Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2133/2021 09.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra – iddiaçı) “Cavabdeh” İB-yə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən sayğacın dəyərinə görə hesablanmış 67 manat borcun və abonent saldosunda qeyd edilmiş 135 manat cərimənin silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 2-ci mikrorayon ünvanında yerləşən 7/11 saylı evin 7-ci mənzili mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Həmin mənzili 2020-ci il avqust ayında alqı-satqı yolu ilə almışdır. Mənzil alınarkən həmin mənzilin qaz sərfiyyatına görə borcunun olmaması barədə Sumqayıt İstismar İdarəsinə arayış təqdim olunmuşdur. “Cavabdeh” İB-nin Sumqayıt Qaz İstismar Sahəsinin əməkdaşları tərəfindən mənzilə quraşdırılmış istehlaka yararsız olan smartkart tipli qaz sayğacı yeni smartkart tipli qaz sayğacı ilə əvəz edilmişdir. Bu barədə “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2020-ci il tarixli, ******* nömrəli akt tərtib olunmuşdur. Həmin akta əsasən iddiaçıya sayğacı dəyəri olaraq 67 manat borc hesablanmışdır. Fərdi evdən çıxarılmış smartkart tipli qaz sayğacı İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və X1 Kalibirləşmə Laboratoriyasında yoxlanmış və tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MSK-29/1710-04091-1 №-li akta görə sayğacın hesablama mexanizminin plastmas qapağının üzərində olan iki zavod qurğuşun plombdan biri kəsildiyindən sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. Həmin akta əsasən iddiaçıya 135 manat cərimə hesablanmışdır. İddiaçı həmin aktla razılaşmır. İstehlakçı tərəfindən iddiaçı qaz sayğacına heç bir müdaxilə etməmişdir. Tələb olunan məbləğ əsassızdır. Cavabdeh tərəfindən quraşdırılmış smartkart tipli qaz sayğacı istehsalçının vəsaiti hesabına quraşdırılmalıdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mülmkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1982-ci ildə anadan olmuş, hazırda Abşeron rayonu, Saray qəsəbə Ərazi dairəsi, Saray qəsəbəsi ünvanında qeydiyyatdadır. 5 saylı Mənzil Kommunal Sahəsinin xx.xx.2021-ci il tarixli, 83 saylı arayışına əsasən iddiaçı Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 7/11, mənzil 7 ünvanında yaşayır. Cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında xx.xx.2020-ci il tarixli, ******* saylı akta əsasən iddiaçıya məxsus mənzilin qaz sayğacı yeni qaz sayğacı ilə əvəz edilmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli, ******* saylı aktda göstərilmişdir ki, sayğacın hesablama mexanizminin plastmas qapağının üzərində olan iki zavod qurğuşun plombdan biri kəsilmişdir. Həmin akta əsasən dəymiş zərərin hesablanması qeyd edilmişdir. İddiaçıya aid ünvanın **********00070 saylı abonent saldosunda iddiaçıya akt əsasında 135 manat borc hesablandığı göstərilmişdir. Cavabdehin iddiaçıya ünvanlanmış məktubunda bildirilmişdir ki, iddiaçının ünvanında olan qaz sayğacı istismara yararsız kimi qiymətləndirilmişdir. Həmin ünvana müvəqqəti quraşdırılmış sayğacın dəyəri olan 67,02 manat ödənilməzsə hüquq mühafizə orqanlarına müraciət ediləcəkdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na əsasən qaz sayğaclarının üzərində AİBNDAnın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır (4.6.). Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır (4.7.). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8.). Normaların məzmunundan göründüyü kimi fiziki şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Hazırkı halda cavabdeh sayğaca iddiaçı tərəfindən müdaxilə edildiyini, bununla bağlı cavabdehə iddiaçı tərəfindən təbii qazdan qanunsuz istifadə nəticəsində ziyan vurulduğunu və bunda iddiaçının təqsirli olduğunu sübut edə bilmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür (77.2.). Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya borcun hesablanması üçün əsas olmuş halları sübut edə bilməmişdir. İddiaçı iddia ərizəsində ona akt əsasında hesablanmış 135 manat cərimənin və sayğacın dəyərinə görə ondan tələb edilən 67 manat borcun silinməsini xahiş etmişdir. Abonent saldosundan görünür ki, akt əsasında iddiaçıya 135 manat borc hesablanmışdır. Bu səbəbdən iddia təmin edilməli, iddiaçıya akt əsasında və yeni qaz sayğacının dəyəri kimi hesablanmış borclar silinməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən İddiaçı məxsus Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 7/11, mənzil 7 ünvanına hesablanmış 135 (yüz otuz beş) manat cərimə borcu və 67 (altmış yeddi) manat məbləğində qaz sayğacının dəyərinə görə hesablanmış borc silinsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-2133/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2133/2021
09.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver