmə iddiaçının əsl məqsədini anlayacaq. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, cavabdehlə boşandıqdan sonra uşaqlarının kirayədə yaşamaması üçün onlara ev alıb. Cavabdehlə boşandıqdan sonra onun adına ev almaqda tək məqsəd uşaqlarını düşünmək olub. Lakin cavabdeh razılaşmanı pozaraq uşaqlarını evdən qovmuş və evi onların xəbəri olmadan satmışdır. Evin satılmasından digər mülki işə baxılarkən məhkəmədə xəbər tutmuşdur. Cavabdehin 23000 manat dəyərində olan evi cəmi 4500 manata satması inandırıcı deyil. Cavabdehlər əlbir olub yalan və ya uydurma əqd bağlayıblar. Cavabdehin belə bir hərəkət etməkdə məqsədi uşaqları üçün aldığı yaşayış evini məhkəmə mübahisəsindən qaçırtmaq, onun və uşaqlarının əmlak hüquqlarını qanunsuz olaraq ələ keçirməkdir. Onu da məhkəmənin nəzərinə çatdırır ki, cavabdeh ona evdən düşəcək 15000 manat verəcəyi halda həmin pulun üstünü düzəldib yataqxanadan ev almaq istəyir. Birgə nikah dövründə olan bütün borcları o, özü təkbaşına ödəmişdir. Cavabdeh heç bir əsas olmadan uşaqlar ilə yola getməyib, döyüb, nəticədə onları evdən qovub. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Həsənova (Hüseynova) İlahə Ramazan qızı iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. Mənzillə bağlı iddiaçı ilə bir neçə məhkəmə mübahisəsi olub. Apellyasiya məhkəməsində də evin ona məxsus olması faktı təsdiq edilmişdir. İşlə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi vardır. Məhkəmənin icraatında eyni mənzillə bağlı işləri olub. Bu mübahisə artıq 2 ildir ki uzanır. Qarşı tərəfin əsas məqsədi məhkəmə prosesini uzatmaqdır. O Mən ər şeyi məhkəmə proseslərində sübut edib. Birgə nikahda olan evin alınması üçün onun valideynlərinin də maddi dəstəyi olub. Birgə nikahda aldıqları ev 38000 (otuz səkkiz min) manata satılıb və həmin pul qanuni şəkildə aralarında bölünmüşdür. İddiaçının özünün 3 otaqlı başqa mənzili də var. Bundan başqa iddiaçı dəfələrlə onun valideynlərindən pul alıb, həmçinin uşaqları ona qarşı qaldırır. İddiaçının yeganə məqsədi onu evsiz qoymaqdır. Evi ucuz satmasının səbəbi uşaqların evin üstünə getməyən boya ilə müəyyən sözlər yazması olub. Bu səbəbdən evə alıcı tapmaq mümkün olmayıb. Belə ki, iddiaçı da bütün maklerləri həmin evə alıcı gətirməməsi üçün hədələmişdir. Cavabdeh qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X5 ifadəsində bildirdi ki, o, alqı-satqı işi ilə məğuldur. Tərəflərin hər ikisini tanıyır. Mübahisəli ev 2019-cu ildə satılırdı. Həmin vaxt Mətləb ev almaq istədiyini ona bildirmişdi. O, da sözügedən evi onlara məsləhət görmüşdü və nəticədə iddiaçı həmin evi almışdı. Bildiyinə görə ev cavabdehin adına alınmışdı. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 2551F saylı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Hüseynova İlahə Ramazan qızının adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə qeydə alınmışdır. İşdə olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2025/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı1 Cavabdeh1 qarşı daşınmaz əmlakın alqı-satıq müqaviləsinin və çıxarışın ləğvi, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması tələbinə dair iddiası təmin edilməmişdir. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1659/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindəın görünür ki, həmin qətnamə ilə Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2025/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan xx.xx.2019-cu il tarixli borc müqaviləsindən görünür ki, İddiaçı1 X4 0,80 kv.m torpaq sahəsini və həmin ərazidə yerləşən evi almış, evin qiymətini 23000 manata razılaşmışdırlar. İddiaçı1 P.Fərmanlıya 4000 manat borcu qalmış və İddiaçı1 həmin borcu 20 gün müddətinə, yəni xx.xx.2019-cu il tarixə qədər ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 2551F saylı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır. İşdə olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-113/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı1 Cavabdeh1 qarşı pul tələbinə dair iddiası təmin edilməmişdir. İşdə olan AN-İ ******* nömrəli, xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 Sumqayıt şəhəri, Novxanı bağ massivi, 2551F ünvanında yerləşən 0,008 kv.m torpaq sahəsini Cavabdeh2 4500 manata satmışdır. İşdə olan AZ-İ 336081 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı1 ilə Hüseynova İlahə Ramazan qızı arasında olan nikah pozulmuş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 23 nömrə ilə qeyd edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Bununla bağlı qeyd edilməlidir ki, mülki hüquqi əqdlər, o cümlədən alqı-satqı müqavilələri əmlaka dair mülkiyyət hüququnun əldə edilməsinin əsaslarından biridir. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ, həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazi üzrə qeydiyyat tarixindən əmələ gəlir (Mülki Məcəllənin 146.1 və 146.2-ci maddələri). Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Məhkəmə qeyd edir ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 2551F ünvanında yerləşən 0,008 kv.m torpaq sahəsinə aid xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi müqavilə azadlığı prinsipinə uyğun olaraq Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmışdır. Həmin müqavilənin bağlanması zamanı daşınmaz əmlakın alqı-satqısına dair qaydalara riayət edilmiş, bu zaman hər hansı qanun pozuntusuna yol verilməmişdir. Mülki Məcəllənin əqdlərin bağlanması qaydalarını və onların etibarsızlığını müəyyən edən müddəalarına əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır (maddə 329.1). Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (337.1). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. (337.1, 337.3, 337.4). Məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslardan hər hansı biri mövcud olmadığından bu barədə iddia tələbi təmin edilməməlidir. İddiaçılar xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsızlığını sözügedən mənzilin İddiaçı1 tərəfindən alınması və müqavilədə mənzilin satış qiymətinin aşağı olması ilə əsaslandırmışdır. Məhkəmə iddiaçıların iddia tələbinin əsası kimi istinad etdiyi birinci halla bağlı qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə (Sumqayıt şəhər Məhkəməsinin 2(060)- 113/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi) müəyyən edilmişdir ki, iddiaçı (İddiaçı1) ilə Cavabdeh1 xx.xx.2018-ci il tarixli məhkəmə qətnaməsi ilə nikahları pozulduqdan sonra, nikahda olduqları müddətdə inşa etdikləri Sumqayıt şəhəri, BTZ bağlarında yerləşən 5 sot torpaq sahəsi üzərində olan 90 kv.m olan yaşayış evini 04 mart 2019-cu il tarixdə X13 37500 manata satmışlar. Bundan sonra tərəflərin razılığı əsasında qeyd edilən alqı-satqıdan əldə edilmiş vəsaitin 18000 manat hissəsinə Cavabdeh1 mülkiyyətinə Sumqayıt şəhəri, Novxanı baş massivi, 551 F saylı ev alınmışdır. Alqı-satqıdan əldə edilmiş vəsaitin qalan hissəsi iddiaçıda qalmışdır. Bundan sonra tərəflər arasında uşaqların kimin yanında qalması ilə əlaqədar ziddiyyət yaranmış və iddiaçı cavabdehin adına alınmış evə ödənilmiş vəsaiti ondan tələb etməyə başlamışdır. Məhkəmə hesab etmişdir ki, hazırda iddiaçının tələb etdiyi vəsait onların nikah dövründə əldə etdikləri əmlakın satışından əldə edilmiş və aralarında şifahi saziş əsasında könüllü bölünmüş vəsaitdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Müqavilədə mənzilin satış qiymətinin aşağı olması ilə bağlı isə məhkəmə qeyd edir ki, İddiaçı1 mənzilin alqı-satqı qiymətinin bazar qiymətlərindən aşağı olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, mənzilin satıcısı Cavabdeh1 olmuş, o, mənzilin satış qiymətini mülkiyyətçi kimi müqavilə azadlığı prinsipinə uyğun olaraq müəyyən etmək hüququna malik olmuşdur. Eyni zamanda məhkəmə hesab edir ki, satılan əmlakın qiymətinin mövcud bazar qiymətlərindən daha aşağı olması həmin əmlakın özgəninkiləşdirilməsi barədə müqavilənin etibarsızlığı üçün yeganə əsas ola bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlər Cavabdeh2 ilə Həsənova (Hüseynova) İlahə Ramazan qızı arasında Sumqayıt şəhəri, Novxanı bağ massivi 2551F saylı 0,008 kv.m torpaq sahəsinə dair bağlanmış 30 yanvar 2023-cü il tarixli, AN-İN ******* saylı daşınmaz əmlakın-torpağın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində təmin edilməməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia tələbinin digər hissələri 30 yanvar 2023-cü il tarixli, AN-İN ******* saylı daşınmaz əmlakın-torpağın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə əlaqədar olduğundan və həmin hissədə iddia tələbi təmin edilmədiyindən Sumqayıt şəhəri, Novxanı bağ massivi 2551F saylı, 0,008 kv.m torpaq sahəsinə dair verilmiş xx.xx.2023-cü il tarixli çıxarışın ləğv edilməsi, həmin torpaq sahəsinə və üzərindəki 1 otaqlı yaşayış evinə onun övladlarının xx xxxx 2005-ci il təvəllüdlü İddiaçı2, 14 oktyabr 2006-cı il təvəllüdlü X6 və 26 sentyabr 2013-cü il təvəllüdlü X3 birgə mülkiyyət hüquqlarının tanınması hissəsində də iddianın təmin edilməsi üçün hər hansı əsas yoxdur. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Həsənova (Hüseynova) İlahə Ramazan qızı və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğvi, torpaq sahəsinə və yaşayış evinə ümumi mülkiyyət hüququnun tanınması tələbinə dair iddiası təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Həsənova (Hüseynova) İlahə Ramazan qızı və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğvi, torpaq sahəsinə və yaşayış evinə ümumi mülkiyyət hüququnun tanınması tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-2083/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2083/2024
10.06.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver