Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2158/2022 25.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı, Cavabdeh «Azəriqaz» İB-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh «Azəriqaz» İB-yə qarşı əsassız borcun silinməsi tələbinə dair mülki işə 25 aprel 2022-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh «Azəriqaz» İB-yə qarşı əsassız borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «Azəriqaz» İB tərəfindən sayğaca dəymiş zərərə görə 432 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, «X3 tərəfindən köhnə G-4 markalı sayğac yeni sayğacla əvəz olunmuşdur. Əvvəlki məişət qaz sayğacı dövlət yoxlanılmasına göndərilmişdir. Cavabdeh tərəfindən 24.12.2021-ci il tarixdə ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib olunmuş və həmin aktda qeyd olunmuşdur ki, sayğaca baxış keçirilmiş, sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Həmin akta əsasən dəymiş zərərə görə 432 manat borc hesablanmışdır. Məhkəmənin nəzərinə çatdırır ki, həmin mənzili 2015-ci il tarixində rəsmi alqı-satqı müqaviləsi əsasında almışdır. 07.05.2015-ci ildən də mənzil üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Hazırda cavabdeh tərəfindən akt əsasında ona hesablanmış borcla razı olmadığına görə həmin borcun silinməsi ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətindədir. Sayğac yaşadığı mənzilin daxilində deyil, binanın blokunda yerləşir. Həmçinin sayğac çıxarılan zaman X5 əməkdaşları tərəfindən ona müdaxilə olunması aşkar edilməmiş, sayğaca müdaxilə olunması sonradan Azəriqaz İB-nin aktı ilə müəyyən edilmiş və həmin akt əsasında da dəymiş ziyan hesablanmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, sayğac ondan əvvəlki ev sahibinin adınadır. Həmin sayğacı öz adına keçirmək üçün bir dəfə Qaz İdarəsinə müraciət etmişdir. Dekabr ayında xəstə olduğu vaxt onun xəbəri olmadan sayğacı cavabdehin əməkdaşları çıxardıb aparmış və bu barədə akt tərtib etmişdirlər. Qeyd edir ki, sayğac blokda yerləşir. Qeyd etdiklərinə əsasən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək bildirdi ki, iddia tələbi tamamilə əsassızdır. Belə ki, «Azəriqaz» İB-nin əməkdaşları tərəfindən iddiaçının istifadəsində olan mənzilə baxış keçirilmişdir. Vizual baxış zamanı sayğaca müdaxilə edildiyi aşkar olunmuşdır. Buna görə də «Azəriqaz» İB tərəfindən 24.12.2021-ci il tarixdə ******* saylı akt tərtib edilmişdir. Həmçinin sayğaca olan müdaxilə Dövlət Laboratoriyasının rəyi ilə də öz təsdiqini tapır. Bu baxımdan hesab edir ki, akt tam qanuni və əsaslıdır. Göstərilənlərə əsasən nümayəndə iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 (yeni qaydalarla: AZ5008, Sumqayıt şəhəri, Çerkassi küçəsi, 223, m2) İddiaçı adına Daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 07.05.2015-ci il tarixdə qeydə alınmışdır. İşdə olan dəymiş ziyanın bərpasına dair 24.12.2021-ci il tarixli tələbnamədən görünür ki, ünvan 1 ünvanında qaz işlədicilərinin günlük iş rejimi nəzərə alınmaqla itirilmiş qazın həcmi 4320 m3 (432) müəyyən edilmişdir. İşdə olan 24.12.2021-ci il tarixli, ******* nömrəli Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda ünvan 1 G-4 markalı qaz sayğacının F151 rejimində olduğu, elektron yaddaş proqramının nasaz olduğu, klapanın bağlı olduğu, LCD ekranda elektron göstərici bölməsində 10735 m3(728.012 m3) toplam kredit bölməsində 999999, qalıq kredit bölməsində-999999 və tarix bölməsində 15.02.05 əks olunduğu, sayğacın hesablama mexanizminin üzərində qoruyucu ekranın deşildiyi qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası, Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş 22.12.2021-ci il tarixli, MSK-29/1710-04693-1 nömrəli qaz sayğacının yoxlanılması barədə aktla “Azəriqaz” İB-nin SOCAR**********30991710x04693 saylı, 16.11.2021-ci il tarixli məktubuna əsasən 19.11.2021-ci il tarixində Sumqayıt QİSdən Dövlət Yoxlamasına gətirilmiş və iddiaçıya məxsus qaz sayğacı Dövlət yoxlaması nəticəsində yararsız hesab edilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na (bundan sonra – Qaydalar) müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq abonent istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan «Azəriqaz» İB daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərərin əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Belə ki, istehlakçı qaz sayğacının zədələnməsinə görə o vaxt məsuliyyət daşıyır ki, qaz paylayıcısı bu zədənin istehlakçının təqsiri üzündən baş verdiyini sübut etsin. Lakin cavabdeh sayğaca iddiaçı tərəfindən kənar müdaxilə edildiyini və bu səbəbdən cavabdehə zərər vurulduğunu əsas gətirsə də, məhkəməyə bunu təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Yaranmış vəziyyətdə fiziki şəxs olan iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına iddiaçı tərəfindən qanunsuz müdaxilə edildiyini və bunun nəticəsində sayğacın yararsız vəziyyətə düşdüyünü sübut etmək yükü cavabdehin üzərində olmuşdur. Lakin cavabdehin nümayəndəsi bununla bağlı mötəbər sübutlar təqdim etməmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanına əsassız olaraq hesablanmış 432 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. ünvan 1 ünvanına (abonent kodu **********10540) hesablanmış 432 (dörd yüz otuz iki) manat məbləğində borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-2158/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2158/2022
25.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver