Məhkəmə qərarları › İş №2(060)-2089/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2089/2023

01.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2089/2023 01.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi ilə İddiaçı cavabdeh “Azəriqaz” İB-yə qarşı aktın ləğv olunması və əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə 01 iyun 2023-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı cavabdeh “Azəriqaz” İB-yə qarşı aktın ləğv olunması və əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona məxsus ünvan 1 ünvanında qaz sərfiyyatının istifadəsinə görə tərtib edilmiş Azəriqaz istehsalat Birliyinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 sentyabr 2022-ci il tarixdə tərtib edilmiş ******* nömrəli akt (sayğacın nömrəsi **********0) nömrəli aktın etibarsız hesab edilməsı və həmin akt əsasında əsassız hesablanmış 1036.80 manatın və guya sayğaca müdaxiləyə görə 185.73 manatın silinməsi, aktın ləğv edilməsi və əsassız olaraq hesablanmış ümumilikdə 1222.53 manat məbləğdə debitor borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona məxsus ünvan 2 ünvanında istifadə etdiyi qaz təczihatına görə ödənişlər vaxtlı-vaxtında tərəfindən ödənilmişdir. Bütün bu ödənişlər barədə qəbzləri var. Heç bir borcunun olmamasına baxmayaraq əsassız olaraq cavabdeh təşkilat həmin ünvan üzrə onun guya 1036.80 manat debitor borcu olduğunu bildirmışdir. “Azəriqaz” İB-nə hal-hazırda heç bir borcu yoxdur. Hesab edir ki, həmin borclar qanunsuzdur və əsassız olduğu üçün silinməlidır. Vaxtlı-vaxtında qaz sərfiyyatına olan borcu ödəyir. Azərbaycan Respublikası Nazirlər kabınetinin qərarı ilə təsdıq edilmiş qaz sərfiyyatının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Qaz sərfiyyatının istifadəsinə görə mövcud qərarların müvafiq maddəsinə əsasən qaz təchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş qaz sərfiyyatına görə ödəniş alır. Cavabdeh təşkilat isə onun istifadə etmədiyi qaz sərfiyyatına görə ödəniş tələb edir. Yuxarıda qeyd olunanlardan da görünür ki, qaz sərfiyyatına görə hesablaşmalar uçot cıhazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılmalı, bir qayda olaraq hesablaşma dövrü 1 ay qəbul olunmalı həmçinin Qaz təchızatı müəssiəsinin istehlakçıdan yalnız istifadə olunmuş qaz sərfiyyatına görə ödəniş tələb etməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq, iddiaçıiddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı “Azəriqaz” İB-nin Sumqayıt Qaz İstismar Sahəsinə qarşı “qanunsuz tərtib edilmiş aktın ləğv edilməsi, əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Aşağıda sadalananlara əsasən hazırki iddia tələbi qanunsuz və əsassız olduğu üçün rədd olunmalıdır. Məhkəmənin nəzərinə çatdırır ki, ünvan 3 ünvanında yaşayan İddiaçı məxsus mənzilə əməkdaşları tərəfindən baxış keçirilmiş və yerində "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı xx.xx.2022-cİ il tarixli akt tərtib edilmiş və aktda sayğacda qeyd olunan nöqsan "Sayğaca baxış keçirildi. Sayğacdan geriyə axın verdikdə hesablama mexanizmi geriyə işləmir, sayğac ALARM-5 rejiminə düşmür. Sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan metrologiya plomb yuvalarının ətrafı zədəlidir. Qayka plombu üçün nəzərdə tutulmuş qulaqcıq qırıqdır. Yivli birləşmələr korroziyaya uğrayıb. Sayğacın yaddaş arxivi oxundu. xx.xx.2018 və xx.xx.2018ci il tarixlərdə ALARM-1 rejimi aşkar olundu. Xətalar normadan artıqdır. Sayğac minimal sərfiyyatda -40,59 % nisbi xətayla işləyir. Sayğac istismara yararsızdır” qeyd olunmuşdur. Sayğac Dövlət yoxlamasına göndərilmiş və Metrologiya Departamentinin 29/1710- 03042-1 saylı xx.xx.2022-ci il tarixli rəyinə əsasən sayğac istismara yararsız hesab olunmuşdur. Abonentin qaz işlədici cihazlarının hesabatı aparılmış və ******* saylı xx.xx.2022- ci il tarixli akta əsasən qaz sayğacının nominal qaz sərfi 4m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 4x24x90=8640m3 x 0,12qəpik=1036,80 (bir min otuz altı manat 80 qəpik) manat dəymiş zərər hesablanmışdır. Bu faktla bağlı iddiaçıya məlumat verilmişdir ki, vurulmuş zərər ödənilsin. Lakin hazırki vaxta kimi iddiaçı Dövlətə vurduğu zərəri ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulmuşdur ki, ”Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər”. Bütün yuxarıda göstərilənləri nəzərə alaraq 2(060)-2089/2023 saylı mülki iş üzrə ünvan 3 ünvanında yaşayan İddiaçı "qanunsuz tərtib edilmiş aktın ləğv edilməsi, əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiasını əsassız hesab edərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq (məhkəmə bildirişinə imza etməklə) iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat veməmişdirlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci və 185.6-cı maddələrinə əsasən məhkəmə işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan xx.xx.2022-ci il tarixli abonentin saldosundan görünür ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəzri MK ərazisi ev 94 ünvanında İddiaçı adına xx.xx.2022-ci il tarixdə açılmış sayğaca əsasən ona təbii qazdan istifadəyə görə 1036.80 manat borc hesablanmışdır. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması barədə xx.xx.2022-ci il tarixli, ******* nömrəli akta əsasən, G-4 markalı 1302AZ**********69 nömrəli sayğaca baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan metrologiya plomb yuvalarının ətrafının zədəli olması, qayka plombu üçün nəzərdə tutulmuş qulaqcığın qırıq olması və xx.xx.2018-ci il traixdən Alarm -1 rejimi aşkar olduğundan, sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir. İş materiallarında olan «Azəriqaz» İB-in “Sayğacın Dövlət yoxlamasının bildirişi haqqında məktubuna əsasən, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəzri MK ərazisi ev 94 ünvanından çıxarılmış G-4 markalı 1302AZ**********69 nömrəli məişət qaz sayğacı Dövlət yoxlamasına göndərilmiş və metrologiya Departamentinin verdiyi rəyə əsasən həmin ünvandan çıxarılmış sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan metrologiya plomb yuvalarının ətrafının zədəli olması, qayka plombu üçün nəzərdə tutulmuş qulaqcığın qırıq olması, və xx.xx.2018-ci il tarixdən Alarm -1 rejimi aşkar olduğundan, sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Müdaxilə edilmiş sayğacın dəyəri olan 185.73 manatın ödənilməsi abonentdən tələb edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı istifadəsində olan Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəzri MK ərazisi ev 94 ünvanında qaz sayğacı mənzildən kənarda quraşdırılmışdır. Cavabdeh «Azəriqaz» İB-nin əməkdaşları iddiaçıya məxsus qeyd edilən evə gələrək, sözügedən mənzilə quraşdırılmış qaz sayğacını yenisi ilə əvəz etmiş, həmin ünvandan çıxarılan sayğacı dövlət yoxlamasına göndərmiş, sayğacda aşkar edilmiş nasazlıqla bağlı iddiaçıya borc hesablamışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na (bundan sonra – Qaydalar) müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq Ramil Möhübbət oğlu istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan «Azəriqaz» İB daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərərin əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Belə ki, istehlakçı qaz sayğacının zədələnməsinə görə o vaxt məsuliyyət daşıyır ki, qaz paylayıcısı bu zədənin istehlakçının təqsiri üzündən baş verdiyini sübut etsin. Lakin cavabdeh sayğaca iddiaçı tərəfindən kənar müdaxilə edildiyini və bu səbəbdən cavabdehə zərər vurulduğunu əsas gətirsə də, məhkəməyə bunu təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Yaranmış vəziyyətdə fiziki şəxs olan iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına iddiaçı tərəfindən qanunsuz müdaxilə edildiyini və bunun nəticəsində sayğacın yararsız vəziyyətə düşdüyünü sübut etmək yükü cavabdehin üzərində olmuşdur. Lakin cavabdeh iddiaçıya məxsus evə dair qazdan istifadəyə görə ona hesablanmış borcla bağlı mövqeyini əsaslandıra və məhkəməyə bununla bağlı mötəbər sübutlar təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəzri MK ərazisi ev 94 ünvanında quraşdırılmış təbii qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə heç bir məsuliyyət daşımağından onun barəsində tərtib edilmiş ******* saylı akt əsasında əsassız olaraq hesablanmış 1036.80 manat məbləğində borc və 185.73 manat məbləğində sayğacın dəyəri olan borc silinməlidir. Məhkəmə onu da qeyd edir ki, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktın ləğvi üçün əsas yoxdur. Belə ki, həmin aktda sayğacın hesablama mexanizminin qoruyucu örtüyününü üzərinə vurulan metrologiya plomb yuvalarının ətrafının zədəli olması, qayka plombu üçün nəzərdə tutulmuş qulaqcığın qırıq olması, və xx.xx.2018-ci il traixdən Alarm -1 rejimi aşkar olduğundan, sayğacın istismara yararsız olduğu faktı öz əksini tapmışdır. Bu faktın istisna edilməsinə dair işdə heç bir sübut yoxdur. Lakin yuxarıda qeyd edildiyi kimi, bu fakt istehlakçının günahı kimi qiymətləndirilib onun məsuliyyətinə səbəb ola bilməz. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəzri MK ərazisi ev 94 ünvanına (abonent kodu: **********00940) hesablanmış 1036,80 (bir min otuz altı manat səksən qəpik) manat məbləğində borc və 185,73 (bir yüz səksən beş manat yetmiş üç qəpik) manat məbləğində sayğacın dəyəri olan borc silinsin. İddia tələbi “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktın ləğv edilməsi hissəsində təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar