Məhkəmə qərarları › İş №2(060)-2084/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2084/2020

11.09.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2084/2020 11.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X3, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh xxxxxxxx ASC-nə qarşı «əsassız olaraq hesablanmış borcun silinməsi tələbinə» dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh xxxxxxxx ASC-nə qarşı «əsassız olaraq hesablanmış borcun silinməsi tələbinə» iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh xxxxxxxx ASC tərəfindən tərtib edilmiş NDM 012749 nömrəli, xx.xx.2018-ci il tarixli aktın etibarsız hesab edilməsi, həmin akt əsasında Sumqayıt şəhəri, 16 mkr., 205 saylı evin 4 saylı mənzilinə dair elektrik sayğacına görə hesablanmış 480.02 manat məbləğində cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X5 məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, Sumqayıt şəhəri, 16-cı mkr., ev 205, mənzil 4 xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır və hal-hazırda da həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan mənzilə Cavabdeh ASC tərəfindən 480,02 manat məbləğində borc hesablanmışdır. İddiaçı bununla bağlı Cavabdeh ASC-yə müraciət edərək, həmin borcun hansı əsaslarla yarandığını öyrənmiş və oradan iddiaçıya şifahi şəkildə izah olunmuşdur ki, həmin borc köhnə borcdur və metodiki hesablanmışdır. İddiaçı cavabdeh təşkilata etirazını bildirmiş və əsassız olaraq hesablanmış borcun silinməsini tələb etmişdir. Lakin iddiaçıya bildirmişlər ki, məhkəməyə müraciət etsin. Ona görə də, iddiaçı hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Hazırda onlara məlum olmuşdur ki, borc cavabdeh tərəfindən tərtib edilmiş akt əsasında hesablanmışdır. Onlar həmin aktı qanunsuz hesab edirlər, ona görə də iddia tələbinin həcmini artıraraq, həmin aktın etibarsız hesab edilməsini məhkəmədən xahiş edirlər. Belə ki, aktda sayğaca müdaxilə olunduğu qeyd olunmuşdur. Halbuki, iddiaçının mənzilinin sayğacı pilləkan meydançasındadır və sayğacın qorunmasına cavabdeh məsuliyyət daşıyır. Ona görə də, Cavabdeh ASC tərəfindən hesablanmış 480,02 manat məbləğində borc Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005ci il 02 fevral tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X2 qaydaları”nın tələblərinə zidd olaraq əsassız hesablanmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh «xxxxxxxx» ASC-nin nümayəndəsi X6 məhkəməyə etiraz təqdim edərək göstərdi ki, İddiaçı "xxxxxxxx" ASC-nə qarşı hazırki iddia tələbi mövcud qanunvericiliyintələblərinə zidd və əsassız olduğu üçün hüquqdan sui-istifadə hesab edilərək təmin olunmamalıdır.Belə ki, xx.xx.2018-ci il tarixdə "xxxxxxxx" ASC-nin əməkdaşlarıtərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxışkeçirilərkən elektrik hesabat sayğacının “A” işarəli və qurğuşun dövlət möhüründə müdaxilə izləri halı aşkar edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş "X2 qaydaları"nın (EEİQ) 8.32-ci bəndinin tələblərinə uyğun olaraq xx.xx.2018-ci il tarixli, 012749 saylı akt tərtib edilərək 459.03 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli, NDM 012749 saylı aktın surətindən görünür ki, yoxlama zamanı məlum olmuşdur ki, sayğacın “A” işarəli və qurğuşun dövlət möhüründə müdaxilə izləri aşkar edilmişdir. İş materiallarında olan 11 saylı MKS tərəfindən verilmiş 1435 nömrəli, xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı Sumqayıt şəhəri, 16 mkr., 205 saylı evin 4 ünvanında yaşayır. İş materiallarında olan abunə haqqı arayışdan görünür ki, **********00145 nömrəli abonentə EEİQ pozulmasına görə 459.03 manat məbləğində borc hesablanmışdır. Məhkəmə, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aşağıda qeyd olunan qərarına istinad edərək hesab edir ki, xx.xx.2018-ci il tarixli, NDM 012749 saylı akt əsasında hesablanmış EEİQ pozulmasına görə 459.03 manat borc əsassız və qanunsuzdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 elektrik hesabat sayğacının “A” işarəli və qurğuşun dövlət möhüründə müdaxilə izləri olması halı aşkar edilməsini və sayğaca iddiaçı tərəfindən müdaxilə edilməsini qeyd etsə də, etirazının əsası kimi məhkəməyə bu barədə mötəbər sübutlar təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «X2 Qaydaları»nın 9.1-ci maddəsinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. «X2 qaydalarının» təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 7.11-ci maddəsinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydancalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işlək vəziyyətdə saxlanılmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Məhkəmə hesab edir ki xx.xx.2018-ci il tarixli, NDM 012749 saylı akt əsassız olduğu üçün həmin akt üzrə “xxxxxxxx” ASC tərəfindən X2yə görə itirilmiş elektrik enerjisi bərpası üçün hesablanmış EEİQ pozulmasına görə 459.03 manat borcun ödənilməsinə görə iddiaçı məsuliyyət daşıya bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş «X2 Qaydaları»nın 1.3-cü bəndinə görə enerji təchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. Bu müqaviləyə elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktı əlavə edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh «xxxxxxxx» ASC tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli, NDM 012749 saylı akt etibarsız hesab edilməli və həmin akt əsasında Sumqayıt şəhəri, 16 mkr., 205 saylı evin 4 nömrəli mənzilinə (Abunə kodu: **********00145) itirilmiş elektrik enerjisinin bərpası üçün hesablanmış 459.03 manat borc silinməlidir. Qeyd olunanlara əsasən və Azərbayçan Respublikası MPM-nin 216-220 və 360-çı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh «xxxxxxxx» ASC tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli, NDM 012749 saylı akt etibarsız hesab edilsin, həmin akt əsasında Sumqayıt şəhəri, 16 mkr., 205 saylı evin 4 nömrəli mənzilinə (Abunə kodu: **********00145) itirilmiş elektrik enerjisinin bərpası üçün hesablanmış 459.03 (dörd yüz əlli doqquz manat üç qəpik) manat borc silinsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏRİSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar