Məhkəmə qərarları › İş №2(060)-2097/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2097/2022

16.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2097/2022 16.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh İB-yə qarşı «aktın ləğv olunması və əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh İB-yə qarşı “aktın ləğv olunması və əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanında qazdan istifadə qaydalarının pozulması ilə əlaqədar tərtib olunmuş 30.11.2020-ci il tarixli Aktın ləğv olunması və həmin akta əsasən hesablanmış 215,40 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yaşayır (Abonent kodu: **********00030). “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında 04.08.2020-ci il tarixli ******* saylı Akt-a əsasən yaşadığı ünvan üzrə “Zenner’ tipli, G-4 markalı, **********1 nömrəli sayğac qaz paylayıcı müəssisənin əməkdaşları tərəfindən quraşdırılmış və həmin aktda “qaz xəttində, sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanılıb və heç bir qüsurun aşkar edilməməsi” qeyd edilmişdir. Bir neçə gün əvvəl qaz paylayıcı müəssisənin nəzarətçisi yaşadığı ünvana gələrək qaz sayğacından istifadəyə dair qaydaların tərəfindən pozulmasını və barəsində tərtib edilmiş 215,40 manat cərimə borcunun ödənilməsini tələb etmişdir. Daha sonra müəyyən etmişdir ki, tam əsassız olaraq 30.11.2020-ci il tarixli ******* saylı Akt tərtib olunmuş və akta əsasən həmin sayğacın qapağında olan plombunun əzilməsi əsas gətirilməklə dəymiş ziyanın hesablanması qeyd olunmuşdur. Halbuki tərəfindən sayğaca heç vaxt müdaxilə edilməmiş və qaz pulu üzrə olan ödənişləri vaxtında həyata keçirmişdir. Qaz sayğacı yaşayış binasının blokunda quraşdırılmışdır, onu yad müdaxilədən qoruya bilməz. Hesab edir ki, sayğacın plombu qaz sayğacının əməkdaşları tərəfindən zədələnmiş və sonradan əsassız bir akt tərtib etməklə ona borc yazılmışdır. Qeyd edilmiş borcun silinməsi ilə bağlı Cavabdeh İB-nin Sumqayıt QİS-ə müraciət etsə də həmin borc silinməmiş və ona təqdim edilmiş 08.02.2022-ci il tarixli məktubda ödənişin qısa müddət ərzində təmin edilməsi tələb olunmuşdur. Ona təqdim edilmiş “Abonentin saldosu” adlı elektron cədvəldə qeyd edilmişdir ki, ayın sonuna borc məbləği 215,40 manat təşkil edir. Cavadeh tərəfindən əsassız olaraq hesablanmış bu məbləğə qəti etirazını bildirir. Hesab edir ki, cavadeh tərəfindən xüsusi mülkiyyətində olan ünvan 1 ünvanı üzrə quraşdırılmış sayğaca dair “qazdan istifadə qaydalarının pozulması haqqında” 30.11.2020-ci il tarixli ******* saylı akt ləğv olunmalı, həmin akta əsasən hesablanmış borc silinməlidr. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi təqdim edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının təxirə salınması ilə bağlı vəsatətlə məhkəməyə müaciət etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək, mülki işə mahiyyəti üzrə baxılmasını xahiş etdi. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddia tələbi əsassızdır, Cavabdeh İB-nin əməkdaşları tərəfindən sayğaca baxış keçirilərkən, müdaxilə olunduğu müəyyən olunmuşdur. Odur ki, sayğac dəyişdirilmişdir və bu halda sayğacın və itirilmiş qazın dəyəri abonent tərəfindən ödənilməlidir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki iş materiallarında olan: Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş 30 noyabr 2012-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan görünür ki, ünvan 1 ünvanına aid qaz sayğacına baxış zamanı sayğacın hesablama mexanizminin qapağına vurulan plombun əzildiyi aşkar olunmuşdur. Cavabdeh İB Sumqayıt QİS-nin “Sayğacın Dövlət yoxlamasının bildirişi haqqında” 07.02.2022-ci il tarixli məktubdan görünür ki, ünvan 1 ünvanında olan G-4 markalı 00423325 nömrəli məişət qaz sayğacı Dövlət yoxlamasına göndərilmiş və Metrologiya Departamentinin verdiyi rəyə əsasən ünvandan çıxarılmış sayğacın hesablama mexanizminin qapağına vurulan plomb əzildiyindən sayğac istismara yararsız kimi qiymətləndirilmiş, sayğacın dəyəri olaraq 64,67 manat borc hesablanmışdır. 07.02.2022-ci il tarixli Abonentin saldosundan görünür ki, abonent kodu **********00030 olan abonentə akta görə 2020-ci ildə 216 manat borc hesablanmışdır. Qaz Təhcizatı haqqında Qanunun 13-cü maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. "Qazdan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarının 4.2 bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.7 bəndə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtükləörtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8 bəndə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isəözləri daşıyırlar. 4.9 bəndə görə zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. 6.7 bəndə görə qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarım bəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsində göstərilir ki, satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbi ilə müqayisəli miqdarı), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın dəyişdirilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. Məhkəmə qeyd edir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı, istehlakçı tərəfindən qazın dəyəri tam ödənilməlidir. İstehlakçı fiziki şəxs olarsa, onun qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı dayışır. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə hesab edir ki, qazdan istifadə üçün quraşdırılmış sayğac mənzilin daxilində deyil, kənarda quraşdırılmışdır. Mənzildən kənarda quraşdırılmış sayğaca görə məsuliyyəti iddiaçı deyil, qaz paylayıcı olan cavabdeh daşıdığından, həmin sayğaca müdaxilə edilməsinə görə iddiaçı barəsində mülki hüquq məsuliyyətinin yaranmasına görə akt tərtib edilməsi əsaslı hesab edilə bilməz. Belə olan halda qaz sayğacının yararsız vəziyyətə düşməsi nəticəsində qaz sərfiyyatında görə iddia edilən məbləğ abonentdən tələb edilə bilməz. Məhkəmə, həmçinin hesab edir ki, aktın ləğv edilməsi üçün əsas yoxdur, çünki, həmin akt sayğacda qüsur olmasını özündə əks etdirir. Həmin qüsurun müəyyən edilməsi isə bu qüsurun (müdaxilənin) abonentin tərəfindən müdaxilə ilə bağlı yaranması nəticəsinə gəlməyə və ona qeyd edilən məbləğdə borcun hesablanmasına əsas vermir. Qeyd edildiyi kimi qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara hüquq normalarının göstərişlərinə uyğun olaraq məcmu halda qiymət verərək bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, ünvan 1 ünvanına akta görə hesablanmış 215,4 manat borc ləğv olunmalı, abonent hesabından silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Cavabdeh İB-dən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. ünvan 1 ünvanına akta görə hesablanmış 215,4 manat borc ləğv olunsun, **********00030 saylı abonent hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh İB-dən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar