Məhkəmə qərarları › İş №2(060)-2103/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2103/2023

28.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2103/2023 28.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh «Azəriqaz» İB-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə 28 aprel 2023-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh «Azəriqaz» İB-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ona məxsus abonent hesabına (**********00140) işlənmiş 464 manat 40 qəpik (dörd yüz altmış dörd manat qırx qəpik) məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. Qeyd olunan yaşayış sahəsində əvvəlki illər üzrə istehlak olunan qazın haqqı mütəmadi olaraq tərəfindən vaxtlı-vaxtında ödənilmiş, bu istehlakla bağlı hər hansı yığılmış borcu olmamışdır. 11 mart 2019-cu ildə “Azəriqaz” İB-nin Sumqayıt Qaz İstismar Sahəsinin əməkdaşları tərəfindən fərdi evə xidmət edən mexaniki tipli təbii qaz sayğacı çıxarılaraq əvəzinə yeni smartkart tipli qaz sayğacı quraşdırmışdır. Bu barədə “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 11 mart 2019-cu il tarixli, ******* saylı Akt tərtib edilmişdir. Fərdi evdən çıxarılmış qaz sayğacına İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənayə və Məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasında yoxlama keçirilmiş və 28 may 2019-cu il tarixli, MSK-29/1710-00923-2 saylı Akta əsasən müəyyən edilmişdir ki, “ekranın plastmas qapağa bərkidilən dörd qulaqcıqdan ikisi qırılıb” sayğac istismara yararsızdır. Daha sonra “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı 28 iyun 2019-cu il tarixli Akta əsasən ona 464 manat 40 qəpik (4644 m3) məbləğində borc hesablanmışdır. Bildirir ki, sözügedən qaz sayğacına tərəfindən heç bir müdaxilə edilməmişdir. Bundan əlavə, sayğac mənzilin daxilində deyil, blokda quraşdırılmışdır və buna görə də həmin qaz sayğacına edilən hər hansı müdaxiləyə görə cavabdehlik daşımır, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, sayğaca müdaxilədə iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, iddiaçının abunə koduna hesablanmış 464 manat 40 qəpik zərərə görə borc silinməlidir. Belə olan halda, həmin yoxlamanın (baxışın) nəticələri, yəni iddiaçının abonent hesabına işlənmiş 464 manat 40 qəpik (4644 m3) məbləğində borc qanunvericiliyin tələbləri baxımından etibarsızdır. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o, sayğaca müdaxilə etməyib. Sayğaca müdaxilə edilməsi məsələsi ona çox ağır gəlir. Ayda yüksək məbləğdə pensiya və əmək haqqı alır. Göründüyü kimi onun sayğaca müdaxilə etməsi üçün heç bir ehtiyacı yoxdur. Onu da bildirir ki, sayğac çöldədir və açıq yerdə yerləşir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq (məhkəmə bildirişinə imza etməklə) iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan abonentin saldosundan görünür ki, ünvan 1 ünvanında İddiaçı sayğaca əsasən təbii qazdan istifadəyə görə 464.40 manat borc hesablanmışdır. İşdə olan Azərbaycan Respublikası, Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş MSK-29/1710-00923 nömrəli qaz sayğacının yoxlanılması barədə aktla “Azəriqaz” İB-nin SOCAR**********30991710x00923 saylı, xx.xx.2019-cu il tarixli məktubuna əsasən xx.xx.2019-cu il tarixində Sumqayıt QİS-dən Dövlət Yoxlamasına gətirilmiş və iddiaçıya məxsus qaz sayğacı Dövlət yoxlaması nəticəsində yararsız hesab edilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli, ******* nömrəli Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda ünvan 1 ünvanında İddiaçı adına açılmış məişət qaz sayğacının ekranının plastmas qapağına bərkidilən dörd qulaqcıqdan ikisinin qırıldığı göstərilmişdir. İşdə olan dəymiş ziyanın bərpasına dair xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, ünvan 1 ünvanında qaz işlədicilərinin günlük iş rejimi nəzərə alınmaqla itirilmiş qazın həcmi 4644 m3 müəyyən edilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli, ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, ünvan 1 ünvanında İddiaçı adına açılmış G-2.5 markalı, ******* nömrəli sayğac Smart tipli, G-4 markalı, STS**********1 nömrəli sayğacla əvəzlənmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na (bundan sonra – Qaydalar) müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq abonent istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan «Azəriqaz» İB daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərərin əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Belə ki, istehlakçı qaz sayğacının zədələnməsinə görə o vaxt məsuliyyət daşıyır ki, qaz paylayıcısı bu zədənin istehlakçının təqsiri üzündən baş verdiyini sübut etsin. Lakin cavabdeh sayğaca iddiaçı tərəfindən kənar müdaxilə edildiyini və bu səbəbdən cavabdehə zərər vurulduğunu əsas gətirsə də, məhkəməyə bunu təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Yaranmış vəziyyətdə fiziki şəxs olan iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına iddiaçı tərəfindən qanunsuz müdaxilə edildiyini və bunun nəticəsində sayğacın yararsız vəziyyətə düşdüyünü sübut etmək yükü cavabdehin üzərində olmuşdur. Lakin cavabdehin nümayəndəsi bununla bağlı mötəbər sübutlar təqdim etməmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 1 ünvanına əsassız olaraq hesablanmış 464.40 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. ünvan 1 ünvanına (abonent kodu: **********00140) hesablanmış 464,40 (dörd yüz altmış dörd manat qırx qəpik) manat məbləğində borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar