Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2092/2023 12.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı, Cavabdeh "xxxx" İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" İstehsalat Birliyinə qarşı “akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı cavabdeh "xxxx" İstehsalat Birliyinə qarşı “akta əsasən hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 36 ünvanında yerləşən 2 saylı mənzil AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* saylı çıxarışına əsasən onun xüsusi mülkiyyətindədir. xx.xx.2019-cu ildə yaşadıqları binada olan bütün mexaniki tipli sayğacların smart tipli sayğaclarla əvəzləşdirilməsi həyata keçirilmiş, həmin vaxtdan da bu günlərə qədər smart sayğacdan normal qaydada istifadə etmişlər. Son vaxtlarda o ödəniş edəndə ödədiyi vəsaitdən əlavə pul tutulmalarını hiss etmiş və qaynat xətt ilə əlaqə saxlamışdır. Yalnız bundan sonra ona məlum olmuşdur ki, güya ki, onun tərəfindən sayğaca müdaxilə olunduğu üçün cərimə yazılmışdır. O bundan sonra cavabdeh təşkilata müraciət edərək həmin cərimənin yazılmasına əsas olmuş sənədlərin surətini istəmiş və ona verilmiş aktın surətini aldıqda isə məlum olmuşdur ki, həmin aktda saxtakarlığa yol verilməklə onun yerinə imza atılmışdır. Halbuki, o belə bir akt tərtib olunan vaxt orada olmamışdır. xx.xx.2019-cu ildə ******* saylı akt onun iştirakı olmadan tərtib olunaraq orada sayğacın hesablanma mexanizminin qapağına vurulan plombun əzilməsinin aşkar edildiyi göstərilmişdir. Həmin akta əsasən 4644 kub metr həcmdə sərfiyyat hesablanaraq 464.40 manat cərimə borcu hesablanmışdır. Həmin cərimə də 3 ildən sonra, yəni 2022-ci ilin iyun ayında onun adına olan abonent saldosuna daxil edilmişdir. Sayğac yaşadığı binanın blokunda yerləşir və əgər həmin sayğaca hər hansı bir müdaxilə olmuşsa, buna görə o cavabdehlik daşımamalıdır. Belə ki, həmin binaya hər gün onlarla insan gəlib-gedir. Kiminsə təqsiri üzündən də bu halın baş verməsi qaçılmazdır. Hər gün həmin sayğacın yanında dayanıb onu qorumaq onun vəzifəsi deyildir. Əgər sayğac evin daxilində olsaydı, onda o bu cavabdehliyə cəlb edilə bilərdi. Ona görə də cavabdehin bu müdaxilənin onun tərəfindən edilməsi barədə gəldiyi qənaət tam əsassızdır. Eyni zamanda cavabdeh bu akt və cərimə ilə bağlı onu bir dəfə də olsun məlumatlandırmamışdır. Belə hesab edir ki, cavabdehin bu hərəkətləri tam qanunsuzdur. Ona görə də cavabdeh tərəfindən tərtib edilmiş akt əsasında hesablanmış 464.40 manat məbləğində cərimə silinməlidir. Qeyd edilənlərə əsasən məhkəmədən, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 36-da yerləşən 2 saylı mənzilə (abonent kodu **********00020) cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2019cu il tarixli ******* nömrəli akt əsasında 4644 kub metr həcmdə sərfiyyata görə hesablanan 464.40 manat cərimə borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdiyini bildirərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, borcun silinməsini xahiş edir. Birinci mərtəbədə yaşayır və sayğac birinci mərtəbədə yerləşir. Apardıqları barədə məlumatları olmamışdır. Hər zaman vaxtlı-vaxtında ödənişlər etmişdir. Akta da imza etməmişdir. Nəzarətçi hər ay gəlir və nəzarət edir. Əgər plomb əzilmişdirsə, nəzarətçi bunu görüb-bilməli idi. Ən azından məlumat verməli idi. Bir ay müddətində 460 manatlıq sərfiyyata görə qazı işlətmək mümkün deyildir. Evdə bir yoldaşı bir də özü yaşayır. Özü isə tezdən evi tərk edir və axşam gəlir. Orada o qədər sərfiyyat olmur. Daha sonra smart kart tipli sayğac qoyulmuşdur. Əgər müşahidə olunsa görülər ki, orada da yazılan qədər sərfiyyat olmur. Bütün qeyd olunanlara əsasən borcun silinməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh "xxxx" İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. İddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ******* nömrəli çıxarışın surətindən görünür ki, hüququ rəsmiləşdirilən şəxs İddiaçı olmaqla, mənzil növündə daşınmaz əmlak ünvan 1 ünvanında yerləşir. Xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına tam payda olmaqla ********** nömrə ilə, xx.xx.2018-ci il tarixdə rəsmiləşdirilmişdir. Daşınmaz əmlakın dövlət reyestrində 81 nömrəli reyestr kitabının 55 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Abonentin saldosundan görünür ki, abonent (abonent kodu **********00020) İddiaçı məxsus ünvan 2 ünvanında xx.xx.2019-cu il tarixdə Smart G-4 İTRON GALLUS PAY tipli, **********2 nömrəli sayğac quraşdırılmışdır. 06 noyabr 2019-cu il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, İddiaçı ünvanına ******* saylı, 06 noyabr 2019-cu il tarixli akta əsasən itirilmiş qazın bərpası üçün 4644 kubmetr qaz itkisi hesablanmışdır. “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı, 06 noyabr 2019-cu il tarixli aktın surətindən görünür ki, hesablama mexanizminin qapağına vurulan plombun əzilməsi, dəymiş ziyanın hesablanması qeyd olunmuşdur. Qaz sayğacının yoxlanılması barədə Metrologiya Departamentinin verdiyi 30 oktyabr 2019-cu il tarixli, 29/1710-01654-3 saylı aktın surətindən görünür ki, sayğacın hesablama mexanizminin qapağına vurulan plombun əzilməsi kimi hal qeyd olunmuşdur. Məhkəmə iclasında iş materialları ilə müəyyən edilmişdir ki, sayğaca baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qapağına vurulan plombun əzilməsi hal qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın: 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Məhkəmə hesab edir ki, fiziki şəxs olan istehlakçının qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, sayğaca iddiaçı tərəfindən müdaxilə halı müəyyən edilmədiyindən, sayğac iddiaçının yaşadığı mənzildən kənarda yerləşdiyindən itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış 464.40 manat borcun silinməsi barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, "xxxx" İstehsalat Birliyi tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında 06 noyabr 2019-cu il tarixli, ******* №-li akta əsasən hesablanmış 464.40 manat borc abonentin hesabından (abonent kodu **********00020) silinməlidir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 1000 manatadək olduqda, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı məxsus mənzildə cavabdeh "xxxx" İstehsalat Birliyi tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında 06 noyabr 2019-cu il tarixli, ******* №-li akta əsasən hesablanmış 464.40 manat borc abonentin hesabından (abonent kodu **********00020) silinsin. Cavabdeh "xxxx" İstehsalat Birliyindən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-2092/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2092/2023
12.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver