Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2147/2023 25.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı "alimentin artırılması tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı "alimentin artırılması tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh 21 may 2018-ci il tarixdə Sumqayıt “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahdan 26 dekabr 2019-cu il təvəllüdlü X1maqla bir övladı doğulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-3927/2021 saylı qətnaməsi ilə nikah pozulmuş, X2 iddiaçının yanında qalması qət edilmişdir. Həmin qətnamə ilə X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 12 aprel 2021-ci ildən başlayaraq hər ay 175 manat sabit pul məbləğində aliment, uşağın üç yaşına çatanadək hər ay 50 manat aliment və uşağın müalicəsinə görə hər ay 50 manat əlavə xərcin Cavabdeh tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Göstərilənlərə əsasən xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 220 manat sabit pul məbləğində alimentin, uşağın xəstəliyi ilə əlaqədar hər ay xərclənən 400 manat pulun yarısı, yəni 200 manat, cəmi 420 manat məbləğində alimentin, mediasiya sessiyası üçün ödədiyi 50 manat məbləğində pulun yarısının, yəni 25 manat məbləğində pulun tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək bildirmişdir ki, tərəflərin birgə nikahında doğulmuş xx.xx.2019-cu il təvəllüdlü Teymurov Raul “serebral iflic” xəstəsidir. O, tam hərəkətsiz və yataqda olduğundan daim başqa şəxslərin qulluq və nəzarətinə ehtiyacı vardır. Uşağın müalicəsi üçün xeyli xərc tələb olunur. Dövlət xəstəxanalarında nə qədər müalicə olunsa da, hüquqlarını müdafiə etdiyi şəxs bir ana kimi oğlunun gələcəkdə sağalacağına ümidini üzməyərək onu ayda bir-iki dəfə Bakıya özəl tibb müəssisələrinə də aparmalı olur. Hal-hazırda uşağın müalicəsi üçün dərmanlara ehtiyac duyulur və həmin dərmanlar çox qiymətlidir. İddiaçı ali təhsilli müəllimədir. Uşağa qulluq etmək məcburiyyətində olduğundan işləyə bilmir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, o, 220 manat məbləğində aliment ödəməyə razıdır. Lakin bundan artıq vəsaiti ödəmək iqtidarında deyildir. Qeyd olunanlara əsasən iddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda, sonuncu iclasla bağlı məhkəməyə ərizə göndərərək, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3972/2021 saylı, 16 may 2021-ci il tarixli qətnaməsinə əsasən, iddia tələbi qismən təmin edilərək, iddiaçı Teymurova (Şixmətova) Anelya Eynulla qızı ilə Cavabdeh arasında Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 21 may 2018-ci il tarixdə bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 1239 № ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından olan xx.xx.2019-cu il təvəllüdlü X2 İddiaçı yanında qalması, Cavabdeh 12 aprel 2021-ci il tarixdən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment, uşağın 3 yaşına çatanadək hər ay 50 (əlli) manat məbləğində aliment və uşağa görə hər ay 50 (əlli) manat məbləğində əlavə xərcin tutulub İddiaçı verilməsi, alimentə dair hissədə qətnamənin dərhal icra edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı 50 manat məbləğində mediasiya xərci ödəmişdir.
9. İş materiallarında olan “X5 Sanayi ve Ticaret Anonim şirkəti” tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 00540 №li arayışdan görünür ki, Cavabdeh “X5 Sanayi ve Ticaret Anonim şirkəti”nin Azərbaycan Respublikasındakı filialında xx.xx.2022-ci il tarixdən hal-hazıradək “boru ustası” işləyir və aylıq əmək haqqı 650 manat təşkil edir.
10. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi arayışdan görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X3 “kvadroplegik spastik serebral iflic” xəstəliyi mövcuddur.
11. İş materiallarında olan tibbi sənədlərdən görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X4 mütəmadi olaraq həkim müayinələrindən keçir və müalicə olunur.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
12. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin birgə nikahlarından bir övladı anadan olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3972/2021 saylı, 16 may 2021-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahları pozulmuş və aliment təyin edilmişdir. Məhkəmənin sözügedən qətnaməsi ilə təyin edilmiş alimentin məbləği hazırda uşağın saxlanılması üçün kifayət etmədiyindən iddiaçı alimentin artırılması və uşağın xəstəliyi ilə əlaqədar hər ay 200 manat olmaqla, cəmi 420 manat sabit pul məbləğində alimentin tutulması ilə bağlı məhkəməyə müraciət etmişdir. Cavabdeh isə iddia tələbini qismən qəbul edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
14. Eyni Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquqi varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
15. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır.
16. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı).
17. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.
18. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
19. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.
20. Məhkəmə qeyd edir ki, daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması xeyrinə aliment tutulan şəxsin himayəsində onun əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəliklərdən əziyyət çəkən şəxsin olması halı alimentin sabit pul məbləğində müəyyən edilməsini istisna etmir.
21. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının himayəsində onun işləməsini istisna edən, serebral iflic xəstəliyindən əziyyət çəkən övladı vardır, cavabdehin gəlirləri dəyişkəndir və bu halın özü iddiaçının maraqlarına və uşağın saxlanılması üçün çətinliklər yaratdığından alimentin tutulması sabit pul məbləğində müəyyən edilməlidir.
22. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.
23. Eyni Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
24. Həmçinin, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.
25. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.
26. Belə olan halda məhkəmə qanunvericiliyin tələblərini, cavabdehin ərizəsini, uşağın mənafeyini, onun saxlanılması üçün və uşaqlar üçün yaşayış minimumun 220 manat olduğunu nəzərə alaraq hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli və alimentin məbləği dəyişdirilərək sabit pul məbləğində hesablanmaqla aylıq 220 manat məbləğində müəyyən edilməlidir.
27. Bundan əlavə, əlavə xərclərin ödənilməsi ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Ailə Məcəlləsinin 81.1 və 81.2-ci maddəsinin tələbinə görə alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur.
28. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.
29. “Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir.
30. Məhkəmə qeyd edir ki, övladın saxlanılması valideynin borcudur. Əgər valideynlər ayrı yaşayırlarsa və onların birgə nikahlarından olan övladları bir valideynin yanında yaşayırsa digər valideyn buna görə həmin uşağın saxlanılması üçün aliment ödəməlidir. Valideyn övladının saxlanılmasında aliment öhdəliyindən əlavə bir sıra hallarda övladının saxlanılması üçün əlavə xərclərə də cəlb edilə bilər. Bu hallardan biri də övladın xəstə olması və həmin xəstəliyin müalicəsi üçün zəruri vəsaitin ödənilməsinin valideyn tərəfindən qarşılanmasıdır.
31. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən normalarını, eyni zamanda cavabdehin maddi imkanının aşağı olmasını, yüksək gəlirə malik olmamasını, həmçinin birgə nikahdan doğulmuş uşağın xəstəliyinin forma və xarakterini, bu kimi xəstəlikdə daimi müalicə və müayinəyə ehtiyacını nəzərə alaraq hesab edir ki, iddia tələbi əlavə xərclər hissəsində qismən təmin edilməli, cavabdehdən hər ay uşağın müalicəsi ilə bağlı əlavə xərclərə görə 100 (bir yüz) manat tutularaq İddiaçı ödənilməlidir.
32. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
33. Beləliklə məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2019cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3972/2021 saylı, 16 may 2021-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment, habelə hər ay uşağın müalicəsi ilə bağlı əlavə xərclərə görə 100 (bir yüz) manat tutularaq İddiaçı verilməli, aliment məbləğləri isə bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır.
34. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
35. Məhkəmə mülki mübahisələr üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq, belə qənaətə gəlir ki, ödənilmiş mediasiya xərcinin yarısı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
36. Həmçinin, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
37. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
38. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.
39. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur.
40. Məhkəmə qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddianın qiyməti 1000 manatdan çox olduğundan, cavabdehdən 58,4 (əllli səkkiz manat, qırx qəpik) manat məbləğində dövlət rüsumu tutulmaqla Dövlət Büdcəsinə ödənilməlidir.
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
43. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
44. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3972/2021 saylı, 16 may 2021-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment, habelə hər ay uşağın müalicəsi ilə bağlı əlavə xərclərə görə 100 (bir yüz) manat tutularaq İddiaçı verilsin. Cavabdeh ödənilmiş 50 (əlli) manat mediasiya xərcinin yarısı, 25 (iyirmi beş) manat alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 58,4 (əlli səkkiz manat, qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Miqdarı dəyişdirilmiş alimentlərin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Şəbnəm Həxiyeva