Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2113/2021 24.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Aynur Mirzalı qızı Behbudovanin sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı akta əsasən hesablanmış borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı akta əsasən hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 18-ci mikrorayon ünvanında yerləşən 25b saylı evin, 5-ci mənzili mülkiyyət hüququ ilə ona məxsusdur. Mənzilinə xidmət edən qaz sayğacı naməlum şəxs (şəxslər) tərəfindən oğurlanmışdır. O bu barədə Qaynar İdarəsinə müraciət etmiş, bundan sonra Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə müraciət etmişdir. Bunu Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin xx.xx.2020-ci il tarixli, 124-19441-1220 saylı arayışı təsdiq edir. Cavabdeh tərəfindən “Oğurlanmış sayğac barədə” xx xxxxxx 2020-ci ildə Akt tərtib olunmuş və aktda qeyd edilmişdir ki, istehlakçının ünvanında oğurlanmış (və ya itmiş) qaz sayğacının 3 ay müddətində hüquq mühafizə orqanları tərəfindən aparılmış tədqiqatın nəticəsi tapılması mümkün olmadığı halda sayğacın təchizatçı tərəfindən ödənişsiz quraşdırılması barədə müvafiq məhkəmə qərarı təqdim edilməlidir. Əks halda yeni quraşdırılmış sayğacın dəyərinin 67,02 manat ödənişi istehlakçı tərəfindən təmin olunmalıdır. Sayğacın dəyəri istehlakçı tərəfindən ödənilmədikdə qaz təchizatı xəbərdarlıq edilmədən dayandırılacaqdır” bildirilmişdir. Sayğac onun xəbəri olmadan oğurlanmışdır. Mənzilinə xidmət edən qaz sayğacının yoxa çıxmasına görə “Cavabdeh” İB-i sayğacın dəyəri olaraq ondan 67,02 manat pul tələb edir. Cavabdehə etdiyi müraciətdən sonra mənzili qaz sayğacı ilə təmin edilmişdir. Bu barədə xx xxxxxx 2020-ci il tarixli, ******* №-li “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul haqqında” Akt qəbul edilmişdir. Sözügedən akta əsasən ona sayğacın dəyəri olaraq 67,02 manat borc hesablanmışdır. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli Aktda göstərilmişdir ki, 3 ay ərzində sayğacın dəyəri ödənilməsə mənzilinə verilən qazın verilişi dayandıracaqdır. Bir daha bildirir ki, istehlakçı kimi qaz sayğacının oğurlanmasından məlumatsızdır və bu səbəbdən də ondan tələb olunan məbləği əsassız hesab edir. Bundan əlavə mənzilinə quraşdırılmalı olan qaz sayğacı istehsalçının vəsaiti hesabına quraşdırılmalıdır. Sayğac Ondan tələb edilən mənzilin blokunda yerləşir. Sayğaca edilən hər hansı bir müdaxilələrə görə və qaz sayğacının yoxa çıxmasında o günahkar deyil. Qeyd edilənlərə əsasən cavabdeh tərəfindən xx xxxxxx 2020-ci il tarixli, ******* №-li “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul haqqında” Akta əsasən sayğacın dəyərinə görə hesablanmış 67,02 manat borcun silinməsi barədə qətanmə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin nümayəndəsi qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarında olan «Cavabdeh» İB-nin qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2020-ci il tarixli ******* nömrəli aktının surətindən görünür ki, iddiaçının mənzilində xx.xx.2020-ci il tarixdə yeni sayğac quraşdırılmışdır. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı ərizə ilə Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə müraciət edərək bildirmişdir ki, yaşadığı evə quraşdırılmış qaz sayğacı naməlum şəxs tərəfindən oğurlanmışdır. Faktla bağlı halhazırda Sumayıt şəhər Pİ-nin 1-ci PB-də araşdırma aparılır. İş materiallarinda olan oğurlanmış sayğac barədə xx.xx.2020-ci il tarixli aktdan görünür ki, təchizatçı tərəfindən yeni qaz sayğacı quraşdırıldıqdan sonra istehlakçının ünvanında oğurlanmış (və ya itmiş) qaz sayğacının 3 ay müddətində hüquq mühafizə orqanları tərəfindən aparılmış tədqiqatın nəticəsi tapılması mümkün olmadığı halda sayğacın təchizatçı tərəfindən ödənişsiz quraşdırılması barədə müvafiq məhkəmə qərarı təqdim edilməlidir. Əks halda yeni quraşdırılmış sayğacın dəyərinin 67,02 manat ödənişi istehlakçı tərəfindən təmin olunmalıdır. Sayğacın dəyəri istehlakçı tərəfindən ödənilmədikdə qaz təchizatı xəbərdarlıq edilmədən dayandırılacaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh təşkilat daşıdığından, sayğacın oğurlanmasında iddiaçının təqsiri müəyyən edilmədiyindən, sayğac iddiaçının yaşadığı mənzildən kənarda, blokda yerləşdiyindən, sayğacın təmir olunması, dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh təşkilat tərəfindən həyata keçirilməli olduğundan, cavabdeh təşkilat tərəfindən sayğacın dəyəri tələb oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və.s orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh «Cavabdeh» İstehsalat Birliyi tərəfindən xx xxxxxx 2020-ci il tarixli, ******* №-li “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul haqqında” Akta əsasən İddiaçı sayğacın dəyərinə görə hesablanmış 67,02 manat borc silinməlidir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 500 manatadan az olduqda, cavabdehdən dövlət mədaxilinə 20 manat məbləğində dövlət rüsumu alınmalıdır. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh «Cavabdeh» İstehsalat Birliyi tərəfindən xx xxxxxx 2020-ci il tarixli, ******* №-li “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul haqqında” Akta əsasən İddiaçı sayğacın dəyərinə görə hesablanmış 67,02 (altmış yeddi manat iki qəpik) manat məbləğində borc silinsin. Cavabdeh «Cavabdeh» İstehsalat Birliyindən 20 (iyirmi) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-2113/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2113/2021
24.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver