Məhkəmə qərarları › İş №2(060)-2131/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2131/2022

20.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2131/2022 20.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X5 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, Cavabdeh ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanda yaşayır və həmin ünvanda qeydiyyatdadır. Onunla birlikdə bu ünvanda yaşamış və qeydiyyatda olan X3 2018-ci ildə məhkəmə qərarına əsasən həbs edilmişdir. Oğlunun cəzasının sonu xx.xx.2023-cü ildə başa çatır. O, bu barədə cavabdeh təşkilata bildirmiş, rəsmi arayış da təqdim etmişdir. Lakin buna baxmayaraq cavabdeh təşkilat tərəfindən adam sayı hesabı aparılmaqla əlavə borc hesablanmış və nəticədə hazırda sudan istifadə ilə bağlı 412 manat məbləğində əsassız borc yaranmışdır, həmin borcun bir hissəsinin vaxtı keçmiş borc olduğu bildirilmişdir. Belə hesab edir ki, cavabdeh təşkilat tərəfindən həmin borc düzgün hesablanmamış və bu da onun əlavə ödənişlərə cəlb olunmağına xidmət etmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən Cavabdeh ASC tərəfindən onun adına olan **********290 saylı abunə kodu üzrə ünvan 1 ünvanına hesablanmış 412,48 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılaraq iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh ASC-nin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək İddiaçı əsassız olaraq hesablanmış 412.48 manat məbləğində borcun silinməsi tələbinə dair iddiasının rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli abonent kartından görünür ki, İddiaçı Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Q.Qarayev küç., yataqxana 5a ünvanında yerləşən 29 saylı otağda sudan istifadəyə görə 2 nəfər ailə tərkibi nəzərə alınmaqla, 412.48 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan arayışda görünür ki, X6 xx.xx.2017-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 06 il 05 ay müddətinə azadlıdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzanın əvvəli xx.xx.2016-cı il, sonu isə xx.xx.2023-cü ildir. X1 Ədliyyə Nazirliyi Penitensiar xidmətin 15 saylı cəzaçəkmə müəssisəsində xx.xx.2018ci il tarixdən cəza çəkir. İş materiallarında olan 01 saylı MKS tərəfindən verilən xx.xx.2021-ci il tarixli, 3683 №-li ailə tərkibi haqqında arayışdan görünür ki, İddiaçı ünvan 2 ünvanında yaşayır. X3 xx.xx.2018-ci il tarixdən etibarən həmin ünvanda yaşamır. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini su ölçən cihazlar vasitəsi il əvə ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirilir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir. (göndərməlidir.) İstehlakçı tərəfindən suyun hesabı tam ödənilmədikdən sonra, su həchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin qanunun 59.1-ci maddəsinə əsasən müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş şərtlərlə və qaydada su təchizatı və kanalizasiya müəssisələri su təchizatı və kanalizasiya müəssisəsinin xidmətlərindən istifadə edən hər hansı istehlakçıdan bu qanuna müvafiq olaraq müəyyənləşdirilmiş ödəmələri götürmək və onların ödənilməsini tələb etmək hüququna malikdir. Həmin qanunun 59.3-cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. Həmin qanunun 61-ci maddəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Həmin qanunun 62-ci maddəsinə əsasən, istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəməlidir və istehlakçı tərəfindən bu vəzifələri yerinə yetirilməməsi su təchizatı və kanalizasiya müəssisəsi qanunverçiliklə nəzərdə tutulmuş müvafiq tədbirləri görmək hüququnu yaradır. «Sudan istifadə qaydalarının» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014cü il 17 iyul tarixli 262 nömrəli qərarının 4.1.3 bəndinə əsasən,verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini istehlakçı təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Q.Qarayev küç., yataqxana 5a ünvanında yerləşən 29 saylı otağda sudan istifadəyə görə 2016-ci ildən 2022-ci il tarixə kimi 2 nəfər ailə tərkibi nəzərə alınmaqla, 412.48 manat məbləğində borc hesablanmışdır. Lakin iddaçının oğlu 2016-cı il tarixdən etibarən cəza çəkdiyi üçün əslində həmin ünvanda yalnız İddiaçı yaşamışdır. Cavabdeh ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak edərək iddia tələbinə etiraz etmiş, lakin etirazının əsası təşkil etdiyi halları məhkəmə araşdırması gedişatında təsdiq edə bilməmişdir. Məhkəmə hesab edir ki, 2016-cı il tarixdən hesablanmış borc hazırki vaxtadək tələb olunmamış, iş materiallarına əsasən təsdiq olunmasına baxmayaraq iki nəfər şəxsin su sərfiyatından istifadə etməsi kimi hesabat aparılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir (551.2.1). Həmin Məcəllənin 551-ci maddəsinin tələbinə görə tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Məcələnin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata kecirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. Həmin Məcələnin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata kecirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcələnin öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsində istinad etdiyi hallar məhkəmə iclasında öz təsdiqini tapması nəzərə alınaraq, iddia tələbi qismən təmin edilməli, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Q.Qarayev küç., yataqxana 5a ünvanında yerləşən 29 saylı otağda sudan istifadəyə görə 2016-cı ildən hesablanmış 412.48 manat məbləğində borcdan həmin ünvanda bir nəfərin yaşaması səbəbindən 206.24 manatı silinməli, iddia tələbi qalan hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14-cü maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh ASC tərəfindən Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Q.Qarayev küç., yataqxana 5a ünvanında yerləşən 29 saylı saylı otağa 2016-cı il tarixdən hesablanmış 206.24 (iki yüz altı manat iyirmi dörd qəpik) manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar