Məhkəmə qərarları › İş №2(060)-2144/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2144/2023

03.07.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2144/2023 03.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, Ərizəçi2 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etməklə "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi"nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etməklə "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi"nə dair ərizə ilə məhkəməyə müraciət etmişlər.

2. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçilər xx.xx.2006-cı il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahdan xx.xx.2007-ci il təvəllüdlü X6 adlı övladları olmuşdur. Övladları anadangəlmə X11i xəstəliyindən əziyyət çəkir. Həmçinin, övladları uzun müddətdir ki, “fiziki inkişafdan qalma, X11i” diaqnozu ilə Sumqayıt Psixiatriya Xəstəxanasında qeydiyyatdadır. Dəfələrlə müayinələrdə olmuş, stasionar müalicələr də almışdır. Hər zaman başqasının köməyinə ehtiyacı vardır. Belə ki, o başını sərbəst saxlaya bilmir, oturmur, gəzmir. Özünü heç bir şəkildə idarə edə bilmir. Öz hərəkətlərini idarə edə və onların mənasını dərk etməyə qadir deyildir. Övladları anadan olandan nəzarətləri altındadır, 14 yaşı tamam olduğundan müəyyən əqdlərin bağlanmasında, pensiya və sosial müavinətlərin alınması ilə bağlı övladlarının imzası gərəkir. O isə bunu edə bilmir. Belə ki, onun xəstəliyi ilə əlaqədar olaraq ciddi davranış pozuntuları mövcuddur, onun sağlamlıq imkanları məhduddur. Onun fəaliyyət qabiliyyəti olmayan sayılmasının müəyyən etdirilməsinə zərurət vardır. Göstərilənlərə əsasən xx.xx.2007-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında Ərizəçi2 ərizəni müdafiə edərək ərizədə göstərilənləri təsdiq etmiş, ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. Əvvəlki məhkəmə iclasında iştirak etmiş ərizəçilər Ərizəçi1 ərizəni müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyənləşdirilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, digər ərizəçi və maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

6. Məhkəmə işə digər ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə ərizəçilərin izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

8. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər Nikah evi tərəfindən 20 oktyabr 2006-cı il tarixdə verilmiş AZ-İ № 281391 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 ilə Mürsəlova İlahə Atakişi qızı nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında elə həmin tarixdə 1563 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada İslamova soyadı verilmişdir.

9. İş materiallarında olan Sumqayıt şəhər Nikah evi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş AZ-İ № 945964 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 16 iyul 2007-ci ildə Sumqayıt şəhərində doğulmuş, atası Ərizəçi1, anası Ərizəçi2dır.

10. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sisteminin Tibbi-Sosial Ekspertiza və X5 Tibbi-Sosial Ekspertiza Müayinəsindən çıxarışdan görünür ki, X2 X11i, psixi inkişafdan qalma xəstəliyi mövcuddur.

11. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X10 xx.xx.2023-cü il tarixli, 1826 №-li rəyindən görünür ki, X2 X11 nəticəsində dərin əqli gerilik (idiotiya dərəcəsində oliqofreniya) (F73) xroniki psixi xəstəliyi qeyd olunur. Bunu anamnestik məlumatlar (doğuş zədəsi ilə doğulması, nitqinin inkişaf etməməsi, ağıl zəifliyi ilə əlaqədar təhsil ala bilməməsi, Azərbaycan Respublikası TƏBİB X3 X7 stasionar şöbəsində “Kdavdoplegik spastik serebral iflic” diaqnozu ilə müalicədə olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Psixiatriya Xəstəxanasında həkim-psixiatr komissiyasından keçməsi və ona “Çox ağır dərəcəli əqli gerilik, daima ciddi qulluq və müalicə tələb olunan davranış pozuntusu, nitq qüsuru ilə” diaqnozunun təyin edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin' stasionar reabilitasiya kartasından çıxarışına əsasən X8 “Kdavdoplegik spastik serebral iflic” diaqnozu ilə müalicədə olması, Tibbi- Sosial Ekspert müayinəsindən çıxarışına əsasən “X11i. Psixi fiziki inkişafdan qalma” diaqnozu ilə sağlamlıq imkanları məhdud uşaq hesab edilməsi,), hazırki müayinə zamanı aşkar olunan əlamətlər (nitqinin zəif inkişaf etməsi, nəzərə çarpan dərin ağıl zəifliyi əlamətlərinin biruzə verməsi və s.) sübut edir. Mülki işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: İ – xx.xx.2007-ci il təvəllüdlü X2 X11i nəticəsində dərin əqli gerilik, (idiotiya dərəcəsində oliqofreniya) müəyyən olunur. İİ - xx.xx.2007-ci il təvəllüdlü X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin faktiki xarakterini dərk etmək və onu idarə etmək iqtidarında deyil. İİİ- xx.xx.2007-ci il təvəllüdlü X4 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas vardır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

12. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, xx.xx.2007-ci il tarixində Sumqayıt şəhərində anadan olmuş X6 hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

13. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.

15. Məhkəmə qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadağını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

18. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

19. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

21. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

22. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 317-321, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etməklə "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi"nə dair ərizəsi təmin edilsin. xx.xx.2007-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırkı qətnamə X1 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçilərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar